MTK-dan ev aldıqda nələrə fikir verməlidir? - EKSPERT AÇIQLADI

Son zamanlarda Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən inşa olunan çoxmənzilli binalar bir çox ailənin ilk seçimləri arasında yer alır. Lakin ev alışı təkcə rahatlıq və estetik görünüşlə məhdudlaşmır. Bu proses həm hüquqi, həm də texniki baxımdan ciddi məsuliyyət tələb edir. İnsanlar MTK-dan ev aldıqda nələrə fikir verməlidir? Həm evin keyfiyyəti, həm də sənədlərin qanuni olub-olmamağı ilə bağlı hansı nüanslara diqqət edilməlidir?

Məsələ ilə bağlı əmlak üzrə ekspert Anar Nəsirov SİA-ya açıqlamasında bildirib ki, mənzilə baxış keçirilərkən diqqət yetirilməli olan ən vacib məqamlardan biri onun faktiki və sənəddə göstərilən sahəsinin uyğunluğudur: “Alıcılar mənzilin kvadrat metr göstəricilərinin dəqiq olub-olmamasını öncədən araşdırmalıdırlar. Bu xüsusda, Mənzil Tikinti Kooperativi (MTK) tərəfindən təqdim olunan məlumatlara tam şəkildə bələd olmaq vacibdir. Satış üzrə mütəxəssislərdən konkret və yazılı şəkildə ölçülər, plan və texniki pasport barədə ətraflı məlumat almaq məsləhətdir. Çünki bəzi hallarda tüstü bacaları, lift şaxtaları və digər ümumi istifadə sahələri mənzilin ümumi kvadratına daxil edilə bilər ki, bu da alıcı üçün aldadıcı ola bilər.

Bundan əlavə, mənzilin bütün texniki və hüquqi göstəriciləri mütləq şəkildə alqı-satqı müqaviləsində əks olunmalıdır. Müqavilədə mənzilin sahəsi, yerləşdiyi mərtəbə, otaqların sayı, texniki vəziyyəti, kommunal xətlərin çəkilişi və digər mühüm detallar açıq şəkildə yazılmalıdır. Təəssüf ki, bir çox hallarda alıcılar müqaviləni oxumadan, yalnız sözlü vədlərə əsaslanaraq imzalayırlar ki, bu da gələcəkdə ciddi hüquqi problemlərə yol aça bilər.

Müqavilədə aparılan danışıqların bütün məqamlarının qeyd olunması xüsusilə vacibdir. Satış zamanı alıcıya verilən hər hansı güzəştlər, əlavə təminatlar və ya öhdəliklər də hüquqi sənəddə öz əksini tapmalıdır. Əgər bu məsələlər müqaviləyə daxil edilməzsə, sonradan alıcının hüquqlarını qorumaq çətinləşir.

Alqı-satqı prosesi rəsmi qaydada, yalnız MTK-nın satış ofisində həyata keçirilməlidir. Şəxsi tanışlıq və ya qeyri-rəsmi vasitəçilər vasitəsilə aparılan danışıqlar riskli ola bilər. Heç bir halda "güvən məsələsi" əsas gətirilərək sənədlərə etinasız yanaşmaq olmaz. Alıcılar yalnız hüquqi baxımdan tam təminatlı addımlar atmalıdırlar.

Əgər mənzil birbaşa MTK-dan deyil, fiziki şəxsdən alınırsa, bu zaman da ciddi diqqət göstərilməlidir. Belə hallarda mənzilin hazırkı sahibinin və onun həyat yoldaşının notariat qaydada mənzildən imtina etməsi və bu barədə MTK-ya rəsmi müraciət olunması vacibdir. Əks təqdirdə, satışın hüquqi etibarlılığı sual altına düşə bilər və gələcəkdə bu, mülkiyyət hüququnun mübahisələndirilməsinə səbəb ola bilər. Nəticə etibarilə, mənzil alışı zamanı ehtiyatlı olmaq, hər addımı hüquqi cəhətdən təminatlı şəkildə atmaq və bütün sənədləri diqqətlə oxuyaraq, yalnız əminlik yarandıqdan sonra imzalamaq alıcının maraqlarını qoruyan əsas vasitələrdir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə