Hüquqi dövlətin formalaşması vətəndaş cəmiyyətinin inkişafı ilə bağlıdır - TƏHLİL

Cəmiyyətin inkişafının müəyyən pilləsində formalaşan insanların birliyi olan vətəndaş cəmiyyəti özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sahələrində, sferalarında konüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir. Vətəndaş cəmiyyəti azad vətəndaşların, könüllü formalaşmış təşkilat və assosiasiyaların dövlət və hakimiyyət orqanları tərəfindən onların fəaliyyətinə birbaşa müdaxilələri qanunla məhdudlaşdıran özünümüdafiə sferasıdır. Bu baxımdan, məhz hüquqi dövlətin formalaşması vətəndaş cəmiyyətinin inkişafı ilə bağlıdır.

Vətəndaş cəmiyyəti dedikdə azad sahibkarlıq, təşəbbüskarlıq mühiti başa düşülür və dövlət strukturlarındakı vertikal, yəni tabeçilik əlaqələrindən fərqli olaraq, vətəndaş cəmiyyətində bərabərhüquqlu fərdlərin rəqabət və əməkdaşlıq münasibətləri, hörizontal əlaqələr üstünlük təşkil edir. Bir sözlə, vətəndaş cəmiyyəti insan cəmiyyətinin daha şüurlu, məqsədyönlü, azad quruluşu olaraq qəbul edilir və məhz bu cəmiyyətin inkişafı hüquqi dövlətin formalaşmasını şərtləndirir.

Vətəndaş cəmiyyəti haqqında təsəvvürlər çox böyük tarixi yol qət edib və bu cəmiyyətin əlamətləri haqda ilkin təsəvvürlər yunan-roma mütəfəkkirlərinin fikirlərində də öz əksini tapıb. Ələlxüsus, bu cəmiyyət barədə fikirlərə Platonun, Aristotelin, Siseronun və digər mütəfəkkirlərin əsərlərində rast gəlinib. Amma bu ideyaların inkişafı intibah dövrünə təsadüf edir və vətəndaş cəmiyyəti haqqında daha təkmilləşmiş ideyalarla H.Qrotsinin, T.Hobbun, Ş.Monteskyenin əsərlərində qarşılaşmaq olar. Xüsusilə qeyd edək ki, “vətəndaş cəmiyyəti” termini məhz indiki mənada yalnız XVIII-ci əsrdən işlənməyə başlayır. Artıq antik və orta əsrlərin ideyası olan şəxsi və ictimainin eyniliyi inkar edilir, dövlətə münasibətdə cəmiyyətin birinciliyi qəbul edilirdi və dövlətlə cəmiyyət arasındakı fərqlər görülür, onların birinin digərini tamamladığı anlaşılırdı.

Hazırda vətəndaş cəmiyyəti açıq, demokratik, antitotalitar, müstəqil inkişaf edən cəmiyyətdir və burada mərkəzi yeri insan, şəxsiyyət, vətəndaş tutur. Burada əxlaqa, humanizm prinsiplərinə və qanunlara hörmətlə yanaşılır və bu cəmiyyət demokratik dövlətlə qarşılıqlı sıx əlaqədə olur. Lakin, vətəndaş cəmiyyəti totalitar və avtoritar rejimlərdə olan dövlətə qarşı aktiv, ya da ən azından passiv müxalifətdə olur. Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu, demokratik dəyərlərin bərqərar olması müstəqil Azərbaycanın həyata keçirdiyi başlıca prinsiplərdir. Ümummilli Lider Heyfər Əliyev bu barədə deyirdi ki, respublikamızda hüquqi dövlətin qurulması, demokratik, sivilizasiyalı cəmiyyətin yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması, bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir. Ulu Öndərin qeyd etdiyi həmin o prinsiplər bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən qorunur və bu siyasət layiqincə davam etdirilir.

Hüquqi dövlətin formalaşdırılması insan hüquq və azadlıqlarının maksimal təminatı, dövlətin vətəndaş qarşısında, eləcə də vətəndaşın dövlət qarşısında məsuliyyəti, qanunun nüfuzunun yüksəldilməsi ilə əlaqələndirilir. Hüquqi dövlətdə iqtisadi cəhətdən müstəqil insan toplusu məkanında vətəndaş cəmiyyətinin olması mümkündür. Belə bəlli olur ki, hüquqi dövlət və vətəndaş cəmiyyəti demokratiya ilə sıx bağlı anlayışlardır və biri olmadan digəri mümkün deyil. Deməli, məhz azərbaycançılıq ideyalogiyasının da yaşaması məhz vətəndaş cəmiyyəti və dövlət qarşısında məsuliyyətdən bilavasitə asılıdır.

Dünya təcrübəsindən göründüyü kimi, demokratiyanı siyasi sistem formalaşdırır və onun dayanıqlı olması üçün vətəndaş mövqeyi, vətəndaş cəmiyyəti, həmçinin hüquqi dövlətin mövcudluğu əsas, zəruri şərtlərdəndir. İnsan azadlığı və hüquqlarından xəbərsiz, özünü ifadə etməkdən çəkinən, əvəzində məqsədlərinə çatmaq naminə neqativ yollara əl atmaqdan çəkinməyən vətəndaşlardan vətəndaş cəmiyyəti yarana bilməz. Əgər vətəndaş hüquq və azadlıqlarını bilmirsə, sosial məsuliyyətini dərk etmirsə, hüquqlarını tələb etməkdən imtina edirsə, bu zaman hansısa demokratiyadan, vətəndaş cəmiyyətindən, eləcə də hüquqi dövlətdən danışmağa dəyməz.
Alman filosofu Emannuel Kant hesab edir ki, hüquqi dövlətdə qanunlar xalqın iradəsi ilə qəbul olunur. Filosofun fikrincə, hüquqi dövlətin fəaliyyətinin əsas prinsipi azadlığın hüquqi təminatçısı olmaqdan ibarətdir. Bir sözlə, hüquqi dövlət konsepsiyası insanın azadlığının təzahür sferasını müəyyənləşdirməyə yönəlib və hüquqi dövlətin formalaşdırılması insan hüquq və azadlıqlarının maksimum təminatı ilə mümkündür. Beləliklə, hüquqi dövlət elə bir idarəetmə formasıdır ki, dövlətin özü də, bütün ictimai qurumlar da, ayrı-ayrı fərdlər də hüquqa hörmət edir və ona eyni münasibət bəsləyirlər. Hüquq bu vəziyyətdə əlbəttə ki, dövlətin, cəmiyyətin və fərdlərin qarşılıqlı münasibətlərinin qanunauyğun şəkildə tənzimlənməsini şərtləndirir.

Azərbaycanda hüquqi dövlət yaratmaq missiyasını Ümummilli Lider Hedər Əliyev öz üzərinə götürdü və günümüzün reallığı təsdiq edir ki, o, bunun öhdəsindən cəsarətlə gələ bildi. Ulu Öndər xalqın israrlı tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra müstəqil Azərbaycan dövlətinin qanunlarının ən ədalətli şəkildə olması, fomalaşması üçün uzun yol qət etməli oldu və qarşılaşdığı çətinliklərə baxmayaraq, yaratmaq istədiyi dövlətin hüquqi dövlət olması üçün bütün maneələrə, əziyyətlərə böyük səbr, təmkin nümayiş etdirdi və tutduğu yoldan dönmədi. Ümummilli Lider haqlı olaraq bir qənaətə gəlmişdi ki, Azərbaycan dövləti hüquqi dövlət olmasa, qanunlar məhz insanların, vətəndaşların mənafelərinə xidmət etməsə, ədalətli olmasa, dövlət quruculuğu istiqamətində başladılan işin heç bir nəticəsi ola bilməz. Bu gün biz Ümummilli Liderin haqlı olduğunun bir daha şahidiyik və hal-hazırda ölkə başçısı, cənab Prezident İlham Əliyev Ulu Öndərin təməlini qoyduğu yolun, hüquqi dövlət prinsiplərinin layiqli davamçısıdır.

Bu gün ümumilikdə Azərbaycan cəmiyyəti hər zamankından daha böyük sürətlə inkişaf edir və insan faktoru, hüquq və azadlıqların qorunması ən ümdə vəzifələrdəndir. Ölkədə müşahidə olunan sürətli inkişaf, müsbət istiqamətdə nəzərə çarpan sosial-iqtisadi dəyişikliklər, dövlət idarəçiliyi mexanizmlərinin, eləcə də məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, demokratik təsisatların möhkəmləndirilməsi təsdiq edir ki, Ümummilli Lider Heydər Əliyevin başlatdığı demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesi uğurlu nəticələr verib və bu iş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirdiyi islahatlar isə, təbii ki, hüquq sistemini davamlı inkişafına zəmin yaradır və bu inkişafı təmin edir.

Ölkə rəhbərinin qeyd etdiyi kimi, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, hüquqi dövlət qurulması bir şuar deyil, Azərbaycanın inkişafı üçün başlıca şərtdir. Bəli, bu gün hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması, möhkəmləndirilməsi istiqamətində Azərbaycan Avropanın və hətta dünyanın bir çox inkişaf etmiş ölkələrinə örnək, nümunə sayılır.

İnam Hacıyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...