Güclü iqtisadiyyata malik olan Azərbaycan yeni reallıqlar fonunda TƏHLİL
Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasəti qısa müddətdə Azərbaycanı dünya birliyinin sayılıb-seçilən üzvünə, beynəlxalq tədbirlərin, qloballaşan dünyanın problemlərinin çözüldüyü məkana çevirdi. İnkişafın Azərbaycan modeli, multikulturalizm modelimiz dünyanın diqqətini özünə çəkdi, bir çox ölkədə öyrənilməyə başlandı və örnəyə çevrildi. Müasir modern dövlət kimi Azərbaycan kosmik dövlətlər ailəsinə daxil oldu. Prezident İlham Əliyev Ulu Öndərimizin gördüyü möhtəşəm işləri eyni qətiyyət və prinsipiallıqla davam etdirərək Azərbaycanın iqtisadi, siyasi, hərbi qüdrətini, nüfuzunu daim artırır, xalqın güzəranını və rifahını dönmədən yüksəldir. Bu gün isə Azərbaycan öz qüdrətli Liderinin uzaqgörən, qətiyyətli siyasəti ilə regionda yaranmış yeni reallıqlar fonunda daha möhtəşəm gələcəyə doğru inamla addımlayır. Son 19 ildə müasir dövrün qlobal çağırışlarına dəstək verən müstəqil Azərbaycanın yürütdüyü siyasət, ölkəmizin etibarlı və strateji tərəfdaş kimi, nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Müstəqil dövlətimizdə kənd təsərrüfatında, kosmik sənayedə, hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə olunan uğurlar, eləcə də, beynəlxalq səviyyədə qurduğu münasibətlər, davamlı inkişaf əldə olunan nailiyyətlərdir.
MÖVCUD VƏZİYYƏT, HƏDƏFLƏNƏN MƏQSƏDLƏR
Prezidentin müntəzəm olaraq bölgələrə etdiyi səfərlərdə yeni obyektlər açılır, infrastruktur layihələri icra olunur. Elm və təhsilə, səhiyyəyə, hərbiyə, mədəniyyətə, sosial-iqtisadi məsələlərə, bir sözlə bütün sahələrə dövlət başçısının xüsusi diqqəti və qayğısı müşahidə olunur. Prezident İlham Əliyevin dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə müdrik liderə məxsus böyük uzaqgörənliklə yanaşması apardığı siyasətin əsas cəhətlərindən biridir. Azərbaycan Prezidenti təcrübəli siyasətçi kimi ümummilli və qlobal məsələləri böyük peşəkarlıqla həll edir, hadisə və proseslərin axarını əvvəlcədən müəyyənləşdirərək gələcəyin tarixini yaradır, parlaq zəkası, iti mühakimə qabiliyyəti, möhkəm xarakteri və mürəkkəb situasiyalarda düzgün seçim etməsi ilə dünyanın tanınmış dövlət xadimləri içərisində xüsusi yer tutur. Prezident İlham Əliyev xalqımızın həyatında böyük dəyişikliklər yaradan tarixi vəzifələrin həyata keçirilməsi yükünü və məsuliyyətini daşıyaraq milli maraqları ifadə edən siyasət həyata keçirir. Azərbaycan Prezidenti sübut edir ki, liderin malik olduğu nüfuz özündə şəxsi keyfiyyətlərin, siyasi dəyərlərin və prinsiplərin vəhdətini birləşdirir. Dövlət başçısının xalqının hərbi sərkərdəsi olması onun intellektual potensialından və səriştəli idarəetmə bacarığından irəli gəlir.
Ötən on doqquz il, aydın şəkildə göstərdi ki, İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısını yerinə yetirmiş və sosial problemləri həll etmişdir. İqtisadi siyasətin əsasən, sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənərək, cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Aztəminatlı vətəndaşların sosial müdafiəsi, istehsalçı və istehlakçının maraqlarının uzlaşdırılması Cənab İlham Əliyevin prezidentlik dövrünü səciyyələndirən prioritet istiqamətlərdən biri kimi diqqəti çəkir.
44 günlük Vətən müharibəsində qısa bir zamanda uğurlu əməliyyatlar nəticəsində düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olunması bir daha dünyaya Azərbaycanın gücünü, ən əsası da güclü Lideri olduğunu göstərmiş oldu. Tarixi Qələbəmizin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, əhalinin məşğulluq imkanlarını artırmaq və digər məsələləri reallaşdırmaq məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamı böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, dövlət başçısının 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əks olunmuş "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edildi. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Milli Prioritetindən biri kimi müəyyən edilib. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr və s. öz əksini tapıb.Əlbəttə ki, müasir dövrün tələbləri nəzərə alınaraq mütərəqqi beynəlxalq təcrübə, nəzərə alınıb və Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Güclü iqtisadi inkişafa sahib olan Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard, 2022-ci ildə isə 2,2 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb.
QURUCULUQ MEYDANINDA SÖZ VƏ ƏMƏLİN VƏHDƏTİ
Böyük Qayıdışın ilk ünvanı olan Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülüb. İlkin mərhələdə köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. İndi isə digər ərazilərimizə qayıdış olacaq. "Ən tez öz doğma ocaqlarına qayıdan laçınlılar olacaq. Çünki dərhal göstəriş verildi, indi Laçın şəhərində geniş quruculuq-bərpa işləri gedir və indi baxacağıq, bu il biz Laçın şəhərinə ilk laçınlıları nə vaxt qaytaracağıq. Bu il Zabux və Sus kəndlərinə də keçmiş köçkünləri qaytaracağıq. Zabux kəndində hansısa varlı erməni tərəfindən evlər tikilibdir. Mən o evləri müvəqqəti olaraq hərbçilərə vermişəm. Mən dedim ki, bizim vətəndaşlar o evlərdə yaşamayacaq. Onlardan biz kazarma kimi istifadə edirik. Amma zabuxlular üçün Zabux kəndində yeni qəsəbə salınır və bu il biz onları oraya göndərəcəyik"-deyə Prezident müsahibələrinin birində bildirib.
Bildirək ki, Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikildi və çox keçmədi ki, Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verildi. 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolu 2023-cü ildə istifadəyə veriləcək. Beynəlxalq hava limanlarının Füzulidə, eləcə də Zəngilanda istifadəyə verilməsi Azərbaycanın nəhəng quruculuq işlərinin həyata keçirməkdə iqtisadi gücə sahib olduğunu göstərir. Azərbaycan bu gün nəhəng quruculuq meydanında lahiyələri ilə sözü ilə əməlin vəhdət təşkil olunduğunu dünyaya təqdim edir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Azərbaycanda inşa ediləcək 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının təməli qoyulub. İşğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialı on min meqavat təşkil edir. Artıq bir neçə su elektrik stansiyasının açılışı olub. Bu gün bir çox ərazilərimiz kimi, Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndində də bərpa-quruculuq işləri davam etdirilir. İlkin mərhələdə 20 ev müasir tələblərə uyğun qurularaq bir zamanlar doğma yurdlarından didərgin düşən ailələrə təhvil veriləcək. Artıq 20 evin əsaslı təmir-bərpa işləri başa çatıb. Evlərin daxilində kommunikasiya sistemi çəkilib, hər bir ev mətbəx mebeli ilə təchiz edilib. Məişət avadanlıqları sakinlərin köçürülməsindən öncə qurulub, tam hazır və işlək vəziyyətə gətiriləcək. Kənddə inzibati binada, məktəbdə, uşaq bağçasında, xeyir-şər evi və mağazada əsaslı təmir işləri davam edir. Talış kəndində qaz, elektrik, su, rabitə xətlərinin çəkilişi aparılır. Müasir kanalizasiya sistemi inşa olunur. Kəndarası yollar da yenidən qurulur. Yolların işıqlanması günəş panelləri ilə çalışan işıq dayaqları vasitəsilə həyata keçiriləcək.
Günümüzün reallıqları, aparılan böyük quruculuq işləri onu göstərir ki, işğaldan azad olunmuş ərazilərimiz cənnətə çevriləcək.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB