YAP Oğuz rayon təşkilatında hesabat yığıncağı keçirilib FOTOLAR

2023-cü il tarixində Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının hesabat yığıncağı keçirilib. Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbiri giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, bu gün Azərbaycan tarixin ən güclü, ən qüdrətli dövrünü yaşayır. Azərbaycan bölgədə və dünyada yeni reallıqlar yaradıb. Vətən müharibəsindən qalib çıxan Azərbaycan 30 illik işğala son qoyaraq, ərazi bütövlüyünü bərpa edib. Bu uğurlarda YAP üzvlərinin də böyük payı var. YAP aparıcı siyasi qüvvə kimi yarandığı ilk gündən bütün qüvvə və bacarığını dövlətə, xalqa xidmətə yönəldərək, Azərbaycanın qazandığı davamlı uğurlara öz layiqli tövhəsini verib. Ümummilli Lider Heydər Əliyevin gələcəyə hesablanmış siyasətinin Prezident İlham Əliyev tərəfindən son 20 ildə uğurla davam etdirilməsi nəticəsində istər ölkəmizin, istərsə də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başlayıb.

Sonra rayon təşkilatının sədri Saleh Məhərrəmov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, YAP Oğuz rayon təşkilatı 2022-ci il ərzində hesabat dövründə öz fəaliyyətini partiyanın VII Qurultayında qəbul edilmiş yeni Nizamnamə və Proqramına, Mərkəzi Aparatın tapşırıq və tövsiyələrinə uyğun fəaliyyət göstərib.

S.Məhərrəmov vurğulayıb ki, YAP Oğuz rayon təşkilatı tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2022-ci ilin ölkəmizdə "Şuşa ili" elan olunması ilə əlaqədar, rayon təşkilatı, eləcə də ərazi partiya təşkilatları müxtəlif səpkili tədbirlər keçirib. Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi rayonda təntənəli şəkildə qeyd olunub.

Rayon təşkilat sədri qeyd edib ki, hazırda 60 ərazi partiya təşkilatını özündə birləşdirən YAP Oğuz rayon təşkilatının 5121 nəfər partiya üzvü vardır. Onlardan 2273 nəfərini qadınlar, 1297 nəfərini isə gənclər təşkil edir. YAP Oğuz rayon təşkilatı istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak ediblər. Partiya rəhbərliyi tərəfindən 2023-cü il üçün rayon təşkilatının qarşısında duran vəzifələri ilə bağlı "İş Planı" barədə yığıncaq iştirakçılarına məlumat verib.

Daha sonra o qeyd edərək bildirib ki, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən 2023-cü il "Heydər Əliyev İli" elan olunmuşdur. Məhz buna görə də, hər birimiz il ərzində "Heydər Əliyev İli"nə uyğun işimizi qurmalıyıq. Bütün ƏPT-nin yerləşdiyi ərazilərdə yubiley tədbirlərinin təşkil olunması tövsiyə olunub. Nəzərə çatdırılıb ki, rayon təşkilatının 2023-cü il üçün iş planı "Heydər Əliyev İli" nəzərə alınaraq tərtib edilmişdir.

Həmçinin qeyd olunub ki, il ərzində Vətən müharibəsi şəhidlərinin anım və doğum günlərində onların məzarları ziyarət olunmuş, şəhid ailələri və qazilərlə görüşlər keçirilib.

Yığıncaqda çıxış edənlərdən YAP Oğuz rayon təşkilatının sədr müavini Mehman Ramazanov, Şəhər 1 saylı ərazi partiya təşkilatının sədri Ramiz Mahmudov, Qumlaq ərazi partiya təşkilatının sədri Qamət Nəbiyev, Oğuz MRX PHŞ ərazi partiya təşkilatının sədri İradə Məmmədova, Şəhər 2 saylı məktəb ərazi partiya təşkilatının sədri Təranə Zəkəriyyəyeva, YAP Təhsil şöbəsi ərazi partiya təşkilatının sədri Günel Abdullayeva, Yaqublu ərazi partiya təşkilatının sədri Akif Əliyev YAP Oğuz rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilməsi haqqında fikirlərini bildirib və 2023-cü ildə işlərin daha operativ qurulması ilə bağlı öz təkliflərini veriblər.

Yığıncaqda 2022-ci ilə dair illik hesabatı, eləcə də 2023-cü ildə görüləcək işlərlə bağlı iş planı təsdiq edilib.

Zümrüd Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə