Rus ekspert: “Hər hansı lokal münaqişə Ermənistanın xeyrinə bitməyəcək” - MÜSAHİBƏ

Stas Pritçin: Sülh müqaviləsinin imzalanması danışıqlarda əsl sıçrayış olacaq- bu sənəd bütün məsələlərin həllini təmin edəcək

Rusiya Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi, tarix elmləri namizədi Stas Pritçin regionda gedən proseslər, Qarabağdakı vəziyyət və Azərbaycanın bir sıra aktual problemlərinə dair fikirlərini “Caliber” analitik mərkəzinə müsahibəsində bölüşüb. Müsahibəni oxucularımıza təqdm edirik.

- Danışıqlar prosesinin hazırkı mərhələsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması şanslarını necə qiymətləndirirsiniz?

- Söhbət siyasi və iqtisadi münasibətlərin tam bərpasından gedirsə, xüsusən də 30 ilə yaxındır ki, tərəflərin bir-birinə düşmən kimi, səngərdən və silahdan baxdığını nəzərə alsaq, normallaşma prosesi kifayət qədər uzun hekayədir. Eyni zamanda, onlar təsəvvür belə etmirdilər ki, bir gündə sərhəddə, nəqliyyatda bəzi məsələləri həll etməli, gömrük tənzimlənməsinə qədər bütün zəruri əlaqələri tənzimləyən qanunvericilik bazası hazırlamalı olacaqlar. Bütün bu səylər çox vaxt tələb edir, baxmayaraq ki, bu günə qədər sərhəd və ümumilikdə sülh müqaviləsi ilə bağlı prinsipial mühüm məsələlər hələ də həllini tapmayıb. Buna baxmayaraq, prosesin çətinliklə də olsa davam etdiyi, mövqelərin tədricən yaxınlaşması göz qabağındadır.

- Sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə tərəflərin kompromis yanaşması ehtimalı nə qədərdir?

- Demarkasiya və delimitasiya bir neçə mərhələni əhatə edən uzun prosesdir. Birincisi, bu, sərhədçilərin, logistikaya cavabdeh olan, addım-addım koordinasiya edən, əraziləri metr-metr ölçən insanların sahədəki işidir. Belə olan halda Azərbaycanın işğaldan azad etdiyi Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilər olması hər şeyi çətinləşdirir. O da vacibdir ki, sərhədin delimitasiyası üzrə yaradılan komissiyalar hələ də öz potensialını tam ortaya qoymayıb.

Bu kontekstdə qeyd edim ki, hətta müttəfiq dövlətlərin də zaman-zaman sərhədlərlə bağlı müəyyən sualları olur. ABŞ və Kanada hələ də aralarındakı bütün sərhədi delimitasiya edə bilməyiblər. Hesab edirəm ki, bu əsas məsələnin həlli üçün aylar, bəlkə də illər lazım olacaq, bir şərtlə ki, təbii ki, tərəflər siyasi iradə nümayiş etdirsinlər və onu bağlamaq istəyi olsunlar.

- Bakı ilə İrəvan arasında danışıqlarda Avropanın vasitəçilik səylərini necə qiymətləndirirsiniz? Sizcə, bu, Qafqazda sülh proqramının irəliləməsinə mane olur, yoxsa kömək edir?

- Biz görürük ki, Avropa İttifaqı son vaxtlar fəallaşıb, nizamlanma məsələlərində proaktiv mövqe tutur, eyni zamanda heç bir prinsipial yeni yanaşma təqdim etmir. O, əvvəllər eyni ATƏT-in Minsk Qrupu çərçivəsində formalaşdırılan hadisələrdən, 2020-ci ilin noyabrında Rusiya prezidentinin iştirakı ilə imzalanmış atəşkəs bəyanatından istifadə edir. Yəni, konseptual, metodoloji baxımdan, Avropa İttifaqı bu yeni formatların danışıqlarda mövqelərini gücləndirəcəyi gözləntiləri ilə tərəflərin əlavə vasitəçilər tələbindən yararlanmağa çalışan başqa platformadır. Ancaq gördüyümüz kimi, bu baş vermir.

Avropa İttifaqının diqqətini bəzi konkret məsələlərə, məsələn, sülh müqaviləsinə yönəltməsinə baxmayaraq, heç bir irəliləyiş yoxdur ki, bu da əsasən tərəflərin öz aralarında məsələləri həll etmək istəməməsindən asılıdır. Ermənistanda razılaşmalara qarşı müqavimət var, Azərbaycan da istənilən müqavilənin imzalanması üçün ciddi şərtlər qoyur. Ona görə də vasitəçilər nə qədər güclü olsalar da, necə yeni yanaşmalar təklif etsələr də, keçmişdə vuruşan iki tərəf arasında kompromis olmalıdır. Ona görə də hesab edirəm ki, Aİ yeni heç nə gətirməyib və indiki geosiyasi vəziyyətdə vasitəçilik imkanından yararlanmağa çalışır.

- Ermənistandakı revanşist əhval-ruhiyyəni nəzərə alaraq, Qarabağda yeni müharibəyə ehtimal verirsinizmi?

- Aydındır ki, münaqişə zonaları ətrafında vəziyyətin inkişafını proqnozlaşdırarkən, biz gərginliyi istisna edə bilmərik. Amma bu konkret vəziyyətdə eskalasiya uzunmüddətli olmayacaq, çünki indi daha güclü oyunçunun- Azərbaycanın dominant mövqeyi var. İndiki şəraitdə, xüsusən də əvvəlki status-kvo və “qoruyucu kəmərlər” olmadan Ermənistanın Azərbaycana qarşı çıxması çətin olacaq. Axı hətta Xankəndi rayonu da çox zəif vəziyyətdədir, çünki ətrafdakı əsas mövqelərə Azərbaycan ordusu nəzarət edir. Müvafiq olaraq, hansısa lokal münaqişə yaranarsa, kifayət qədər tez həll olunacaq, amma Ermənistanın xeyrinə deyil. Hərbi strateji mövqe belədir.

- Yəni, yaxın gələcəkdə Bakı ilə İrəvan arasında sülh sazişinin əldə olunmasını istisna edirsiniz?

- Mənim anlayışıma görə, sülh müqaviləsi bir sıra məsələlərin həllinə son qoyan sənəddir, bu sənəddə bütün sərhəd məsələlərinin həlli nəzərdə tutulub, bir-birinin ərazi bütövlüyünün tanınması var, nəqliyyat məsələləri razılaşdırılıb. Mən başa düşdüyümə görə, Azərbaycan bu fikirdədir ki, münasibətlərin və danışıqların başqa istiqamətlərdə tam şəkildə başlaması üçün sülh müqaviləsi lazımdır. Yəni, bu, sanki, qalan əsas məsələlərin həlli üçün əsas olacaq ilk sənəddir. Amma bu cür yanaşmaya baxmayaraq, mövcud vəziyyət hələ ki, nəticə əldə etməyə imkan vermir. Bunu Brüssel sammiti də göstərdi.

Fikrimcə, sülh müqaviləsinin imzalanması danışıqlarda əsl sıçrayış olacaq. Ancaq indiyə qədər biz ünsiyyətin kifayət qədər mürəkkəb olduğunu görürük.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə