Münxendən Laçına və Zəngəzura - ANALİTİK

Münxendən Laçına və Zəngəzura - ANALİTİK

Əliyev, Blinken və Paşinyanın görüşündə sərhəddə nəzarət-buraxılış məntəqələri barədə müzakirələr

Azərbaycan Prezidenti İlham Əliyev Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanla birgə görüşdən sonra televiziya kanallarına verdiyi müsahibədə deyib: “Biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürdüm. Ermənistan tərəfindən cavab gözləyəcəyik”. Bəli, günümüzün reallığı budur ki, ermənilər Laçın rayonunun inzibati ərazisindən keçməklə Qarabağa gedirlər. Həm də bu yolun sanki Ermənistana, yaxud Qarabağdakı separatçılara peşkəş verildiyini düşünürlər. Yolun “təhlükəsizlik zolağı”nın 2,5 kilometr radiysda olduğunu nəzərə alsaq bunun yoldan, yaxud “dəhliz”dən daha böyük statusa malik olduğunu görərik. Əslində, söhbət böyük bir əraziyə nəzarətdən gedir, həm də Azərbaycanın suveren ərazilərindən.

Azərbaycan üçtərəfli Bəyanatın imzalamasından keçən iki il yarım müddətdə hələ də dözümlülük nümayiş etdirir. Hər sözünü tutan, imza atdığı hər sənədə hörmətlə yanaşan Azərbaycanın bu məsələyə də yanaşmasında başqa çalarlar axtarmağa dəyməz. Qarşıda bizi iki ildən bir az müddət gözləyir. Görək, bu müddət başa çatandan sonra tərəflərdən ikisi – Ermənistan və Rusiya yenə hansı bəhanələr uyduracaqlar? Ki Qarabağda bir az da qala bilsinlər. Amma “başına gələn, başmaqçı olar” deyib atalar. Azərbaycan üçtərəfli bəyanatda göstərildiyi kimi Rusiya sülhməramlılarının Qarabağdakı 5 illik missiyasına ona görə razılıq verməyib ki, inteqrasiya, iki xalqın birgəyaşayışını təmin etmək, Azərbaycan qanunlarına tabe olmağın yollarını ermənilərə anlatmaq əvəzinə suveren ərazilərimizdə hələ də silahı yerə qoymayan ermənilərin fitnə dolu oyunlarına tamaşa edək. Müharibədən sonra törətdikləri cinayətlərin məsuliyyətindən yayınmaq üçün Qarabağdan qaçan ermənilərin geri qaytarılmasını təşkil edən və gəldikləri gundən yalnız Rusiyanın maraqlarını qoruyan “sülh məramlılar”ın nə etdikləri ortadadır. İki ildən sonra vaxt başa çatır, “sülhməramlıların Qarabağda qalacağı böyük sual altındadır” ifadəsini də işlətmək mümkün deyil, çünki bu, olmayacaq. Bəs onda nə baş verəcək?

Azərbaycan tərəfi Bəyanatın müvafiq bəndinə uyğun olaraq Ermənistanla Qarabağdakı ermənilərin təmasını təmin etmək üçün Laçın yolundan istifadəyə razılıq verib. Eyni zamanda, Rusiya sülhməramlıları təmas xətti və Laçın yolu boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət olmaqla yerləşdirilir. Həmçinin xüsusi vurğulanır ki, sülhməramlı kontingent erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Halbuki, üstündən iki il yarım keçməsinə baxmayaraq nə erməni silahlıları Azərbaycanın suveren ərazisi sayılan və bütün dünya ölkələri tərəfindən tanınan sərhədlərimiz daxilində olan Qarabağ rayonundan çıxarılıb, nə də sülhməramlılar bəyanatın şərtlərinə uyğun olaraq onları tərksilah etmək istəmirlər.

Başqa bir məsələ, “tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur”, bəndi vaxtından əvvəl, həm də Azərbaycan tərəfinin təkbaşına gördüyü işlər sayəsində yerinə yetirilib. Artıq sülhməramlılar yeni yol boyunca patrul xidməti aparırlar.

“Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”, adlı 7-ci bənddən isə əsər-əlamət yoxdur. BMT həmişə olduğu kimi üzərinə düşən vəzifəni yerinə yetirmək istəmir. Halbuki on minlərlə Azərbaycan vətəndaşı 30 ildən artıq müddət ərzində ermənilər tərəfindən pozulmuş hüquqlarının bərpa ediləcəyi günü gözləyirlər.
Gələk əsas məsələyə. Ermənistan və “sağdış”-“soldış” dostları 44 günlük müharibən ötən müddət ərzində bəyanatın bəndlərinin yerinə yetirilməsinə kənardan da olsa nəzarət etmədikləri halda ekoaktivistlərin Laçın yolunda keçirdikləri etiraz aksiyalarını bəhanə gətirərək Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Həm də bu kiçik aksiyanı elə bir şəkildə təbliğ edirlər ki, sanki bu aksiya olmasa idi bütün problemlərə son qoyulacaqmış. Əlbəttə, bütün bunlar bir bəhanədir, Azərbaycana təzyiq üçün tuta biləcəkləri yeganə əlyeridir. Bəyanatın bəndində isə yazılıb: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.

Amma nə baş verir? Laçın yolu ilə Ermənistandan Qarabağa və geriyə istədikləri yükü daşıdıqları halda Azərbaycanın istəkləri nəzərə alınmır. Azərbaycan heç bir xarici yardım olmadan Ermənistan silahlı qüvvələri, daha doğrusu bütün ermənilər tərəfindən dağıdılan, viran qoyulan ərazilərimizdə yenidənqurma işlərini davam etdirir. Dağıdılan nəqliyyat infrastrukturu, qaz, su xətləri, yaşayış binaları inşa edilir. Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlərin tam olaraq bu ilin sonuna qədər yekunlaşacağı barədə proqnozlar var. Dəmir yolu və avtomobil yolları Ermənistanla sərhədə qədər artıq tikilib. Ermənistanda isə bir metr yol, bir qarış dəmiryolu, nə də bir kommunikasiya xətti inşa edilməyib. Nəzərə alsaq ki, müharibənin bitməsindən 28 aya yaxın vaxt keçib və bu müddət ərzində çox işlər görülə bilərdi, amma İrəvan bunda maraqlı olmadığını nümayiş etdirir. Belə olan halda Azərbaycan niyə məlum Bəyanatın bəndlərini son nöqtəsinə kimi yerinə yetirməlidir?
Azərbaycan sivil ölkədir, öz sərhədləri daxilində baş verən hadisələrin idarəçiliyi də, cavabdehliyi də onun suveren haqqı olaraq öz əlindədir. Beynəlxalq münasibətlər sistemində mövcud prinsiplərə uyğun olaraq ölkə sərhədlərinə nəzarət edir və kimin, yaxud hansı malın keçəcəyini də özü müəyyənləşdirir.

Bu mövqedən çıxış edərək onu demək istəyirik ki, Qarabağ Azərbaycan ərazisi olduğu üçün bu torpaqlara sərhədlərimizdən keçərək gələn, yaxud gətirilən və buradan gedən, yaxud aparılan nə varsa hər biri qanunlarımızın imkan verdiyi çərçivədə həyata keçirilməlidir və keçirilir. Bəyanatın bəndinə uyğun olaraq bu işi müəyyən vaxt ərzində Azərbaycan yox, Rusiya sülhməramlıları həyata keçirirlər. Amma bu o demək deyil ki, müvəqqəti tapşırılmış vəzifədən sülhməramlılar sui-istifadə etməlidirlər. 30 illik işğal və 44 günlük müharibədən ötən 28 ay ərzində Azərbaycanın təbii sərvətləri vəhşicəsinə talanıb. İsveçrə, kanada, Rusiya, İran, Yunanıstan, Ermənistan şirkətləri qanunsuz olaraq mədənlərdən qızıl, mis, molibden və müxtəlif növ qiymətli filizləri daşıyıb aparmaqla ölkəmizə milyardlarla dollar ziyan vurublar. Eroaktivistlərin, cəmiyyət institutlarının keçirdikləri etiraz aksiyasının məqsədi də bu talana, oğurluğa, qanunsuz istismara son qoymaqdır. Bizim erməniləri Qarabağa buraxmamaq kimi iddiamız hələlik yoxdur. Aksiya başlanan gündən indiyədək 3 minə yaxın yük maşınının hər iki istiqamətə hərəkət etdiyini nəzərə alsaq niyyətimizin ortada olduğunu anlamaq bir o qədər də çətin olmaz. Amma təbii sərvətlərinin talanmasına son qoyulması tələbi ilə Laçın yolunda aksiya keçirənlərə müxtəlif ad qoymaqla Ermənistan və onun tərəfdaşları, əslində, erməniləri yox, öz qazanclarını düşünürlər.

Rusiya Elmlər Akademiyasının Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin Münxendə Nikol Paşinyan və İlham Əliyev arasında keçirilən görüşün nəticələri barədə danışarkən bildirib ki, tərəflər sadəcə olaraq Amerika tərəfinin vasitəçiliyi ilə hazırkı mövqelərini açıqladılar və bəzi yeni məqamlar ortaya çıxdı. O izah edib ki, Bakı Ermənistandan sülh müqaviləsi ilə bağlı təkliflər aldığını təsdiqləyib və Azərbaycan liderinin şərhi irəliləyişin müşahidə olunduğu, lakin Bakının fikrincə bunun qənaətbəxş olmadığı bəlli olub. Bu, çox güman ki, danışıqlar prosesini yenidən başlamaq və mövqeləri yeniləmək cəhdidir. Bu, davam etdiriləcək danışıqlar prosesinin aralıq mərhələsi idi.

Ekspert qeyd edib ki, sülh müqaviləsi ilə bağlı müəyyən irəliləyiş var. “İlham Əliyev az da olsa onu irəli atılmış addım kimi qiymətləndirir. Söhbət İrəvanın Bakıya göndərilmiş yeni mövqelərindən gedir. “Azərbaycanın Zəngəzur dəhlizində və Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yerləşdirmək təklifinin Bakının Zəngəzur dəhlizinin ekstraterritoriallığı tələbindən imtina etməsi deməkdirmi” sualını cavablandıran Pritçin qeyd edib ki, burada Azərbaycanın mövqeyində ciddi dəyişiklik yoxdur”.

Pritçinin izah etdiyi kimi, 9 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyanatında ekstraterritoriallıq “sərt bağlanıb”. “Bu, Azərbaycanın şərti olaraq nəzarət etdiyi ərazi deyil, tranzit təhlükəsizliyinin Ermənistanın cənub sərhədində yerləşdirilən Rusiya sərhədçiləri tərəfindən təmin ediləcəyi ərazi olmasından ibarət idi”. Onun fikrincə, təklif, sadəcə olaraq, Azərbaycanın Zəngəzur dəhlizi ilə Laçın dəhlizi arasında ekvivalent paralellər yaratmaq cəhdidir. Ekspert xatırladıb ki, Bakı uzun müddətdir ki, “mütləq güzgü dəhlizləri” mövqeyini irəli sürür.
ABŞ-ın görüşdə iştirakına gəlincə, Pritçin Amerika tərəfinin vasitəçi rolunu şişirtməməyə çağırıb: “Bu, Qərb ölkələrinin münaqişənin həllinə vahid yanaşma cəhdidir, lakin eyni zamanda biz görürük ki, Azərbaycan lideri Avropa platformasını da rədd etmir. O, üç platformadan danışır - Amerika, Avropa və Rusiya. Amma avropalı müşahidəçilərin yerləşdirilməsi ilə əlaqədar olaraq prioritet hesab edilmir”.

Amerikanın danışıqlar platformasına gəlincə, Pritçin qeyd edib ki, Qərb ölkələri ilə qarşılıqlı fəaliyyət baxımından bu, Ermənistan və Azərbaycan üçün mühüm sahədir. “Amma regional proseslər nöqteyi-nəzərindən, təbii ki, Rusiya ilə qarşılıqlı əlaqənin davam etdirilməsi vacibdir, çünki burada rus sülhməramlıları yerləşdirilib və Rusiya bir çox cəhətdən Ermənistanın təhlükəsizliyinin təminatçısıdır”. Pritçin vurğulayıb ki, Rusiyanı danışıqlar prosesindən tamamilə kənarlaşdırmaq mümkün olmayacaq, çünki onun sözlərinə görə, o zaman regionda Rusiya sülhməramlılarının olmasını tənzimləyən üçtərəfli bəyanatı və bu sənədə hər hansı dəyişikliyi dəyişmək lazım gələcək. üçtərəfli danışıqların aparılmasını və ya Rusiya sülhməramlılarının tam denonsasiyasını və çıxarılmasını tələb edir ki, bu da münaqişənin həllinin hazırkı mərhələsində tərəflərin maraqlarına uyğun deyil.

Azərbaycan Ermənistandan keçəcək Zəngəzur dəhlizinin bir hissəsi kimi Laçın yolunda gömrük məntəqələri yaratmaq iddiasındadır. Sadəcə, bunun zamana ehtiyacı var. İrəvan isə Laçın yolundan başqa Ermənistandan keçəcək bütün yollarda gömrük keçid məntəqəsinin yaradılmasına razılıq verib. Əlbəttə, rəsmi İrəvan özünü ağıllı göstərməyə çalışır. Guya Laçın rayonu hansısa stasusa malikdir və buna Azərbaycan da daxil heç kim müdaxilə edə bilməz. Əgər Ermənistan üçtərəfli bəyanatı nəzərdə tutursa, bu sənədin müvafiq bəndinin ömrü cəmi 5 ildir.

Rusiyalı politoloq Sergey Markedonov ABŞ dövlət katibi Entoni Blinken, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidentinin iştirakı ilə keçirilən üçtərəfli görüşü təhlil edərkən bildirib ki, İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Qarabağ məsələsini “Soyuq Müharibə-2” formatına endirməyə dəyərmi?” sualını verib. “ABŞ son bir neçə ildə Ermənistan-Azərbaycan sülh prosesində daha fəal iştirak edib, bu bir faktdır. Amma ABŞ-ın Avrasiya siyasətini yaxından izləyənlər üçün bu, yenilik deyil. Hətta 2001-ci ilin aprelində, Rusiya-Amerika münasibətləri indikindən qat-qat yaxşı olanda, ABŞ administrasiyası Ki-Uestdə danışıqlara başladı. Vaşinqton üçün Azərbaycanla əməkdaşlıq həm “Avrasiyanın enerji təhlükəsizliyi” kontekstində, həm də “Böyük Yaxın Şərq” konfiqurasiyasının qurulması baxımından mühüm sahədir.

Ekspert qeyd edib ki, Ermənistan “dəyərlər siyasəti” kontekstində mühüm ölkə, eləcə də inadkar Türkiyəyə mümkün təzyiq aləti olub və qalır. Beləliklə, Markedonovun fikrincə, Qafqaz və bütövlükdə Avrasiya ABŞ-ı hətta Rusiyadan kənarda da maraqlandırır. Moskva və Vaşinqton Bakı ilə İrəvanın öz aralarında barışmasına qarşı deyil. Suallar yalnız tempdə, addımların ardıcıllığında və kimin aparıcı vasitəçi rolunu oynaya biləcəyindədir. Dövlətlər bu gün Rusiyanın əhəmiyyətinin həlledici olmadığı Qafqazda belə bir sülhə üstünlük verərdilər. Lakin istənilən halda münaqişənin əsas səbəblərini unutmaq olmaz. Biz görürük ki, həm Rusiya, həm də ABŞ-ın bütün səyləri Bakı və İrəvanın qarşılıqlı faydalı kompromislər tapmaq istəməməsi səbəbindən indiyədək puça çıxıb.

Ekspertin fikrincə, Blinken, Əliyev və Paşinyan arasında danışıqlar bir çox şərhçilər tərəfindən ABŞ və onun müttəfiqlərinin Ermənistan-Azərbaycan nizamlanması prosesində öz dominantlıqlarını bərqərar etmək üçün bir növ tətbiqi kimi qəbul edilib. O əlavə edib ki, belə qənaətə gəlmək üçün kifayət qədər sübutlar var. Rusiya Münxen forumunda iştirak etmir (ard-arda ikinci ildir). Onunla Qərb (ABŞ və Aİ) arasında 2022-ci ildən sonra Qafqaz uğrunda rəqabət kəskin şəkildə güclənib. Blinkenin özü də ümidverici bəyanatlardan yayınmadı. Beləliklə, ABŞ dövlət katibinin fikrincə, Azərbaycan və Ermənistan otuz ildən çox davam edən münaqişədən sonra davamlı sülhün bərqərar olması üçün həqiqətən tarixi imkana malikdir. O, həmçinin Vaşinqtonun Bakı və İrəvanın bu yolda hərəkətlərinə tam dəstək verəcəyini vəd edib.

Beləliklə, Azərbaycan müxtəlif platformalarda aparılan danışıqlarda öz mövqeyini qorumağa qadir olduğunu nümayiş etdirir, Ermənistanın destruktiv əməllərinə baxmayaraq Laçın yolu üzərində nəzarətini və Zəngəzur dəhlizinin inşa edilməsinə çalışır. Təbii ki, sərhədlərimizdə sərhəd və gömrük keçid məntəqələrinin qurulması da görüləcək böyük işlərin yalnız bir hissəsidir.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə