Tolerantlıq mühiti: dövlət-din konsepsiyası TƏHLİL

Tolerantlıq mühiti: dövlət-din konsepsiyası TƏHLİL

Prezident İlham Əliyev: "Azərbaycan cəmiyyətinin üstünlüklərindən biri onun çoxmədəniyyətli və çoxmillətli olmasıdır"

Müasir dünyada ayrı-seçkiliyin, təcrid olunmanın aradan qaldırılması birgə səylərin zəruriliyini ortaya qoymuş olur. Bu baxımdan, mədəniyyətlərin və dinlərin, müxtəlif baxışların tətbiq edilməsi vacib məsələlərdəndir. Dünyanın müxtəlif regionlarında sabitliyin pozulduğu, ekstremizmin və terrorçuluğun genişlənməsinin təhlükəli hal aldığı zamanda onların qarşısını almaq üçün siyasi yolların axtarılması və bəşəriyyəti irəliyə doğru aparacaq ideyaların təşviqinin gücləndirilməsi zərurəti yaranıb. Dünyanın müxtəlif yerlərində müxtəlif zəmində toqquşmaların baş verdiyi halda, Azərbaycan birgəyaşayışa çağırışlar edir, sülhün və həmrəylinin carçısına çevrilib. Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir. Azərbaycan dünya ölkələri arasında mədəni əlaqələrin gücləndirilməsinə ev sahibliyi edərək, bu əlaqələrin inkişafına yüksək önəm verdiyini ortaya qoymuş olur. "Hesab edirəm ki, Azərbaycan cəmiyyətinin üstünlüklərindən biri onun çoxmədəniyyətli və çoxmillətli olmasıdır. Bu, hər zaman belə olub. Niyə? Ola bilsin, əsas cavab onunla bağlıdır ki, hər kəs dini və etnik mənşəyindən asılı olmayaraq, burada, Azərbaycanda özünü rahat hiss edir. Fikrimcə, bu, bizim həqiqi mənada üstünlüklərimizdən biridir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda bildirib.

"CƏMİYYƏTƏ VERDİYİMİZ MESAJLAR ONDAN İBARƏTDİR Kİ, DİN DÖVLƏTDƏN AYRI OLMALIDIR"

Qeyd edək ki, Azərbaycan mədəniyyətlərarası dialoqun məkanıdır. Bu təşəbbüsün əsası 2008-ci ilin 2-3 dekabrında Bakıda keçirilən Avropa və İslam Ölkələri Mədəniyyət Nazirlərinin Konfransında Prezident İlham Əliyev tərəfindən irəli sürülən "Bakı Prosesi" ilə qoyulub. 2010-cu ildən, «Bakı Prosesi» qlobal hərəkata çevrilməyə başladı. 2010-cu ilin 23 sentyabr tarixində BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edildi.Bu gün Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan ölkəmiz Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən biri olaraq töhfə verir. Xalqımızın çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsi və inkişafında nümunə kimi göstərilir. Ölkəmizdə milli və ümumbəşəri dəyərlərin insan hüquqları və azadlıqlarının, tolerantlıq və dözümlülüyün prioritet məsələ kimi qəbul olunması dövlət siyasətinin əsas prinsipi kimi müəyyənləşdirilib. "Bizim güclü inamımız və ölkənin inkişafı ilə bağlı burada gördüyümüz işlər, eləcə də cəmiyyətə verdiyimiz mesajlar ondan ibarətdir ki, din dövlətdən ayrı olmalıdır. Azərbaycanda biz hamımız müsəlmanıq. Həmçinin xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri var. Lakin din siyasi həyata müdaxilə etməməlidir. Kimsə siyasi İslam barədə danışanda biz başa düşmürük. Bu, Azərbaycanda adi hal deyil. Düşünürəm, bizim bu coğrafiyada müstəqil ölkə kimi üstünlüklərimizdən və nailiyyətlərimizdən biri odur ki, biz, eyni zamanda, bütün vətəndaşlarımızın dini hisslərinə tam hörmət etməklə cəmiyyətimizin dünyəvi mahiyyətini gücləndirməyə nail olmuşuq", - deyə Prezident vurğulayıb.

AZƏRBAYCANDA DİNİ TOLERANTLIĞIN NÜMUNƏSİ

Dünyanın qarışıq dövründə bir məkanda yəhudilik, xristianlıq və islamın, eləcə də müxtəlif inancların qarşılıqlı hörmət şəraitində Azərbaycanda yaşaması ölkəmizə marağı daha da artırıb. Tolerantlıq və multikulturalizm məkanı olan Azərbaycan həm ölkədə, həm də bütün dünyada tolerantlıq və mədəniyyətlərarası dialoq yaratmağı davam etdirməyi qarşıya məqsəd qoyub. Tolerantlıq mühiti dövlət-din konsepsiyasına olaraq uyğun daha da möhkəmlənib, bu sahə də dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir. Xalqımızın milli özəlliyi, səmavi dinlərin tarixən ərazimizdə yayılması, VII əsrdən torpaqlarımızda bərqərar olmuş İslam dininin təlqin etdiyi ideallar Azərbaycanda müxtəlif dini və milli mənsubiyyətə mənsub insanların birgəyaşayışı sahəsindəki uğurlarını artıran məqamlardandır. Bu məkanda bütün tarixi dini abidələr dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət vəsaiti hesabına bərpası təmin edilir. Tariximiz, xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və digər məscidlər yenidən qurulmuş və əsaslı təmir edilmişdir. Bakıdakı Heydər Məscidi, Gəncədə "İmamzadə" kompleksi kimi binalar da Azərbaycan milli memarlığının və incəsənətinin nailiyyətlərinin parlaq nümunələri olmaqla yanaşı, insanların ibadət və dua etmələrinə imkan yaradır. Təbii ki. müsəlman məbədləri ilə yanaşı, pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikintisi, təmiri də həyata keçirilib ki, bu da Azərbaycanda dini tolerantlığın nümunəsidir. Bu, Azərbaycanda dövlət-din münasibətlərinin, dinlərarası dialoq, tolerantlıq nümunəsi kimi səciyyələnir, dövlət siyasətinin real mənzərəsini əks etdirir. Bu gün ölkəmizdə 2200-dən artıq məscid mövcuddur, 14 kilsə fəaliyyət göstərir. Bununla yanaşı, ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir. Bakıda atəşpərəstlik məbədi – Atəşgah yerləşir. Bu ona dəlalət edir ki, ölkəmizdə zərdüştlük dininin kökləri var.

BEYNƏLXALQ KONVENSİYALARA ZİDD ƏMƏLLƏR

Bu gün 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərimizdə də dini tarixi abidələrimiz bərpa edilir. Qarabağda və Şərqi Zəngəzurda tarix və mədəniyyət abidələrinin dağıdılması, ermənilərin özbaşınalığı "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il konvensiyasına ziddir.
Sülhə nail olmaq imkanlarına maneə törədən qeyri-sabit dövlətlər Azərbaycandakı əmin-amanlıqdan, tolerantlıq ənənələrini görürlər. Ölkə səviyyəsində, eləcə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verən Azərbaycan bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və onlarla belə tədbirləri keçirməklə, dünyanın diqqətini özünü cəlb edən Azərbaycan bu və ya digər tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət edir. Sülh içində yaşayan plüralist və demokratik cəmiyyətlər qurmaq üçün dağıdıcı cərəyanlara qarşı birlikdə mübarizə aparmağın vacibliyi əsas məsələ kimi bu və ya digər məsələlər müzakirə olunur.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə