“Azərbaycan gəncləri öz dəstəkləri ilə qardaş ölkənin yanındadır” - SORĞU
Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən dərhal sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən zəlzələdən zərər çəkmiş qardaş Türk xalqına yardım məqsədilə həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi geniş miqyaslı tədbirlərə Azərbaycanın könüllü gəncləri də qoşulublar. Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Naxçıvan Könüllüləri”, “Böyük Qayıdış” könüllüləri və “Ekokönüllülər” təşkilatlarının üzvləri arasından daha təcrübəli və çətin şəraitdə fəaliyyət göstərməyə hazır olan gənclər müəyyən edilərək, ilkin təlimatlandırma keçdikdən sonra türkiyəli həmkarlarına dəstək vermək üçün qardaş ölkəyə yola düşdülər. Ulu Öndər Heydər Əliyevin “bir millət iki dövlət” fəlsəfəsinə əsaslanan İttifaqın bu humanitar fəaliyyəti çərçivəsində Azərbaycan könüllülər öz türkiyəli həmkarları ilə zəlzələnin baş verdiyi bölgələrdə faciədən zərər çəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində iştirak edəcəklər. SİA mövzu ilə bağlı gənclər təşkilatları sədrləri, mətbuat katibləri və nümayəndələri arasında sorğu keçirib.
NAYORA-nın sədri Azər Əliyev: "Fevralın 6-da qardaş ölkə Türkiyədə baş vermiş dağıdıcı zəlzələ hər birimizi dərindən sarsıtdı. Zəlzələnin ilk günündən etibarən qardaşlığımızın sözdə deyil, əməldə də olduğunun ən bariz nümunəsi Prezident İlham Əliyevin Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla əlaqə saxlayaraq Azərbaycanın əməliyyat-axtarış və humanitar yardım sahəsində lazımi dəstəyi verəcəyini nəzərə çatdırıb və bu istiqamətdə operativ addımların atılması oldu. Həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu Türkiyəyə yardım kampaniyasında fəal iştirak etməkdədir.
Mən bunu əminliklə deyə bilərəm ki, hal-hazırda bir yumruq olaraq bütün Azərbaycan xalqı, böyükdən - kiçiyə yaşından asılı olmayaraq Türkiyənin yanındadır. Xalqımızın bu dəstəyi Azərbaycan, Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin və əbədiliyinin ən bariz nümunəsidir.
Zəlzələdən artıq 10 gün keçməsinə baxmayaraq bizim 100-dən çox könüllümüz hazırda Kahramanmaraşda humanitar yardım, logistika və digər lazımi məsələlərdə əllərindən gələn yardımı əsirgəmirlər. Hər bir ölkənin inkişafında aparıcı qüvvə olan gənclərimizin bu proseslərdə aktiv iştirak etməsi Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasətinin parlaq nəticələridir. Dövlət başçısı bu sahəyə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşır ki, bu da gəncləri daha da ruhlandırır, onlarda özünəinam hissinin daha da yüksəlməsinə səbəb olur.
Bizə bu gün də çoxsaylı istəklər gəlməkdədir. Gənclərimiz zəng edərək, sosial media hesabları üzərindən bizimlə əlaqəyə keçərək könüllü olaraq Türkiyəyə gedib, yardım əllərini uzatmaq istədiklərini bildirirlər. Və mən ona görə bir qədər əminlikdə qeyd edə bilirəm ki, Azərbaycan gəncliyi yardımsevərdir, hər zaman öz milli-mənəvi dəyərlərinə bağlıdır. Bu hal gələcəyin əmin əllərdə olduğunun bariz nümunəsidir.
Sonda zəlzələ nəticəsində həyatını itirən vətəndaşlara Allahdan rəhmət, yaralananlara isə şəfalar diləyirəm. Başımız sağolsun!".

“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı: “Zəlzələ xəbərini eşidəndə hər kəsin ağlında bir şey var idi: Türk qardaş və bacılarımızın çətin anlarında əlimizdən gələni etməliyik. Bu hadisəyə dövlətimizin və xalqımızın reaksiyası çox böyük oldu. Türkiyəyə ilk yardım cənab Prezidentin tapşırığı ilə məhz Azərbaycandan göndərildi. Daha sonra Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Türkiyəyə ardıcıl humanitar yardımlar göndərildi. Eyni zamanda biz müxtəlif təbəqələrdən olan insanların qardaş ölkəyə humanitar yardım toplaması, yardımların yükləmə-boşaltma və çeşidləməsi üçün bir araya gələrək türk qardaş və bacılarımıza böyük dəstək və həmrəylik göstərməsinin şahidi olduq. Bu sözdə həmrəylik deyil, bu qardaşlarının ağrısını özününkü bilən insanların reaksiyası idi. Məhz buna görə idi ki, zəlzələdən saatlar sonra artıq Azərbaycanda böyük kampaniya başlanmışdı. Regionlarımızda qarlı-şaxtalı havaya baxmadan evindəki əşyaları ilə yardım edən insanlarımızı gördük. Dincəlmədən yardımların toplanmasında iştirak edənləri gördük. Hətta əlindəki son pulunu, əynindəki paltonu belə verənlər var idi. Biz həmçinin korporativ ianələr gördük ki, bu da bizə Türkiyəyə çox ehtiyac duyulan yardımı çatdırmağa kömək etdi. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan xalqı çətin anlarda qardaş ölkənin yanında olmağın vacibliyini dərk edir və ölkəmizdə səxavət və mərhəmətin sərhəd tanımadığını nümayiş etdirir.
Hər bir məsələdə olduğu kimi, Türkiyənin bu çətin günlərində dəstək olmaq üçün səfərbər olan Azərbaycan xalqının öndə gedənləri yenə də məhz gənclər idi. Bizim gənclərimiz Azərbaycanda keçirilən yardım kampaniyalarında aktivliyi, mərhəməti, əzmkarlığı, təşkilatçılıq proseslərində iştirakçılığı ilə yanaşı, həm də dövlətimizin dəstəyi ilə könüllü qruplar şəklində zəlzələ baş verən ərazilərə də yollandılar. Bizim gənclərimiz Azərbaycanın hər yerindən başqalarına kömək etmək və dünyada müsbət dəyişiklik etmək ideallarına sahib olan gənclərdən ibarətdir. Hazırda Türkiyədə olan gənc könüllülər zəlzələ qurbanlarına psixoloji dəstək göstərmək, müxtəlif məntəqələrdə qida, geyim, dərman və digər yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir, enerji yükləmə mərkəzində əhaliyə xidmət göstərirlər. Həmçinin, könüllülərimiz yüzlərlə zərərçəkmiş şəxsə səyyar şəkildə çay paylayıb, müxtəlif ərazilərdə yerləşən məhəllələrə yardımlar çatdırıblar.
Eyni zamanda, zəlzələdən zərər çəkmiş sakinlərin yaşayışı üçün əlavə çadırlar quraşdırılaraq istifadəyə verilib. Ötən gün ərzində könüllülərimizin iştirakı ilə uşaq psixoloji reabilitasiya mərkəzi kimi fəaliyyət göstərən üç çadır quraşdırılıb, tibb təhsili olan könüllülərimiz tərəfindən yerli əhaliyə ilkin tibbi yardımın göstərilməsi işi davam etdirilib. Həmçinin uşaqlar üçün əyləncə mərkəzi kimi fəaliyyət göstərəcək əlavə çadır da istifadəyə verilib. Bundan əlavə, şəhərboyu hərəkət edən səyyar uşaq əyləncə məntəqəsində fəaliyyət göstərən könüllü qızlarımız hər gün yüzlərlə uşağa xidmət göstərirlər. Onlar həm də yerli türk gəncləri ilə ünsiyyət qurur və xalqlarımız arasında dostluq və qardaşlıq körpülərini daha da möhkəmləndirirlər. Könüllülərimizin bu təşəbbüsü, dəstəyi türk xalqı tərəfindən də böyük qiymətləndirilir. Onlar əsl dostluğun, qardaşlığın nə qədər səmimi olduğunu bu müdhiş fəlakətin yaralarını sararkən bir daha gördülər. Türkiyə və Azərbaycan xalqları arasında emosional əlaqə və həmrəylik çox güclüdür və belə çətin günlərdə Azərbaycanın, gənclərimizin qardaş ölkənin yanında olması bu bağın sübutudur.
Türkiyə xalqına demək istəyirik ki, siz tək deyilsiniz. Azərbaycan sizinlədir və bu çətin zamanda sizə dəstək olmaq üçün əlimizdən gələni edəcəyik. Ağrınızı və kədərinizi bölüşürük, daha parlaq və daha yaxşı gələcəyə doğru sizinlə işləməyə davam edəcəyik. Dünya ölkələrinə çağırış edərək demək istəyirik ki, sərhədlərindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq ehtiyacı olanlara kömək etmək üçün bir raya gəlməliyik. Biz mərhəmət, əməkdaşlıq və qarşılıqlı hörmət üzərində qurulmuş bir dünyaya doğru çalışmalıyıq. Azərbaycanın Türkiyəyə göstərdiyi yardım və dəstək bu dəyərlərin bariz nümunəsidir və ümid edirik ki, bu proses başqalarını da ruhlandıracaq”.

"Davam" Gənclər Hərəkatının PR və Media məsələləri üzrə katibi Lumu İsrəfilli: "Türkiyədə baş vermiş ağır zəlzələ xəbəri bütün dünyanı, xüsusilə Azərbaycan xalqını hədsiz dərəcədə sarsıtdı. Hər zaman olduğu kimi "Türkiyənin acısı bizim acımızdır" deyərək bu faciənin ilk dəqiqələrindən qardaş ölkənin yanında olduğumuzu təkcə sözlə deyil, əməllərimizlə də göstərdik. İstər Prezident İlham Əliyevin tapşırığına əsasən, dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi, istərsə də Azərbaycan xalqının əlində olan qədəri ilə etdiyi humanitar yardımlar iki dövlət arasında əlaqələrin ən yüksək səviyyədə olmasının bariz göstəricisidir.
Azərbaycan könüllü gənclərinin bu ağır günlərdə zəlzələ qurbanlarına dəstək məqsədilə səfərbər olaraq qardaş ölkəyə yollanması isə bu istiqamətdə atılan təqdirəlayiq addımdır. Hal-hazırda Azərbaycan könüllüləri orada yerli əhaliyə müxtəlif xidmətlər göstərir, Türkiyənin bu acılı günlərində mənəvi olaraq dəstək nümayiş etdirirlər. Bu, bir daha bir millət, iki dövlət arasındakı dostluq, qardaşlıq və həmrəylik nümunəsidir".

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi İctimaiyyətlə əlaqələr üzrə menecer Surayə Rzayeva: "Qardaş ölkə Türkiyədə baş verən sarsıdıcı zəlzələ və onun səbəb olduğu hadisələr, həyatını itirən və yaralı insanların olması hər birimizi dərindən sarsıdır. Azərbaycan xalqının hər bir nümayəndəsi daima bizimlə olan Türkiyənin yanındadır və öz birliyini göstərdiyi dəstəklə nümayiş etdirir. Hadisənin baş verdiyi ilk gündən Ölkə rəhbərliyi tərəfindən edilən yardımlar, axtarış-xilasetmə qrupunun göndərilməsi, xalqımızın, biz gənclərin bu prosesdə fəal iştirakı olduqca vacib addımlardır.
Yaxın zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən keçirilən yardım aksiyalarına fəal gənclər və könüllülər də qoşulublar. Biz gənclər ölkəmizdə keçirilən yardım kampaniyalarına qoşulmaqla yanaşı, həmin yardım paketlərinin hazırlanması, çeşidlənməsi və göndərilməsi işlərinə də könüllü şəkildə dəstək verdik. Həmçinin, 100-dən çox könüllü fəlakət bölgəsinə səfər edərək orada çətinliklərlə üzləşən insanlara dəstək olur, yardımların paylanması işlərinə kömək edir və əhalinin istiqamətləndirilməsində iştirak edirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, müvafiq dövlət qurumları, özəl şirkətlər, müxtəlif təşkilatlar və bütün xalqımız ilk gündən etibarən dəstəyi ilə əsl qardaşlıq nümunəsi göstərir. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi olaraq da həm komandamız, həm də üzvlərimiz təşkil olunan humanitar yardım aksiyalarında fəal şəkildə ilk gündən etibarən iştirak edirik, ehtiyac olduğu müddətcə də dəstəyimizi davam etdirəcəyik.
Bütün bunlar, Azərbaycanda dövlət və xalq arasında milli həmrəyliyin, inamın ifadəsidir. Bir Azərbaycan gənci olaraq fəxr edirəm ki, yaşlı, uşaq fərq etmədən, canla-başla ağır günlərdə soydaşlarımızın çətin günündə onlarlayıq. İnanıram ki, bu çətinliklərin də öhdəsindən birlikdə gələcəyik".

"Davam" Gənclər Hərəkatının üzvü Riad Cəbrayılov: "Cənab Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən Azərbaycandan Türkiyəyə göndərilən 100-dən çox gəncin olduğu ilk könüllü heyətin sıralarında olmaq olduqca qürurverici, həmçinin böyük məsuliyyətdir. Burada olduğumuz müddətdə müxtəlif yerlərdə yerli sakinlərə, zəlzələdən əziyyət çəkmiş insanlara humanitar yardımlarda iştirak edirik. Yemək sıralarında koordinasiya, göndərilən humanitar yardımların paylanması, yük tırlarının doldurulub-boşaldılması və bu kimi bir sıra könüllü dəstəyinin ehtiyac duyulduğu işlərdə gənclər olaraq səylə çalışırıq. Qısa müddət ərzində türk qardaşlarımız bizi həddindən artıq böyük sevgi və istiqanlılıqla qəbul ediblər. Bizim burada olmağımızın onlar üçün nə qədər müsbət təsir bağışladığını məhz onların ifadə etdikləri təəssüratlarından aydın görürük. Bu da bizi buradakı vəzifəmizin icrasına daha ciddi yanaşmağa sövq edir. Allah bir daha türk dünyasına belə çətin anlar yaşatmasın".

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi Regionlarla iş üzrə koordinator Nurlan Abbasov: "Zəngin tarixi və heyrətamiz təbiəti ilə bütün dünyanı özünə cəlb etməyi bacarmış, dünyanın mədəniyyət ocaqlarından biri qardaş Türkiyə əfsuslar olsun ki, böyükmiqyaslı bir təbii fəlakətlə üzləşib. Fevral ayının 6-sı baş verən bu dəhşətli hadisə nəticəsində minlərlə insan həyatını itirmiş, yaralanmış, çətin vəziyyətə düşmüş və şəhərlər ciddi zərər görmüşdür.
Zəlzələdən dərhal sonra qardaş ölkənın dərdini bölüşən, dəstəyi ilə yanında olan Azərbaycan tərəfindən atılan addımlar ölkələrarasında olan qardaşlığın sübutudur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə başladılan yardım kampaniyaları, xalqımızın həcmindən asılı olmayaraq etdiyi yardımlar və biz gənclərin könüllü şəkildə bu proseslərdə dəstəyimizlə rol sahibi olmağımız qürurverici hadisədir, bu bizim qardaşlıq borcumuzdur.
Paytaxt Bakıda təşkil olunan yardım kampaniyaları ilə yanaşı bütün regionlarımızda müvafiq qurumlar, təşkilatlar, vətəndaşlar bu prosesə ürəkdən qoşuldular. Regional Debat Mərkəzlərimizin üzvləri tərəfindən rəsmi dəstək fondlarına ianələr edildi, yardım paketləri hazırlandı və göndərildi. Bu qardaşlığımızın göstəricisidir, çətin vəziyyətdə olan Türk qardaş və bacılarımıza olan dəstəyimiz daima davam edəcək. Qardaş Türkiyə üçün çətinliklərin geridə qalacağı günlər arzulayırıq, birliyimizi qoruyuruq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB