“Fransanın ikiüzlü siyasətinin əsasında nə dayandığı məlum deyil” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Fransanın ikiüzlü siyasətinin əsasında nə dayandığı məlum deyil. Bu barədə Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində geniş yer verildi. Çünki Makrondan əvvəlki Fransa prezidentləri Azərbaycan və Ermənistanla balansı qoruyurdu. Azərbaycan Fransanı özünə dost hesab etmişdi. Hətta şəhərlərimiz dostluq və qardaşlıq haqqında memorandumlar imzalamışdı. Keçmiş prezidentlər Sarkozi, Oland Bakıya səfərlər etmişdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, ölkələrimiz arası münasibətlər yüksək səviyyəyə qalxmışdı: “Amma Makronun prezident seçilməsi Fransanın Azərbaycana qarşı düşmənçilik siyasətinə keçməsinə yol açdı. Əslində, bu düşmənçilik 44 günlük Vətən müharibəsində qazandığımız dönməz qələbədən sonra üzə çıxdı. Makronun ermənilərə bacılıq siyasəti Fransanın Nümayəndələr Palatası və Senatında Azərbaycana qarşı qətnamələri qəbul etməsinə gətirib çıxardı. Hətta müharibə vaxtında və sonrakı dövrdə BMT TŞ-da və Frankofoniya təşkilatında Azərbaycana qarşı qətnamələr qəbul etdirmək Makronun bütün cəhdləri biabırcasına iflasa uğradı. Təbii ki, Fransanın azərfob cəhdləri Azərbaycanı öz mövqeyindən çəkindirə bilməz”.
Deputat sözlərinə belə davam edib: “Bu gün Azərbaycanın kifayət qədər güclü və müasir silahlara yiyələnmiş ordusu var. Hələ ki, yenidən silaha əl atmağımıza ehtiyac yoxdur. 12-14 sentyabrda keçirilən hərbi əməliyyatda Müzəffər ordumuz Dəmir yumruğun yerində olduğunu bir daha nümayiş etdirdi.
Həm də Azərbaycanın ən böyük gücü ölkədəki sarsılmaz həmrəylikdir. Əgər lazım gələrsə, xalqımız Prezidentin yanında birləşərək bütün düşmənlərimizə lazımı cavab verməyə hazırdır. Fransanın azərfob siyasəti isə həm özünə, həm də kiçik bacısına ziyandır. Azərbaycan düz yoldadır və bu yoldan heç kim döndərə bilməz”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB