Mətbuat Şurasından gözləntilər nələrdir? - QURULTAY İŞTİRAKÇILARINDAN SORĞU

Azərbaycan jurnalistlərinin VIII qurultayı 24 sentyabr 2022-ci il tarixdə Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Qurultayda iştirak edəcək namizədlər məlumdur. Qurultayın təşkili üzrə Təşkilat Komitəsi yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adını daxil edilib.

Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir.

Qeyd edək ki, qurultayda Mətbuat Şurasının İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək. Mətbuat Şurasi yenidən qurulur. SİA yenidən qurulan Mətbuat Şurasından hansı gözləntilərin olması barədə namizədlərin fikrini öyrənməyə çalışıb.

Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu: " Mətbuat Şurasının keçirilən VIII qurultayında hər namizədə uğurlar arzu edirəm. Şəxsən mən yeddi qurultayın da iştirakçısı olmuşam və bu dəfə iştirak edəcəm. Mətbuat Şurasının qurultayından yeniliklər gözlənilir. Tərkibinin qismən dəyişməsi gündəmdədir. MŞ-nın yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərməsini ümid edirik. Qurultayda layiqli namizədlərin seçiləcəyinə əminəm. Mətbuatda xeyli dəyişikliyə ehtiyac var. Həm peşəkarlıq baxımından, həm də jurnalistikamızda etik kodeksin tənzimlənməsi baxımından müxtəlif dəyişikliklər edilməlidir. Hələ də jurnalistikada etika qaydalarına riayət tam olunmur. Gənc jurnalistlərin praktiki biliklərinin gücləndirilməsinə və dövlət maraqlarından çıxış etməsinin labüdlüyünü dərk etməsinə ehtiyac var. Mətbuat Şurasının səlahiyyətləri çox aşağı səviyyədədir. Mətbuat Şurasının səlahiyyətləri genişləndirilməlidir. Mətbuat Şurası ictimaiyyətlə jurnalistlər arasında körpü rolunu oynayır. Mətbuat Şurası eynizamanda məmur və jurnalistlər arasında körpü rolu oynayır. Lakin bu günə qədər məmur və jurnalist münasibətlərində çox ciddi irəliləyişlər olmayıb. Jurnalist onu cəzalandıracaq addımlar atmamalıdır. Mətbuat Şurası medianın ciddi monitorinqini aparmalıdır. Bu mənada təsirli mexanizim qurulsa onda müsbət dəyişikliklər görəcəyik. Mən müxtəlif təkliflər də irəli sürmüşəm. Bu gün Azərbaycanın çox məşhur jurnalistləri dünyasını dəyişib. Onların ailələrinə xüsusi qayğı göstərilməlidir. Daha sonra təklif vermişəm ki, ad günü olan jurnalistlər üçün siyahısı hazırlansın. Mətbuat Şurasının saytı daha təkminləşdirilsin. Jurnalistlər haqqında məlumatlar burada verilsin. Bu görülən işlər mətbuata stimul verəcək. Mətbuat Şurası eyni zamanda jurnalistlərə dəstək və dayaq olmalıdır. Hər ay xərclənən vəsaitlər haqqında hesabat verilməlidir. Mətbuat Şurasının saytında praktiki və maarifləndirici bölmələr hazırlanmalıdır. Biz Mətbuat Şurasını daha təkminləşmiş ,müasir dövrün standartlarına uyğun quruma çevrirəciyik. Mətbuat Şurası dövrün tələblərinə cavab verərək müasirləşəcək və yeniləşəcək".

“Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli: "Mətbuat Şurası Azərbaycan jurnalistlərinin özünütənzimləmə qurumu olduğuna görə, onun qurultayına da maraq böyükdür. Ümid edirəm ki, Mətbuat Şurasının İdarə Heyətinə baş tutacaq seçkilər tam şəffaf və ədalətli olacaq. Çünki son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi media sahəsində də islahatlar aparılır və şəffaflıq təmin olunur. Bu birbaşa Prezidentin siyasi iradəsidir. Mətbuat Şurası İdarə Heyətində məni görmək istəyən, etimad göstərən 63 media orqanına minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu, çox yüksək etimaddır və Azərbaycan jurnalistlərinin, ictimaiyyət nümayəndələrinin gənclərə, yeniliyə olan inamıdır. Mətbuat Şurasının İdarə Heyətinə üzv seçiləcəyim halda bu inamı doğrultmağa çalışacağam.

“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev: "Azərbaycan Jurnalistlərinin VIII qurultayı ölkə ictimaiyyəti və media üçün diqqət çəkən çox önəmli hadisədir. Bu qurultay Mətbuat Şurasının rəhbərliyində yenilənmələrlə bağlı əlamətdar olacaq. Jurnalistlərin səsverməsi ilə idarə heyətinin üzvləri və sədrin seçilməsi məsələsi gündəmdədir. Hansı istiqamətdə və hansı tərkibdə olacağını junalistlər müəyyənləşdirəcək. Namizədlər təqdim olunacaq. Səs vermə nəticəsində həm idarə heyətinin tərkibi, həm də sədrin kim olması məsələsi müəyyənləşəcək. Əlbəttə bu media ictimaiyyəti üçün maraqlıdır. Ancaq bütün hallarda Mətbuat Şurasının tarixində yeni bir dövr başlayır. İndiyə qədər mərhələnin fasilələri, yenmələr və qalxmalar təbii ki, olub. Bu da ölkəmizdə medianın inkişafı tendensiyalarına uyğun olaraq baş verib. Yəni , o dövlərdə ki, mediamızda ümumi bir durğunluq hiss edilir. Buna uyğun olaraq Mətbuat Şurasının da fəaliyyətində bu durğunluq əks olunub. Mediamızın inkişafında yüksəliş olan məqamlarda isə Mətbuat Şurasının da fəaliyyətində yönləndirici aktivlik müşahidə edilib. MŞ ötən dövrdə qarşıya qoyulan vəzifələri öhdəsindən ümumən gəlib. Mətbuat Şurası indiyə qədər əsasən çap mediasını son illərdə də artıq bir seqment olaraq özünü təsdiqləmiş, onlayn media ilə bağlı məsələlərin həlli, tənzimlənməsi və müsbət mənfi tendensiyaların müəyyənləşdirilməsi ilə məşğul olub. Bu sahədə olan böyük nəticələrdən də danışmaq olar. Ümumən vəzifələrin öhdəsindən gəlsə də , amma bilirik ki, ölkənin media sektorunda yeniləşmə tendensiyaları başlayıb və getdikcə dərinləşəcək. Xüsusən növbəti dövrdə Mətbuat Şurasının çap mediadan daha üstün qayda da onlayn medianın inkişaflarının genişlənməsi və sosial media məkanın daha cəlbedici olması nəticəsində ortaya çıxan təzahürlərlə məşğul olması daha da intensivləşəcək. Bəllidir ki, onlayn medianın əhatə dairəsi genişlənib. Onlayn medianın fəalliyyət üsulları və formaları zənginləşir. Eləcə də sosial media daha cəlbedici olmağa başlayıb. Buna görə də həm çap medianın, həm də onlayn medianın , sosial media ilə transformasiya etməsi olduqca əhəmiyyətli və çətin problem olaraq qarşıda dayanıb. Sosial medianın geniş imkanları olduğuna görə bu imkanların müəyyən hallarda neqativ tendensiyalara yönəltmək meyilləri təbii ki, baş qaldırır. Ancaq bizə lazım olan odur ki, çap və onlayn medianın inkişaf və irəlliyiş tendensiyalarının sosial medianın mütərəqqi istiqamətləri ilə uzlaşdıra bilək. Bu olduqca çətin və zəruri mövzudur. Buna görə də Mətbuat Şurasının yeni rəhbərliyini bundan sonra xüsusilə bu istiqamətdə fəaliyyətini daha məzmunlu və məqsədyönlü olmasına ehtiyac yaranacaq. Vətən müharibəsi göstərdi ki, informasiya siyasəti və informasiya təhlükəsizliyi sahəsində də yeni vəzifələr baş qaldırıb. Yeni çağırışlar mövcuddur. Dünya miqyasında informasiya siyasəti və informasiya təhlükəsizliyi siyasətinin hədəf və istiqamətlərində dəyişiklik olduğu üçün Azərbaycan mediasıda da buna uyğun dəyişiklik olmalıdır. MŞ yeni rəhbərliyinin konkret nəticələr ortaya qoymasını cəmiyyət gözləyir".

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:"Mətbuat Şurasının VIII Qurultayı ölkədənin media sektorunda həyata keçirilən islahatların tərkib hissəsidir. Məlum olduğu kimi, artıq “Media haqqında” Qanun qüvvəyə minib. Qanunun tələblərinə uyğun hüquq tənzimləmə mexanizmlərinin tətbiqi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu prosesdə Mətbuat Şurasının da ictimai özünütənzimləmə mexanizmi kimi mövud reallıqlara uyğunlaşdırılması, hüquqi və özünütənzimləmə mexanizmlərinin bir-birini tamamlaması, toplamda bütün tənzimləyici faktorların dövrün sürətlə dəyişən çağırışlarına adekvat cavab verməyi bacaran, çevik, dinamik və hadisələri önləməyi bacaran bir platforma üzərindən tətbiqi Azərbaycan mediasının qarşısında dayanan vacib vəzifələrdən biridir. Digər tərəfdən, bu və digər təsisatların, o cümlədən Mətbuat Şurası kimi önəmli bir qurumun qurultayı hər zaman gözləntilərlə müşayiət olunur, media resurslarının, jurnalistlərin fəaliyyətinə stimullaşdırıcı təsir göstərir, yeni bir mərhələnin başlandığının mesajını verir. Önəmli olan qarşıya qoyulan məqsədin medianın inkişafına, ölkəmizin və onun hər bir vətəndaşının informasiya təhlükəsizliyinə töhfə vermək xarakteri daşımasıdır. Bütün bunlarla yanaşı vacib bir məqamı da qeyd etmək istəyirəm: Ölkəmizdə həyata keçirilən islahatların təməl fəlsəfəsində milli-mənəvi dəyərlərimizə, dövlətçilik ənənələrimizə sədaqət, gələcəyə xalqımızın inkişaf perspektivləri və milli maraqlarımız müstəvisindən yanaşmaq prinsipləri dayanır. Ölkəmizin yerləşdiyi həssas bölgə və milli hədəflərimiz bizdən daim ayıq-sayıq olmağı, bizi ayaq üstə saxlayan, identikliyimizi müəyyənləşdirən və qoruyan, bir yumruğa çevirən dəyərlərə münasibətdə sədaqətli olmağı tələb edir. Nə qədər müasirləşsək, yeni dövrün çağırışlarına uyğunlaşsaq da, haradan gəldiyimizi və milli hədəflərimizin nələrdən ibarət olduğunu unutmamalıyıq. Azərbaycan mediasının klassik ənənələrini yaşatmalı, tətbiqini müasir dövrün tələblərinə uyğunlaşdırmalı, dünyanın inkişad dinamikasının içərisində yer almaqla Azərbaycanlı, Azərbaycan Milli Mətbuatının varisləri kimi qalmalıyıq".

“ASAN radio”nun direktoru Emin Musəvi : "Yeni qurulacaq olan Mətbuat Şurasından gözləntim odur ki, daha mütərəqqi daha müasir , daha effektiv olsun. Hesab edirəm ki, bu sahədə olan hər kəs medianın inkişafı üçün çalışmalıdır. Var gücümüzlə çalışmalıyıq ki, mətbuat daha peşəkar, güclü, eyni zamanda maraqlı olsun. Elə etməliyik ki, mətbuat hər zaman hörmətli olsun. Bunun üçün çalışmaq lazımdır. Bu sahədə hamı daha yaxşı olmalı, daha yaxşı məhsul istehsal etməlidir. İstənilən sahədə insanlar öz işini yüksək səviyyədə görürsə, elə bu özü ən böyük vətənpərvərlik nümunəsi olar. Mediaya yanaşma daha obyektiv və dəqiq olmalıdır. Son illər ərzində hiss edirəm ki, media məkanında daha səmimilik mövcuddur. Tək media nümayəndələrinin yox, ictimaiyyət də Mətbuat Şurasının yenidən qurulmasında maraqlıdır. Ümumiyyətlə dövr dəyişdikcə yanaşmalar və trendlərdə mövcud vəziyyətdən aslı olaraq dəyişir. Mətbuatın işi həm auditoriya üçün baş verən hadisələri , beynəlxalq prosesləri işıqlandırmaqdır. Biz informasiya müharibəsində obyektiv və həqiqi məlumatları daha tez və operativ beynəlxalq səviyyədə çatdırılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə