Fransa anti-Azərbaycan məqsədli siyasəti ilə nəyə nail olmağa cəhd edir? SİYASİ RAKURS+ÖZƏL

Makronun regionumuza olan iştahası, əslində, onun siyasi müqəddəratına ciddi əngəllər yaradır

Fransanın anti-Azərbaycan məqsədli siyasəti səngimək bilmir və biz bunu fransız senatın ölkəmiz əleyhinə çıxardığı qətnaməsində də gördük. Lakin maraqlıdır ki, sözügedən qətnamə bu dəfə Fransanın qanunverici orqanının daha yuxarı palatasında da müzakirəyə çıxarılır və bu kimi faktın təməlində dayanan ən əsas maraq yalnız Azərbaycana qarşı siyasi təzyiqlərin artırılması ilə bağlı deyil. Yəni buradakı öndə gedən daha bir maraq Ermənistanın işğalçılıq siyasətinə, Qarabağdakı separatçılığa, ekstremizmə və terrora dəstək, eləcə də sözügedən məşum və bədnam qətnaməyə əsaslanan silahlandırma siyasətini reallaşdırmaqdan ibarətdir.

Azərbaycan əsla və heç vaxt buna izn verməyəcək və gərəkli olan halda bütün müvafiq cavab tədbirlərini görəcək

O da əbəs deyil ki, Fransa Senatının ermənipərəst deputatları bir az da irəliyə gedərək həyasızcasına öz maraqlarını həyata keçirmək məqsədini güdürlər. Belə ki, bütün dünyanın, eləcə də Parsinin özünün qəbul edilmiş beynəlxalq hüquqi sənədlərə əsasən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasına rəğmən fransız senatorlar torpaqlarımızda “humanitar xarakterli” hər hansısa “ofisin” açılmasına və orada fəaliyyət göstərməsinə can atırlar. Söz yox ki, Azərbaycan əsla və heç vaxt buna izn verməyəcək və gərəkli olan halda bütün müvafiq cavab tədbirlərini görəcək və buna da kimsənin şübhəsi olmamalıdır!

Fransanın Cənubi Qafqaza doğru iki hədəfi

Beləliklə, daha bir danılmaz fakt budur ki, Makron administrasiyasının Azərbaycana məlum münasibəti həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, mövcud davranış Fransanın Cənubi Qafqaz regionunda marginal aktorluğunun sübutudur. Ona görə də nəticə hasil etmək olar ki, senatın qəbul etdiyi qətnamə iki hədəfi əks etdirir:

1-ci hədəf: Fransa daxilində mövcud olan erməni diasporu İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallığı ya qəbul etmir, ya da çox çətinliklə qəbul edir;

2-ci hədəf: Makron administrasiyasının əsas marağı erməni diasporunu əldən buraxmamaq və məhz həmin diasporadan istifadə etməklə Cənubi Qafqazdakı kirli maraqlarını təmin etmək.

Lakin sən yaydığını say, gör fələk nə sayır. Artıq o da məlumdur ki, Makron öz ambisiyalarını realizə etmək gücündə deyil. Yaxud, Fransanın siyasəti yalnız erməni diasporuna dəstək göstərməkdən, eləcə də həmin dəstəyin müqabilində özünün dəstək almasından də ibarət deyil.

Makron administrasiyası Cənubi Qafqaza can atır və Ermənistanı həmin məqsədi üçün peşkası qismində istifadə edir

Bu gün Fransada artıq illərdir ki, davam edən, həmçinin artan sosial-iqtisadi problemlər ölkəni ağuşuna alıb. Sarıjiıetlilər etirazçı hərəkatı isə durmadan artmaqdadır. Makron xalqın böyük kəsimi tərəfindən rədd edilir və onun növbəti dəfə ölkəsinə prezident seçilməsi hətta erməni lobbisinin dəstəyi ilə də qeyri-mümkün görünməkdədir.

Bütün bunlarla paralel olaraq Makronun mövcud siyasəti davam edərsə Azərbaycan çox yəqin ki, onun administrasiyasına qarşı daha sərt, daha qətiyyətli və daha effektli reaksiyalar göstərəcək. Bu barədə Türkiyənin nüfuzlu SETA analitik mərkəzi də öz hesabatında ayrıca qeydlər edib.

Beləliklə, Fransa, daha dəqiqi isə Makron administrasiyası Cənubi Qafqaza can atır və Ermənistanı həmin məqsədi üçün peşkası qismində istifadə edir. Və bu maraq Fransa rəhbərliyinin ambisiyalarını daha qabarıq fonda nümayiş etdirsə də artıq onu da göstərir ki, Makronun regionumuza olan iştahası əslində onun siyasi müqəddəratına ciddi əngəllər yaradır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə