Rus ekspertlər: “Rusiya Ermənistana kömək etməyəcək” – ŞƏRHLƏR

“Ermənistan münaqişənin mənbəyinə çevrilərsə, Rusiya Federasiyası Azərbaycanın üzərinə düşən vəzifələri yerinə yetirməsinə imkan verəcək”

Məlum olduğu kimi, avqustun 3-də Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri Laçın istiqamətində Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutub. Sıravi Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından dünyasını dəyişib. Azərbaycan Silahlı Qüvvələri erməni terrorçu qruplaşmalarına qarşı cavab əməliyyatına başlayıb.

Rusiya Müasir Dövlət İnkişaf İnstitutunun direktoru Dmitri Solonnikov və rusiyalı hərbi ekspert Vladislav Şurıqin erməni tərəfinin təxribatları nəticəsində yaranmış vəziyyətlə bağlı fikirlərini Caliber analitik mərkəzinə şərh ediblər. Ekspertlərin şərhlərini oxucularımızın diqqətinə çatdırırıq.

“Bakı erməni tərəfinin təşkil etdiyi bütün təxribatlara layiqli cavab verəcək”

Dmitri Solonnikovun sözlərinə görə, Qarabağda vəziyyətin gərginləşməsinə Ermənistan tərəfinin hərəkətləri səbəb olub: “Ermənistan bir sıra sazişləri yerinə yetirmir, xüsusən də sərhədin demarkasiyası, Zəngəzur dəhlizinin açılmasına başlanması, qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılması kimi şərtləri. İndiki çətin beynəlxalq vəziyyətdə Ermənistan hakimiyyətinin, necə deyərlər, çirkli suda balıq tutmağa çalışdığı daha aydın görünür. Həqiqətən də, dünya getdikcə mürəkkəbləşir, müxtəlif nöqtələrdə gərginlik artır- Çin-Tayvan təmasları zonasında, Serbiya və Kosovoda, Cənubi Qafqazda isə Ermənistanda gərginlik nöqtələri demək olar ki, eyni vaxtda alovlanır.

Digər tərəfdən, əgər Amerika müttəfiqləri dünyanın müxtəlif yerlərində diqqəti NATO və Avropa İttifaqına yönəltməklə təxribat təşkil etməyə çalışırlarsa, o zaman erməni diasporu niyə Ermənistan rəhbərliyini bu cür hərəkətlərə sövq etməyə çalışmamalıdır? Təbii ki, o, məhz bunu etməyə çalışır”.

Ekspert deyir ki, Rusiya Qarabağda yeni tammiqyaslı müharibənin başlanmasına qarşıdır, ona görə də, 2020-ci ilin noyabrında 44 günlük müharibədən sonra əldə edilmiş razılaşmaları tam dəstəkləyir: “Şübhəsiz ki, erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən çıxarılmalı, Zəngəzur dəhlizinin bloku açılmalı, sərhədlər müəyyən edilməlidir. Bu vəziyyətdə Rusiya Azərbaycanın hərəkətlərini dəstəkləyir və biz Rusiya rəsmilərinin Bakının indiki hərəkətlərinə necə sakit yanaşdığını görürük. Təbii ki, insanların ölümü böyük faciədir, əllərində silahla vətənini müdafiə edən hərbçilərin həlak olması hamımızı kədərləndirir. Təəssüf ki, bu hələ də davam edir. İndiki mərhələdə bu toqquşmaların böyük müharibəyə çevrilməməsi çox vacibdir. Əgər Azərbaycan tərəflərin əvvəllər qaldırdığı məsələləri həll edə bilsə, o zaman Bakı erməni tərəfinin təşkil etdiyi bütün təxribatlara layiqli cavabını verəcək”, - deyə Dmitri Solonnikov bildirib.

“Bu təxribatlar Ermənistan üçün fəlakətə çevrilə bilər”

Hərbi ekspert Vladislav Şurıgin əmindir ki, Ermənistan üçün Qarabağda vəziyyətin gərginləşməsi intihara bərabərdir. Şurıginin sözlərinə görə, iki xalq arasında yığılmış nifrət potensialı o qədər böyükdür ki, hətta imzalanmış sazişlər də regionda gərginliyi aradan qaldıra bilmir. Nəticədə, Qarabağdakı təxribat fonunda bütün regional təhlükəsizlik sistemi parçalanır.

“Bu nifrətin səngiməsi üçün ən azı bir neçə nəsil dəyişməlidir. Tərəflərdən hər hansı biri əldə olunmuş razılaşmalara əl yelləyərək nifrətini güllə ilə ifadə edərsə, o zaman cavab olaraq onların da analoji reaksiya alması məntiqlidir. Mən indi başlanğıc nöqtəni, yəni hazırda Qarabağda gərginliyin artmasında kimin günahkar olduğunu müəyyən etməyə hazır deyiləm, amma aydındır ki, Ermənistan tərəfi üçün bu cür hərəkətlər çox acınacaqlı ola bilər. Azərbaycan, təbii ki, hərbi baxımdan Ermənistanı bir neçə miqyasda üstələyir, ona görə də erməni tərəfin hər hansı təxribatı öz dövlətinə qarşı cinayətdir”.

Ekspertin fikrincə, Azərbaycan üçün vaxtında dayanmaq vacibdir, çünki münaqişənin daha da kəskinləşməsi halında müharibə çox qanlı qarışıqlığa çevrilə bilər: “Ərazi elədir ki, davamlı mübarizə üçün əlverişlidir. Beləliklə, məncə, ilk və çox güman ki, sonuncu da olmayan indiki qarşıdurma alovunu dayandırmaq üçün vasitəçilər 2020-ci ildə əldə edilmiş üçtərəfli bəyanatı tərəflərə vaxtında xatırlatmalıdırlar. Artıq qeyd etdiyim kimi, Ermənistan üçün istənilən təxribat ciddi hərbi nəticələrlə doludur, eyni zamanda, eskalasiya qaçılmaz olaraq hər iki tərəfdən hərbçilərin ölümü ilə yekunlaşacaq. Onlardan biri bu işdə güclü və müdrik olmalıdır. Mən şəxsən onun Azərbaycan tərəfi olmasını istəyirəm”.

Erməni mənbələrinin guya İran qoşunlarının Azərbaycan sərhədinə yeridilməsi ilə bağlı məlumatını şərh edən ekspert, Ermənistan çətin ki, İranın köməyinə arxalansın. Şurıginin sözlərinə görə, Ermənistan İranın bu vəziyyətə qarışmayacağını başa düşür, çünki bu, onun maraqlarına uyğun deyil, xüsusən də, söhbət silahlı münaqişədən gedirsə: “Hesab edirəm ki, bu məlumat daha çox Ermənistanın daxili ictimaiyyəti üçün nəzərdə tutulub. Tehranın bu müharibəyə girmək planları yoxdur, nəinki ona qərq olmaq. Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyası məsələsini, ümumiyyətlə, nəqliyyat kommunikasiyalarının (o cümlədən Zəngəzur dəhlizinin) blokdan çıxarılması məsələsini süründürür, çünki bu, uduzulmuş müharibənin son nəticələrinə çatmamaq üçün danışıqlar prosesini mümkün qədər uzun müddətə uzatmaq məqsədi daşıyır.

Başa düşmək lazımdır ki, Ermənistan daxilində cəmiyyətdə parçalanma var, o, hakimiyyət, siyasi fəallar, o cümlədən hərbçilər vasitəsilə stimullaşdırılır. Bəziləri başa düşür ki, Azərbaycanla güzəştə getmək lazımdır, bəziləri isə Ermənistanın “böyük və yenilməz” olduğu 90-cı illərə qayıtmaq istəyir. Və bu revanşizm 2 il əvvəl qəbul edilmiş qərarların icrasına güclü təsir göstərir. Bununla belə, Qarabağda yenidən genişmiqyaslı müharibənin alovlana biləcəyini düşünmürəm.

Birincisi, qeyd etdiyim kimi, Ermənistanın hərbi potensialı Azərbaycanın imkanları ilə müqayisə olunmazdır, ikincisi, İrəvan yaxşı bilir ki, Rusiya ona kömək etməyəcək, onun aktual məsələsi Ukrayna ilə bağlıdır. Ona görə də Ermənistan münaqişənin mənbəyinə çevrilərsə, Rusiya Federasiyası qıcıqla Azərbaycanın üzərinə düşən vəzifələri yerinə yetirməsinə imkan verəcək.

Eyni zamanda başa düşmək lazımdır ki, Rusiya sülhməramlıları Qarabağda qalır, öz tapşırığını yerinə yetirir və ümid edirəm ki, bu təxribatlar Ermənistan üçün fəlakətə çevriləcək yeni müharibəyə səbəb olmayacaq”, - deyə V.Şurıgin yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə