Ulu Öndər Heydər Əliyev və Azərbaycan dilinin inkişafı - TƏHLİL
Bu gün adı Azərbaycanın özü qədər əbədi olan müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin mayın 10-da 100-cü ildönümü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ulu öndərin xalq qarşısında misilsiz xidmətlərinə verilən yüksək dəyərdir. Xalqımız ulu öndərimizin 100 ili daha möhtəşəm və böyük təntənə ilə qeyd edir. Ulu Öndərin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda mətin addımlarla irəliləyən, demokratik təsisatların təşəkkül tapdığı müasir ölkədir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilib, müstəqil Azərbaycanın davamlı inkişafı təmin edilib. Məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamış və onu dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirmişdir. Ulu öndərimizin müəyyənləşdirdiyi xarici siyasət nəticəsində ölkəmiz diplomatik müstəvidə Ermənistanı küncə sıxışdırdı və beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü tanınırdı. 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan Qələbənin əsasında məhz ulu öndərimizin əsasını qoyduğu uzaqgörən siyasət dayanır.
Bütün bunlar isə, ulu öndərin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə millət atası Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi vəsiyyətini gerçəkləşdirdi. Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qarabağ müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızın çağdaş tarixinə möhtəşəm zəfər salnaməsini yazdı. Azərbaycan misilsiz Qələbə qazandı. Bu qələbə müstəqil dövlətimizin gücünü, ölkəmizin qüdrətini, xalqımızın döyüş ruhunu, qələbə əzmini dünyaya bir daha təqdim etdi. Və ən əsas odur ki, bütün dünya Azərbaycanın bir dövlət olaraq gücünün bir daha fərqində oldu. Dünya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi, diplomatik hazırlığına, bacarıqlı dövlət rəhbəri, Müzəffər Ali Baş Komandan, yenilməz Sərkərdə olduğuna bir daha əmin oldu, xalqımızın vətənpərvərliyini, milli birliyini gördü. Beynəlxalq aləm ordumuzun rəşadətinə, əsgərlərimizin igidliyinə şahidlik etdi. Biz də özümüzü xoşbəxt hesab edirik ki, Azərbaycan tarixində son yüzilliklərin ən parlaq qələbə tarixinin canlı şahidləri olduq. Gələcək nəsillərin keçmişə boylananda hər zaman böyük qürur hissi ilə xatırlayacağı günlərin canlı şahidlərinə çevrildik. Eyni zamanda, haqq davamızın nəticəsi olan bu qələbə xalqımızı daha da bütövləşdirdi, mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Milli tariximizi nə qədər oxusaq da, gözəl bilsək də, ona hər zaman sadiq qalsaq da, Qarabağsız bu tarix, sanki tam deyildi. Məhz belə bir mənəvi boşluğu Ali Baş Komandanın böyük cəsarəti, qətiyyəti, Müzəffər Ordumuzun böyük ruh yüksəkliyi, döyüş hazırlığı tamamladı. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda, ümummilli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Ölkə başçısının uğurlu rəhbərliyi, hərbi sahədə yeniliklərin tətbiq edilməsi, hərbi texniki bazanın möhkəmləndirilməsi tarixi zəfərin, tarixi Qələbənin qazanılmasında əsas amil oldu.
HEYDƏR ƏLİYEV AZƏRBAYCANI İNKİŞAF VƏ YÜKSƏLİŞ YOLUNA UCALDIB
Ölkəmizə 34 ildən çox rəhbərlik etmiş Azərbaycan Ulu Öndəri Heydər Əliyev nəinki ictimai, siyasi, sosial, eləcə də iqtisadi sahədə kifayət qədər həlledici addımlar atmışdır. Heydər Əliyev Azərbaycan iqtisadiyyatının inkişafında böyük və müstəsna rolu olan əvəzsiz şəxsiyyətdir. Çünki müstəqillik əldə edildikdən sonra fəaliyyət göstərən naşı hakimiyyətlər Azərbaycanı demək olar ki, xarici qüvvələrin ixtiyarına buraxmışdılar. Bu isə ölkəmizin dünya xəritəsindən silinməsi təhlükəsini belə ortaya qoymuşdu. Azərbaycan xalqını və ölkəni isə belə ağır vəziyyətdən yalnız Heydər Əliyev fenomeni çıxarardı və 1993-cü il 15 iyunda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı xilasın ilkin mərhələsi kimi qiymətləndirilməyə başlanıldı. Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin qeyd etdiyi kimi: "Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyllərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu".
Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfatı sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Ən əsası isə bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaradıldı. Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi islahatların mühüm istiqaməti olan özəlləşdirmə prosesi uğurla həyata keçirildi, 1996-cı ildən ümumi daxili məhsul istehsalı ilbəil artmağa başladı, respublikada görülən təxirəsalınmaz tədbirlər nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alındı və beləliklə, 1994-1995-ci illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu. Hazırda həmin tarixi dövrü təhlil etdikdə onu sabitləşmə dövrü kimi səciyyələndirmək olar. Məhz həmin illərdə geriləmənin qarşısı alındı və 1996-cı ildən etibarən dirçəliş dövrü başladı. Bir sıra istehsal sahələrində geriləmənin sürəti azaldılmış, bəzi hallarda isə bu meyl tamamilə dayandırılmış, hasilat sənayesi ilə yanaşı, qeyri-neft sektoru da inkişaf etdirilmişdir. Sənayenin inkişafı ilə yanaşı Heydər Əliyev respublikada kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirirdi. Məhz bu diqqətin nəticəsində respublikada 40-dan çox normativ-hüquqi akt qəbul edilmiş, kənd təsərrüfatı məhsullarının satışında qiymətlər tam sabitləşmiş, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırılmışdır. Ölkəmizin iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək olmuşdur. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən strateji kurs Azərbaycanı zirvələrə doğru gedən ölkələr qrupunda öncül mövqeyə çıxarmışdır. Ölkənin inkişaf səviyyəsində ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş və verməkdə davam edir.
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİNİN İNKİŞAFI
Hər bir xalqın varlığını təsdiq edən ana dili ümummilli liderimiz Heydər Əliyevin fəaliyytində başlıca amil oldu. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Lakin Azərbaycan dilinin yaxın keçmişdə ciddi sınaqlarla üzləşdiyini də unutmaq olmaz. Belə ki, çar Rusiyasının ruslaşdırma siyasətindən sonra 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddətdə dilimizin inkişafına böyük önəm verildi. Daha sonra Azərbaycanın Sovet imperiyasının tərkibində olduğu illərdə isə, dilimizə qarşı hücumların yeni dalğası başlandı. “Sovet xalqı” formalaşdırmaq adı altında müxtəlif xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə yönələn siyasət Azərbaycanda da özünü göstərirdi. Belə ki, ölkədə rəsmi dövlət dili rus dili idi, rəsmi tədbirlərdə bir qayda olaraq rus dilində çıxışlar üstünlük təşkil edirdi. Oxşar vəziyyət özünü radio, televiziya və mətbuatda da göstərirdi. Ölkədə elə bir psixoloji mühit yaradılmışdı ki, hətta bəzən sıravi insanlar arasında da Azərbaycan dilində danışmaq, rus dilini bilməmək qəbahət hesab olunurdu. Lakin Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi. Bunlarla kifayətlənməyən ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı Sovet respublikalarından biri idi. Bir sözlə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Ali məktəblər üçün yazılmış “Müasir Azərbaycan dili” dərsliklərinin Respublika Dövlət mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği məhz bunun nəticəsi idi.
Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı uzaqgörən addımlar atan ümummilli liderin “Millətin milliliyini saxlayan onun dilidir” ifadəsi dərin məna daşıyır. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətə və xalqa yenidən rəhbərlik edən Ümummilli lider ana dili məsələsinə yeni səviyyədə - müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın təcrübəsini verdi. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr Azərbaycan dilinin nüfuzunun artırılmasına təsir etdi, dövlət dilinin müstəqil dövlət üçün nə demək olduğunu əyani şəkildə göstərdi. Həmin müzakirələr sübut etdi ki, yalnız milli ictimai təfəkkür deyil, bilavasitə mütəxəssislər də ana dilinin qeyd-şərtsiz “türk dili” adlandırılmasının əleyhinədir. Hər şeydən əvvəl, ona görə ki, iki müstəqil türk mənşəli dilin hər ikisinin eyni bir adla adlandırılması özünü doğrultmur və təcrübədə onları istər-istəməz ayrı-ayrı adlarla (Azərbaycan türkcəsi - Türkiyə türkcəsi) adlandırmaq lazım gəlir; Azərbaycan ərazisində yaşayan qeyri-türk mənşəli müxtəlif xalqlar, etnoslar “Azərbaycan dili”nin “türk dili” adlandırılmasından hər hansı halda narahat olurlar, bir sıra qüvvələr isə bundan istifadə edərək “xırda millətçilik” hisslərini qızışdırırlar; “Azərbaycan dili” adı artıq neçə on illərdir ki, uğurla işlənir, kifayət qədər böyük işlənmə təcrübəsinə malikdir. 2001-ci ildə üummilli liderimizin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman isə yalnız cari bir sənəd deyil, xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi. Məhz uu öndər Heydər Əliyevin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında, indiyə qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili, sözün həqiqi mənasında, bərqərar edildi. Eləcə də, latın qrafikasına keçid prosesi başa çatdırıldı. 30 sentyabr 2002-ci ildə isə Ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olundu. Bu sənəddə göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ötən illər ərzində isə bu qanun xeyli dərəcədə təkmilləşdirilib.
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN QƏRARI İLƏ 1 AVQUST TARİXİ HƏR İL AZƏRBAYCAN ƏLİFBASI VƏ AZƏRBAYCAN DİLİ GÜNÜ KİMİ QEYD OLUNUR
Yeri gəlmişkən, ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu, Azərbaycan dili tarixində əlamətdar, önəmli hadisədir. Bundan əlavə, qəbul edilən digər Fərman və sərəncamlar əsasında dilimizin inkişafı, ana dilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Ulu öndər müxtəlif ölkələrdəki diaspor nümayəndələrimizlə görüşlərində dəfələrlə vurğulayıb ki, hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. “Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur”, - ifadəsi də böyük öndərimizə məxsusdur.
ULU ÖNDƏRİMİZİN DİL SİYASƏTİ UĞURLA DAVAM ETDİRİLİR
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir. Ümumiyyətlə, Azərbaycan xalqının Ümummilli liderinin siyasəti Azərbaycanda ana dilinin - ümumxalq dilinin tərəqqisi üçün elə bir tarixi şərait yaratdı ki, biz həmin siyasətin uzun illər uğurla davam edəcəyinə tam əminik. Təqdirəlayiq haldır ki, ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, həm də, əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Dövlət başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” Sərəncam oldu. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək deyib: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.
Ölkə başçısı, həmçinin, 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqət çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir”.
Beləliklə, minilliklər boyu formalaşan və bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir. Bu gün müstəqil bir dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır. Məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu sahədə əldə etdiyimizi uğurların əsasını təşkil edir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB