Milli Məclisin növbədənkənar sessiyası başa çatıb-YENİLƏNİB

İyulun 14-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, iclası açan Milli Məclisin sədri bu gün Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda ali hakimiyyətə gəlməsinin 56-cı ildönümünün tamam olduğunu deyib. O, Ulu Öndərin Vətən və xalq qarşısında misilsiz tarixi xidmətlərinin minnətdarlıq hissi xatırlandığını diqqətə çatdırıb.

Parlamentin sədri bildirib ki, Azərbaycan tarixinin otuz beş ilə yaxın dövrü ərzində xalqımızın siyasi təkamülü, iqtisadi tərəqqisi və mənəvi yüksəlişi dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin möhtəşəm fəaliyyəti ilə qırılmaz surətdə bağlı olub. Müasir Azərbaycan Ulu Öndərin xalqa məhəbbətinin, Vətən yolunda fədakarlığının əyani təcəssümüdür.

Sahibə Qafarova qeyd edib ki, Ümummilli Liderimizin başladığı tarixi missiyanı bu gün Prezident İlham Əliyev davam etdirir. Azərbaycan dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli dövlətə çevrilib.

Sonra cari məsələlərlə bağlı aparılan müzakirələrdə bir sıra deputatlar çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixinin xalqımızın taleyində misilsiz rolunu vurğulayıblar.

Sonra parlamentin sədri Sahibə Qafarova gündəliyə 13 məsələnin daxil edildiyini və ilk 11 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu diqqətə çatdırıb.

İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev "Müdafiə haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. O, qanun layihəsində ərazi müdafiəsi ilə bağlı normanın təkmilləşdirilməsi məqsədilə dəyişikliyin nəzərdə tutulduğunu bildirib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə dair məlumat verib. O deyib ki, layihədə nəzərdə tutulan dəyişiklikdə gömrük borcunun ödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsi ehtiva olunub.

Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. Sənəddə məktəbəqədər təhsilin həyata keçirildiyi müəssisələrin sırasına məktəbdənkənar təhsil müəssisələrinin əlavə edilməsi təklif olunur.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Daha sonra Vüqar Bayramov “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumatı diqqətə çatdırıb. Deyib ki, layihədə büdcə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə bir sıra dəyişikliklərin, o cümlədən "uzunmüddətli dövr" ifadəsinin, "dividend" anlayışının əlavə olunması, habelə məqsədli büdcə fondlarının ilin sonuna qalan istifadə olunmamış vəsaitinin vahid xəzinə hesabının sərbəst qalığına köçürülməsi, borca xidmət üzrə xərclərin təkmilləşdirilməsi, vahid xəzinə hesabının sərbəst qalığının istifadə istiqamətlərinin dəqiqləşdirilməsi ilə bağlı və digər düzəlişlər təklif olunur.

O, həmçinin “Dövlət borcu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Media haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsini təqdim edib. Bildirilib ki, sənəddə xarici media subyektlərinin filial və nümayəndəliklərinin Azərbaycanda fəaliyyət qaydasının beynəlxalq müqavilələrlə tənzimlənməsi nəzərdə tutulur, ölkəmizdə fəaliyyət göstərəcək filial və nümayəndəliyin Dövlət Vergi Xidmətində qeydiyyatdan keçdikdən sonra Media Reyestrinə daxil edilməsi üçün müraciət etməsi tələbi gətirilir, saxta məlumatların dərci və yayımını qadağan edən norma müəyyən edilir, Media Reyestrində olmadan həyata keçirilən media fəaliyyətinin qanunsuzluğu təsbit olunur.

Qanun layihələri səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Parlamentin sədri bildirib ki, növbəti iki məsələ Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Xüsusi icra məmurları haqqında" qanun layihəsi barədə məlumat verib. O

Növbəti məsələni –Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Rəqabət Məcəlləsində, "Sosial sığorta haqqında", "Polis haqqında", "Tibbi sığorta haqqında", "Notariat haqqında", "İcra məmurları haqqında", "İcra haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "İnzibati icraat haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Nağdsız hesablaşmalar haqqında" və "Siyasi partiyalar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən komitə sədri Əli Hüseynli diqqətə çatdırıb ki, bu layihə "Xüsusi icra məmurları haqqında" qanun layihəsinə uyğunlaşdırma məqsədilə hazırlanıb və sənəddə sözügedən normativ hüquqi aktlara müvafiq dəyişikliklərin edilməsi təklif olunur.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Daha sonra Əli Hüseynli Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Mənzil Məcəlləsində, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Notariat haqqında", "İcra haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "İpoteka haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyəti barədə danışıb.

Qanun layihəsi icra sənədinə əsasən satılmalı olan əmlakın, borclunun üzərinə həbs qoyulmuş əmlakının və ipoteka predmetinin satılması ilə bağlı kompleks tənzimləməni nəzərdə tutur.

Əli Hüseynli, həmçinin "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edib.

Sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb. Təklif olunan dəyişikliklər şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların daha müasir sistemlərdə, təhlükəsiz və çevik şəkildə idarə olunmasını, sənədləşmə prosedurlarının və xidmətlərin vətəndaş üçün sadələşdirilməsini təmin edəcək.

Qanun layihələri üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova son 2 məsələnin uyğunlaşdırma xarakteri daşıdığını və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcəyini bildirib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsindən söhbət açıb.

Məsələ ətrafında aparılan müzakirələrdə komitə sədri Zahid Oruc, deputatlar Elçin Mirzəbəyli, Bəhruz Məhərrəmov, Vasif Qafarov çıxış edərək, bəzi fikir və qeydlərini açıqlayıblar.

Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Torpaq Məcəlləsində və “Balıqçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyətini nəzərə çatdırıb.

Bildirilib ki, layihə qanunvericiliyin normalarının dəqiqləşdirilməsi məqsədilə hazırlanıb.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Asif Əsgərov məsələ barədə bu komitənin müsbət rəyini diqqətə çatdırıb.

Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul olunub.

Sonra deputatlar Sahib Alıyev və Aqil Abbasov çıxış edərək bəzi aktual məsələlər barədə fikirlərini bölüşüblər.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə