Ətrafı işıqlandırmaq üçün özünü tükəndirən şam - ESSE

Dünyada peşələr çoxdur. Deyilənə görə, 20 mindən artıq peşə və sənət növü var. Lakin bütün bu peşələrin sahiblərini bir peşə sahibi yetişdirir. Bu, Müəllimdir! Əslində, yazı qaydalarını pozmaq bahasına olsa belə, bu sözü böyük hərflə yazmaq lazımdır.

Harada, nə üzrə və hansı qaydada tədris verməsindən asılı olmayaraq Müəllim özündən daha yüksək biliyə mailk olan, cəmiyyətə töhfələr bəxş edəcək ağıllı, mədəni və ziyalı insanlar yetişdirmək istəyi ilə çalışır. Məhz buna görə Müəllim adı şərəfli sayılır və uca tutulur.

Təsaüfi deyil ki, bizim cəmiyyətdə müxtəlif müraciətlər formaları (yoldaş, cənab, bəy, xanım) olsa da insanlarımız hörmətə layiq bildikləri şəxsə “Müəllim” deyə müraciət edirlər. Təkvə bu fakt “Müəllim”in ən hörmətli söz olduğunun əyani sübutudur.

Bəşəriyyət tarixi elmi-texniki tərəqqiyə, mədəni-ictimai inkişafa görə ustadlara, müəllimlərə borcludur. Qədim mənbələrdə ilk biliyin insanlara İlahidən verildiyini və bunu hamıya çatdırmaq üçün ən təmiz qəlbli insanların seçildiyi qeyd olunur. İnsanın ilk müəllimləri də Tanrının seçdiyi uca insanlar- İlahi bilik sahibləri olub.

Tarixin sonrakı dövrlərində biliklər ustad-şagird ardıcıllığı ilə nəsildən-nəsilə ötürülüb və bu günümüzədək gəlib çıxıb. Hansı xalqın müəllimləri aydın fikirli, elmli, dünyagörüşlü olubsa, o xalq daha çox inkişaf edib.

Ta qədimdən Azərbaycan xalqı ustada- Müəllimə böyük hörmət bəsləyib, onları valideyn qədər əziz tutub. El arasında Müəllimin ən böyük hörmət və izzət sahibi olduğunu göstərən yüzlərlə atalar sözü, deyimlər, aforizmlər, rəvayətlət və s şifahi və yazılı folklor nümunələri var.

Azərbaycanda həmişə ən hörmətli şəxs sayılan Müəllimin sözü ağsaqqal sözü kimi qəbul olunub. Hətta, ən qüdrətli hökmdarlar belə müəllimlərinin qarşısında baş əyiblər, onları özlərindən yuxarı başda əyləşdiriblər. Qədimlərdə valideyn uşağını müəllimə verəndə “əti sənin sümüyü mənim” deyə tapşırardı.

Böyük tarixi şəxsiyyətlərimin, görkəmli dövlət başçılarının öz ustadlarına nə qədər böyük sevgiylə yanaşdığını və onların yolunu necə böyük əzmlə davam etdirdiyini xatırlamaq burada yerinə düşərdi.

Özləri ən böyük Müəllim olan böyük övliyalar, peyğəmbərlər, alimlər həmişə bütün uğurlarını müəllimlərinə borclu olduqlarını qeyd ediblər. Zərdüşt peyğəmbər, Məhəmməd peyğəmbər, İsa peyğəmbər, Dədə Qorqud, Nizami kimi böyük dini-elmi-fəlsəfi bilik sahiblərinin tarxdə yaşayan kəlamları Müəllim şəxsiyyətinin az qala Tanrı səviyyəsinə qədər ucaldığını göstərir.

Teymurləngin məzarı önündə bunu daha aydın anlamaq olur. Qüdrətli sərkərdə öz qəbrinin müəlliminin məzarının ayaq ucunda qoyulmasını vəsiyyət etmişdi və onun bu müdrükliyi hələ də dünyanı heyran qoymaqdadır.

Hər xalqın tarixinin müəyyən dövrlərində Müəllimə daha böyük ehtiyac duyulub. Azərbaycan xalqı da 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində müəllimlərə çox böyük ehtiyac duyurdu. Böyük mütəfəkkirlər Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Mirzə Fətəli Axundov və digərləri xalqın cəhalətdən qurtulması, mövhumata yox, elmə doğru getməsi üçün mübarizə aparırdılar.

Tarixi həqiqətdir ki, xalqımız məhz belə aparıcı ziyalıların, mütəfəkkirlərin çağırdığı yolla gedəndən sonra inkişaf etdi və qısa zamanda dünya xalqları arasında öz layiqli yerini tutdu.

Sovet dövründə respublikada elm-təhsil ocaqlarının, kitabxanaların tikintisi işini böyük vüsət aldı, azərbaycanlı tələbələrin SSRİ-nin və dünyanın inkişaf etmiş digər ölkələrinin nüfuzlu ali təhsil ocaqlarında təhsil alması işi genişləndi.

Hələ carizm istibdadı dövründə aparılan sosioloji tədqiqatlar nəticəsində belə qənaətə gəlinmişdi ki, bu templə təhsillənmə gedərsə Qafqaz xalqlarına savadsızlığın daşını atması ücün 940 il vaxt lazım gələcəkdir. Amma Sovet hakimiyyəti qurulandan sonra cəmi 20 il ərzində təhsil sahəsində elə bir inqilabi epoxa yaşandı ki, bütün dünya heyrətə gəldi. Artıq ötən əsrin ortalarında Azərbaycan əhalinin təhsilə cəlb olunma səviyyəsinə, əhalinin hər on min nəfərinə düşən elmi işçi, tələbə və müəllim sayına görə ən inkişaf etmiş ölkələri belə qabaqlayaraq dünyada ilk yerlərdən birini tuturdu.

20-ci illərədək bir nəfər də olsun akademiki, professoru, elmlər doktoru olmayan, əhalisinin 99%-nin oxuyub-yazma bilmədiyi, cəmi 100 nəfər azərbaycanlı müəllimi olan, 800 min uşağının məktəbin nə olduğunu bilmədiyi respublika qısa müddət sonra əhalisi 100% savadlanmış, onlarla universiteti, elmlər akademiyası, elmi-tədqiqat institutları, hətta kosmik tədqiqatlar mərkəzi olan intellektuallar ölkəsinə çevrildi. Hələ də Azərbaycan xalqı savadlı insanların, ali təhsillilərin say nisbətinə görə, dünya xalqları arasında ön sıralarda dayanır.

Ümumiyyətlə, Azərbaycan xalqı tarixin bütün dövrlərində maarifpərvər və ziyalı bir xalq olduğunu sübut edib. Burada ən böyük rolu müəllimlər oynayıblar. O müəllimlər ki, onlar elm və təhsil yolunda, millətin gələcəyi uğrunda sözün həqiqi mənasında şam kimi yanıblar.

Cəmiyyətimiz də onlara həmişə çox böyük hörmətlə yanaşıb. Müəllimi uşağın ikinci valideyni sayıblar. Keçmişdə uşağı məktəbə gətirən valideynlər müəllimə deyirdilər- “əti sənin, sümüyü mənim”. Bu ifadənin arxasında çox dərin və müdrik təfəkkür dayanır. Bütün bunlar xalqımızın elmə, təhsilə nə qədər böyük önəm verdiyinin göstəricisidir.

Müəllim ucalığı haqda saysız poeziya və nəsr nümunələri, bədii və elmi əsərlər yazılıb, filmlər çəkilib. “Bizim Cəbiş Müəllim” filmindəki obraz isə Azərbaycan Müəllimi üçün etalondur. Bu obraz həm də bir nümunədir- əsil Müəllim nümunəsi...

Müəllimlər günü münasibətilə bütün vicdanlı müəlimləri təbrik edirəm.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə