Macarıstan və Azərbaycan dost ölkələrdir ŞƏRH

Azərbaycan xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verir. Ölkəmizin Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlərlə əməkdaşlığının hazırkı inkişaf səviyyəsi göz önündədir. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dövlətləri, xalqları bir araya gətirərək, əməkdaşlıq körpüsü rolunu daha da möhkəmləndirir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xalqımızın öz təbii resurslarının əsl sahibinə çevrilməsi, Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi, uğurlu enerji diplomatiyası Azərbaycanın qarşısında geniş imkanlar açdı. Dahi şəxsiyyət belə bir çağırışı etdi ki, heç bir dövlət qarşılıqlı təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Əməkdaşlıq əlaqələrinin qurulması prioritet məsələ kimi öndə dayandı. Azərbaycan öncə regional çərçivədə əlaqələrin qurulmasına maraq göstərsə də illər keçdikcə bu əməkdaşlıq beynəlxalq səviyyəyə yüksəldi. Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi 2020-ci ilin sonlarında tam tərkibdə istifadəyə verildi. Dövlət başçısı İlham Əliyevin yanvarın 29-da Macarıstana rəsmi səfəri, səfər çərçivəsində Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla təkbətək, həmçinin geniş tərkibdə görüşləri, iki ölkə arasında əlaqələrin gələcək inkişafında möhkəm hüquqi bazaya çevrilən sənədlərin imzalanması, mətbuata bəyanatlarda səsləndirilən fikirlər Azərbaycanın enerji diplomatiyasının dünəninə, bu gününə və bu fonda gələcəyinə işıq saldı. Prezident İlham Əliyevin Macarıstana sayca dördüncü səfəri də digər səfərləri kimi mühüm məqamlarla yadda qaldı. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək.Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir.Reallıq budur ki, uzun illər ərzində aparılan uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı. Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur. Uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır.Prezidentlərin mətbuata bəyanatında bu mühüm məqam da xüsusi vurğulandı ki, keçən il Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırır. Bunun üçün resurslar, siyasi iradə və tərəfdaşlarla təmaslar da var. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə