“Ermənistanın mina müharibəsi davam edir” - DEPUTAT ŞƏRH ETDİ

“Ermənistanın mina müharibəsi davam edir. Təəssüf ki, qərb dairələri və Rusiya sülhməramlıları bu məsələ ilə bağlı susqunluqlarını davam etdirirlər. Nəticədə regionda sülh və təhlükəsizliklə bağlı təhdid qalmaqdadır. Vətən Müharibəsindən sonra ümumilikdə 267 nəfərin minaya düşməsi ciddi faktdır. Onlardan 119 nəfər mülki şəxs, 148 nəfər isə hərbi qulluqçudur. Mina partlaması nəticəsində 44 nəfər həlak olub və bu hadisə sülh dövründə baş verib. Yəni, faktiki işğal bitsə də, mina qurbanlarının sayı artır. Üstəlik, tapılan minaların 2021-ci ildə Ermənistanda istehsal olunduğu müəyyənləşib. Bu, minaların artıq müharibədən sonra basdırıldığını təsdiqləyir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, belə ki, Ermənistan Gümrüdəki zavodda mina istehsalını davam etdirir: “Məsələ burasındadır ki, Qarabağda ermənilərin yaşadığı ərazidə minalanma halları Rusiya sülhməramlılarının gözü qarşısında baş verir.

Evlərin və həyətyanı sahələrin girişinə quraşdırılan tələ məftili ilə işə düşən, Ermənistan istehsalı olan minaların altına əl qumbarası yerləşdirilməsi faktları aşkar olunub.

Yüksək partlayışın baş verməsi məqsədilə partlayıcı qurğuları birləşdirməklə faciənin miqyasını böyütmək insanlıq əleyhinə düşünülmüş xəyanətkar xislətin göstəricisidir. Bu kimi faktlar Ermənistanın regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı məkrli niyyətinin ifadəsidir.

Tələ minalarının, ölüm ehtimalını artıran mina-sürprizlərin quraşdırılması Ermənistanın dövlət səviyyəsində mina terroru həyata keçirdiyini bir daha sübut edir.
Dəfələrlə beynəlxalq ictimaiyyətin də diqqətinə çatdırıllb ki, azad olunmuş ərazilərə qayıdış, bərpa-quruculuq üçün ən böyük maneə məhz Ermənistanın basdırdığı minalardır. Azərbaycan humanitar minatəmizləmə fəaliyyəti ilə məşğul olur. Məqsəd bu bölgələrə əhalinin qaytarılmasını təmin etməkdir”.

Deputat sözlərinə belə davam edib: “BMT-nin 2030-cu il üzrə Davamlı İnkişaf Gündəliyinin məqsədlərinə nail olunmasında da minatəmizləmə xüsusi yer tutur. Azərbaycan da mina təmizlənməsi sahəsində bütün təkliflərə açıqdır. Sadəcə, beynəlxalq səviyyədə Ermənistana təzyiq olmalıdır.
Çünki məhz postmünaqişə dövründə mina terrorunu davam etdirməklə Ermənistan ən ağır cinayətlər silsiləsini davam etdirir. Xatırlatmaq yerinə düşər ki, işğal dövründə də Ermənistan mülki insanları hədəf alır, hətta azyaşlıları da qətlə yetirməkdən çəkinmirdi.

Bu gün də eyni xislətin şahidiyik. Bu, müharibə cinayətidir və Ermənistan bu cinayətlərə görə ən ağır cəza ilə mühakimə olunmalı, cəzalandırılmalıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə