Maraqlara deyil, dəyərlərə əsaslanan Türkiyə-Azərbaycan qardaşlığı - TƏHLİL

Maraqlara deyil, dəyərlərə əsaslanan Türkiyə-Azərbaycan qardaşlığı - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır"

PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN: "Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!"

Qardaş Türkiyədə fevralın 6-da baş verən zəlzələdən 8 gün ötür. Zəlzələnin ilk günündən bu günə kimi, qardaş Türk xalqı kimi, Azərbaycan xalqı da böyük hüzün, kədər içindədir. Çünki Mərkəzi Kahramanmaraş olmaqla, 10 vilayətdə baş verən zəlzələlər nəticəsində minlərlə insan həyatını itirib, on minlərlə insan yaralanıb və dağıntılar altında qalıb və hələ də onların taleləri hələ də məlum deyil.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını bildirdi. Prezident İlham Əliyev Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi. Azərbaycan Prezidenti onu da vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Bu bir daha iki qardaş ölkənin liderlərinin həmrəyliyinin, "bir millət, iki dövlət" olduğunun nümayişi idi. Həmçinin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da sosial mediada paylaşım edərək Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladığını bildirdi. Faciə zamanı həlak olanlara rəhmət diləyən, onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verən, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayan Mehriban xanım Əliyeva “Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”, – deyə qardaş Türkiyəyə dəstəyini ifadə etdi.

Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə baş verən dəhşətli zəlzələ ilə əlaqədar fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olması, başsağlığı verməsi əsl qardaşlıq nümunəsidir. Dövlət başçımızın da söylədiyi kimi, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdiririk və belə də olacaq!
Türkiyənin zəlzələ ilə əlaqədar dördüncü dərəcəli həyəcan elanından sonra beynəlxalq müstəvidə yardım təklifləri gələrkən tbii ki, yenə ilk köməyə gedən qardaş, dost olaq Azərbaycan oldu. Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması üçün bütün tədbirlər görüldü. Dövlət başçısı bildirdi ki, əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik: "Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə".

TÜRKİYƏ-AZƏRBAYCAN ARTIQ BİR YUMRUQDUR, BİR ÜRƏKDİR, BİR CANDIR

Bəli, bu gün dövlətimizin başçısı Türkiyənin Azərbaycandakı səfirliyində olarkən bildirdi ki, biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir.

"Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Ancaq bu, inanılmaz dərəcədə böyük faciədir", - deyən dövlət başçımız söyləyib ki, hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır: "Yenə də deyirəm, həm Türkiyədən, həm Azərbaycandan, həm digər ölkələrdən gələn xilasedicilər çox böyük iş görürlər. Əlbəttə ki, burada əsas yük və mənəvi yük Türkiyə hökumətinin üzərinə düşür. Mənim qardaşım hörmətli Prezident dərhal bütün göstərişləri verdi, bütün nazirləri fəlakət zonalarına göndərmişdir və tam əminəm ki, güclü və qüdrətli Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək. Ondan sonra təbii ki, bərpa işlərinə də biz qoşulmağa hazırıq. Yəni, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir".

RƏCƏB TAYYİB ƏRDOĞAN: "44 günlük müharibədə də, bu gün də Azərbaycanla birgəyik"

Bu gün zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazintep hava limanında Birinci vitse-rezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan Fond əməkdaşları ilə görüşüb.

Baş vermiş faciə ilə əlaqədar Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın başsağlığını çatdıran Fondun nümayəndəsi Elvin Aslanov bu günlərdə bütün Azərbaycan xalqının, ölkənin bütün təşkilatlarının qardaş ölkə üçün zəruri yardımların göstərilməsi naminə səfərbər olduğunu bildirib.

Azərbaycan dövləti və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü bildirən Rəcəb Tayyib Ərdoğan deyib: "İlham qardaşıma, Mehriban bacıma öz adımdan, millətim adımdan çox təşəkkür edirəm!".

Azərbaycanda xalqının zəlzələ qurbanları üçün humanitar yardıma qoşulmasından, göndəriləcək yardımlar barədə məlumatlı olduğunu deyən Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olduğu kimi, indi də belə çətin gündə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirib. “Öz adımdan, ailəm və xalqımız adından minnətdarlıqlarımı çatdırıram. Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!”.

BİR YERDƏYİK, BİRLİYİMİZ SARSILMAZ VƏ ƏBƏDİDİR

Bəli, bu gün Türkiyə və Azərbaycan liderlərinin qardaşlığı, iki dövlət bir yumruq həmrəyliyi birliyi, dar gündə, xoş gündə bir yerdə olması sarsılmaz birliyinin əyani təzahürüdür. Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Bu sərhəd tanımayan qardaşlıq birliyidir. Və bu gün baş verən zəlzələ zamanı Azərbaycan dövləti və xalqı bir daha bütün dünyaya nümayiş etdirdi ki, bu sarsılmaz qardaşlıq birliyi təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələrinin təsdiqidir və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar, onlara öz yerlərini göstərirlər. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur! Çünki Azərbaycan xalqı bu sarsılmaz birliyin qüdrətinə 44 günlük şanlı Vətən müharibəsində gördü və bütün dünya bir daha şahid oldu. Və qələbədən də sonra Türkiyə həmişə olduğu kimi, yenə də haqq işimizi müdafiə edərək Qarabağın azadlığa qovuşdurulmasında Azərbaycana həm mənəvi, həm də siyasi dəstək oldu. Həmin dövrdə nə qədər beynəlxalq təzyiqlərlə qarşılaşsa da, qardaş ölkə bu mövqeyindən bir addım da geri çəkilmədi, daim Azərbaycanın yanında oldu.

Bu gün isə, Türkiyə xalqının bu çətin, ağır günündə Azərbaycan dövləti və xalqı bir yumruq kimi birlik nümayiş etdirərək ilk yardıma yetişən ölkə, qardaşını dar gündə qoymayan Azərbaycan dövləti və xalqı oldu. Və bu gün Türkiyə xalqı böyükdən kiçiyə kimi bir daha Azərbaycan dövlətinin, xalqının sarsılmaz birliyini, qardaşlığını gördü. Başqa cür də ola bilməz, bu, bizim qardaşlıq borcumuzdur. Çünki biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir. Azərbaycan xalqı olaraq hər zaman qardaş Türkiyənin yanındadır və bundan sonra da olacaq. Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır.

Budur qardaş dayağı, budur çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz! Türkiyə dövləti və xalqı bu çətin sınaqdan da şərəflə çıxacaq. Və bu kimi zəlzələlər, dağıntılar Türk xalqını sarsıda bilməz. Dostlarının, qardaşlarının dəstəyi ilə, xalqının birliyi ilə, iqtidarının səyi ilə Türkiyə yenə də ayaqda duracaq!!!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə