Azərbaycan öz maraqlarından kimlərinsə təzyiqi ilə geri çəkilən deyil - POLİTOLOQ ŞƏRH ETDİ

“İran – Ermənistan münasibətlərinin təməlində Azərbaycan və Türk düşmənçiliyi dayanır. Məhz elə bu səbəbdəndir ki, Ermənistan öz müstəqilliyini elan etdikdə onu tanıyan ilk ölkələrdən biri İran olub. Erməni xristian icması İranın ən böyük xristian icmasıdır və İranda 40 erməni kilsəsi fəaliyyət göstərir. İran rəsmi olaraq ermənilərə öz dilində təhsil almaq, KİV qurmaq hüququ verib və hal-hazırda İranda çoxlu sayda erməni məktəbləri və erməni dilində nəşr olunan qəzet-jurnallar var”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, İran, Ermənistan ilə əlaqələrinə xüsusi bir əhəmiyyət verməkdədir, çünki bu, Azərbaycan və Türkiyə əməkdaşlığın önünə keçə bilmək üçün əhəmiyyətli bir alternativdir: “İranın Ermənistan arasında münasibətlərin inkişafını şərtləndirən digər mühüm səbəb də dünyada mövcud olan diaspor əlaqələridir. Əslində İran – Ermənistan münasibətlərini İran Ayatullası Əhtari Aram Simonyanla görüşdə bir cümlə ilə tam olaraq ifadə etdi. O bildirdi ki, “Ermənistanla İran bir millət, iki dövlətdir”. Bax budur müsəlman Azərbaycana düşmən kəsilən, məscidlərimizi dağıdan, uşaq, qadın, yaşlı demədən Azərbaycanlıları qətl edən, uzun illər ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistana İranın münasibəti.
İranın erməni terror təşkilatı olan ASALA ilə əlaqələrinə gəldikdə isə bu danılmaz faktdır və bunu qruplaşmanın keşmiş üzvü Martiros Jamkoçyan da bu yaxınlarda verdyi açılqma ilə təsdiqləyib. Jamçokyan ASALA-nın rəhbərlərindən biri olan beynəlxalq terrorçu Monte Melkonyanın Azərbaycan torpaqlarının işğalı zaman İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşdüyünü və həmin şəxslərin Zəngilan, Qubadlı və Horadizə hücum planından tam xəbərdar olmalarını, hətta həmin planları hazırlayanları kifayət ədər yaxşı tanıdıqlarını da deyib.
Başqa sözlə desək İran Xüsusi xidmət orqanları torrorçularla görüşməklə yanaşı, həm də Azərbaycan ərazilərinin işğalına da seyrçi yanaşıblar. Eləcə də Şuşanın işğalı ərəfəsində guya ki, vasitəçilik missiyası ilə çıxış edən İranın Şuşanın işğalında oynadığı rol da unudulmamalıdır. Tehranda Azərbaycan və Ermənistan rəhbərləri arasında atəşkəs sazişinin imzalanmasından altı saat sonra Şuşanın işğal edilməsi və rəsmi Tehranın da bu məsələyə seyrçi mövqeyi əslində İranın iç üzünü görmək üçün kifayət edir. Halbuki İran ən azından öz vasitəçiliyi imzalanmış atəşkəs sazişinin pozulmasına görə Ermənistana təzyiq edər və onlardan hesabat tələb edərdi. Ancaq bunlar baş vermədi.
Birinci Qarabağ savaşında İranlı generalların ermənilərə hərbi təlim keçməsi də bir faktdır və ermənilər bu faktı gizlətmirlər. Eləcə də birinci Qarabağ savaşında erməni ordusunun qida və geyimlə təchiz olunmasında, blokadada olan Ermənistanın ayaqda qalması üçün hər çür dəstək verilməsində, olduqca cüzi qiymətlərlə benzin və qaz təchizatını həyata keçirməsində də İranın olduqca böyük rolu olub. Bu gün də İran eyni mövqe sərgiləyərək Ermənistanı yanacaq məhsulları ilə təmin edir. İrandan Ermənistana verilən və elektrik enerjisi ilə əvəz edilən qazin qiymətinə baxsaq görərik bu rəqəm təqribən 173 dollar civarındadır və bu da o deməkdir ki, İran ermənistana dünyada mövcud olan ən ucuq qiymətə qaz verir. Misal üçün deyim ki, İrandan Türkiyəyə verilən qazın qiyməti 500-550 dollar aralığında dəyişir.
Bundan savayı işğal dövründə İran tərəfindən ərazilərimizdən qaçaqmalçılıq üçün istifadə edildiyi, talan edilən ərazilərimizdən oğurlanan tikinti materiallarının İrana daşındığı, İkinci Qarabağ savaşının ilk günlərində İrandan Güney Azərbaycan marşurutu üzrə Ermənistana hərbi yardım, silah-sursat daşınması da danılmaz faktlardır. Nəticə etibarilə 30 il müddətində təcavüzkar Ermənistana dəstək verən İran bu gün də öz xislətinə sadiq qalmaqdadır. Bu ölkə indi də Qarabağ münaqişəsinin bitməsindən sonra iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün bütün vasitələrə əl atır.
Lakin İranın nə deməsindən asılı olmayaraq bizim mövqeyimiz qətidir. Azərbaycan öz maraqlarından kimlərinsə təzyiqi ilə geri çəkilən deyil. Bu istər Rusiya, İstər Fransa, istərsə də İran olsun fərq etməz. İran da anlamalıdır ki, sərhədlərimizdə təlim keçməklə nəyəsə nail olmaq mümkün deyil. Əgər onlar, “Qüdrətli İran”a “Qardaş yumruğu”nun enməsini istəmirlərsə ağıllarını başlarına yığmalı və baş verənlərdən nəticə çıxarmalıdırlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə