Prezident İlham Əliyev: "Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər"
Müstəqil Azərbaycan dövlətinin gəncləri vətənpərvər gənclərdir. Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclər daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasəti yeni mərhələsini yaşayır. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən gənclər siyasəti ən müxtəlif sahələri əhatə etməklə, geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.
Gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olmuşdur. Gənclər dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Qətiyyətlə vurğulaya bilərik ki, Azərbaycan gəncliyi bu gün bütün tələbatlara cavab verən müasir gənclikdir. Gənclər unutmamalıdırlar ki, gənclik ölkənin gələcəyinin qarantı və təminatıdır. Gənclik böyük bir qüvvədir və üzərinə məsuliyyət düşür. Bildiyimiz kimi, indiyə qədər gənclər siyasətinə dair bir sıra dövlət proqramları qəbul olunmuşdur. Bu proqramlar ölkəmizdə gənclər üçün infrastrukturun yaradılmasından başlamış, onların xaricdə təhsilinə, yaradıcı və elmi fəaliyyətlə məşğul olan gənclərlə yanaşı, kütləvi idmanı təbliğ etməklə, sağlam gəncliyin formlaşmasına töhfə verməklə çox geniş spektrı əhatə edir. Dövlət proqramlarının nəticəsi olaraq, yeni-yeni gənc liderlər yetişmiş, yaranmış və onlar bu və ya digər sahədə Azərbaycan dövlətinə, o cümlədən, gəncliyimizin inkişafına bu gün də töhfə verməkdədirlər.
AZƏRBAYCANIN GƏLƏCƏYİ ÜÇÜN YENİ-YENİ MÜTƏXƏSSİSLƏR HAZIRLANIRDI
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-gənclər siyasəti, sovet məkanında yaşadığımız illərə təsadüf edir. Belə ki, Ümummilli Lider Heydər Əliyev ötən əsrin 70-80-ci illərində Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək istiqamətində məqsədyönlü gənclər siyasətini həyata keçirib. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. Azərbaycan gənclərinin birinci forumunda Heydər Əliyev demişdir: "Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm".
1999-cu ilin başlanğıcı da Azərbaycan gəncləri üçün əlamətdar oldu. Mart ayının 2-3-də Azərbaycan gənclərinin ikinci forumu keçirildi. Bu forumda birinci forumdan keçən üç il ərzində görülmüş işlərə yekun vurmaqla yanaşı, müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə düşən böyük vəzifələri müəyyən etdi. Respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclik problemlərinin həllinə yönəltməklə bağlı tövsiyələr irəli sürüldü.
Ulu Öndər Heydər Əliyev Azərbaycanda müstəqillik dövründə gənclər siyasətinə önəm verərək, onların təşkilatlanmasına xüsusi diqqət ayırıb. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi-demokratik dövlət quruculuğu prosesində gənclərin rolunun müstəsnalığı nəzərə alınaraq, vahid gənclər siyasəti hazırlanıb, həyata keçirildi.
VAHİD GƏNCLƏR SİYASƏTİ HAZIRLANIB HƏYATA KEÇİRİLDİ
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra, ölkəmizdə milli-mənəvi dəyərlərimizə münasibətdə yeni mərhələ başlandı. Məlumdur ki, ölkəmizdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi-demokratik dövlət quruculuğu prosesində gənclərin rolunun müstəsnalığı nəzərə alınaraq, vahid gənclər siyasəti hazırlanıb, həyata keçirilib. Ümummilli Lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan edib. Ulu Öndər Heydər Əliyev hər zaman "Gənclər bizim gələcəyimizdir" ifadəsini xüsusi vurğu ilə səsləndirərək, gənc nəsli ictimai-siyasi həyatda fəal iştirak etməyə həvəsləndirərək dövlət siyasətinin həyata keçirilməsində gənclərə xüsusi önəm vermişdi. Azərbaycanda fevral ayının 2-nin Gənclər Günü kimi qeyd edilməsi də Heydər Əliyevin adı ilə bağlıdır. Yüksək intellektual bacarıqlara malik olan və ölkənin ictimai-siyasi həyatında aktiv şəkildə fəaliyyət göstərən gənclər dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman, ordu və digər sahələrdə uğurla çalışaraq, ölkəmizi şərəflə və yüksək səviyyədə təmsil edirlər. Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır. İnformasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə vətəndaşlarımız, xüsusilə, gənclərimiz daha çox maarifləndirilir, onlara daim ayıq-sayıq olmaları, elmli, savadlı gənclik olaraq yetişmələri aşılanır.
Ümummilli Lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk Ümumrespublika Forumunun keçirilməsi, dövlət proqramlarının qəbulu, "Dövlət-gənclər siyasəti haqqında" Fərman və geniş Fəaliyyət Proqramının təsdiq edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Ümummilli Lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürülmüşdir. 1997-ci ildə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərlə böyük qayğısının sübutu idi. Bütün bunlar gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaratmaqla yanaşı, dövlət orqanlarının diqqətinin gəncliyin problemlərinin həllinə yönəldilməsi baxımından da olduqca əhəmiyyətli idi.
Ümummilli Lider Heydər Əliyev, həmçinin, elm və təhsil sahəsində köklü və əsaslı dəyişikliklərin həyata keçirilməsini təmin etdi. Çünki elm və təhsil bilik, savad, müasirlik gənclik üçün gələcəyə açılan geniş qapılar və müstəqilliyin zəmanəti deməkdir. Ulu Öndər bütün fəaliyyəti dövründə, xüsusilə, elm və təhsilin inkişafına xüsusi qayğı göstərib. Bu da, təsadüfi deyildi. Çünki yaxşı bilirdi ki, müasir dövrdə elm və texnika, təhsil olmadan heç bir irəliləyiş əldə etmək mümkün deyil, eyni zamanda, dövlətin savadlı kadr potensialı da, məhz müasir təhsil və keyfiyyətli tədrislə yaradılır. Buna görə də, Azərbaycanın tərəqqisinin yeganə yolunu, məhz xalqın yüksək təhsil almasında, maariflənməsində, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsində görürdü.
Bütün sahələrdə olduğu kimi, Azərbaycan elminin və təhsilin inkişafı istiqamətində Ulu Öndər Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın yeni mərhələsində ölkənin intellektual gələcəyini təmin etməyin yolunu, məhz bu sahələrin inkişafında, onların müasir tələblər səviyyəsinə çatdırılmasında və həmin proseslərdə gənclərin böyük potensialından rasional istifadədə görür.
GƏNCLİYİN POTENSİALINDAN ÖLKƏMİZİN DAYANIQLI İNKİŞAFI ÜÇÜN SƏMƏRƏLİ İSTİFADƏ EDİLDİ
Bu gün Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasətini uğurla davam etdirir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Dövlət başçısının gənclərin xaricdə təhsil almalarına dəstək verən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar açmış oldu. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin ölkədə "Gənclər ili" elan olunması da Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi istiqamətində əhəmiyyətli oldu. Həyata keçirilən tədbirlər, islahatlar, dövlət proqramları əsasında deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin gənclərə qayğısı indi yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nı (2005-2009-cu illər) təsdiq etdi ki, bu da gənclərə dövlət qayğısının artırılmasını təmin etmiş oldu. Həmin sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri öz əksini tapmışdır. Bu istiqamətlər tamamilə xalqımızın milli mənafelərinin inkişafına yönəldilərək gəncləri ideya müəllifi olmağa səsləyirdi. Yəni, hər bir gənc fərdi qaydada özünüidarəçi kimi yetişdirməli, daim təşəbbüskarlıq göstərməlidir. Dövlətimizin başçısı tərəfindən gənclərin rifahına xidmət edən 2005-2009-cu illər ərzində "Azərbaycan gəncliyi Dövlət Proqramı", 2006-2010-cu illər ərzində "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" və s. kimi mühüm proqramlar təsdiq edilib. Bildiyimiz kimi, 2020-ci il Azərbaycan Respublikasında dövlət başçısının Sərəncamı ilə "Könüllülər İli" elan edildi. Bu Sərəncam gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi daşıyırdı.
Azərbaycan gənci fəal, vətənpərvər gənclikdir. 44 günlük Vətən müharibəsində bunun bir daha şahidi olduq. "Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər", - deyə Azərbaycan Prezidenti bildirib. Son illər ölkənin ictimai-siyasi, elmi-mədəni həyatında gənclərin fəal iştirakı, tələbələrin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakı, elmi, intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalır.
Azərbaycanda dövlət gənclər siyasəti bir daha onu göstərir ki, dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına lazımi şərait yaradılıb.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə