Ukrayna Avropa İttifaqından daha 1 milyard avro alıb

Ukrayna Avropa İttifaqından daha 1 milyard avro maliyyə vəsaiti əldə edib. Bu vəsait G7 ölkələrinin “Ukrayna üçün fövqəladə gəlirlərin sürətləndirilməsi” (ERA) təşəbbüsü çərçivəsində Aİ-nin ayırdığı paya daxildir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Yuliya Sviridenko “Telegram” səhifəsində yazıb.

“Bu tranş Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına maliyyələşdirilib”, – deyə o bildirib.

“ERA Loans” proqramı çərçivəsində Ukraynaya dondurulmuş Rusiya aktivlərindən gələcəkdə əldə olunacaq gəlirlər hesabına 50 milyard ABŞ dolları ayrılması nəzərdə tutulur. Avropa İttifaqı isə 18,1 milyard avro (20 milyard ABŞ dolları) ayıracaq.

Ümumilikdə, ERA təşəbbüsü çərçivəsində Aİ artıq Ukraynaya 8 milyard avro təqdim edib.

Ukraynanın Maliyyə Nazirliyi Aİ-nin qalan vəsaiti 2025-ci ilin sonuna qədər mərhələli şəkildə verəcəyini gözləyir.

2022-ci ildə Rusiya işğalının başlanmasından bəri Avropa İttifaqının Ukraynaya göstərdiyi ümumi yardımın məbləği 170 milyard avroya çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə