İtaliyanın “RAI” telekanalı Qobustan Milli Tarix-Bədii Qoruğu, paytaxt Bakı, eləcə də ölkəmizdə rəqəmsal texnologiyaların və süni intellekt həllərinin tətbiqi ilə bağlı geniş reportaj yayımlayıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, kanalın ölkəmizə ezam olunan jurnalisti Barbara Karfanya Azərbaycanın mədəni və təbii irs baxımından zəngin ölkə olduğunu, Qobustan qoruğunun tarixin daş yaddaşı hesab edildiyini deyib, buradakı qayaüstü təsvirlərini heyrətamiz adlandırıb. Bildirib ki, buradakı qayaüstü rəsmlər və Qaval daşı eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edir.
Reportajda qoruq ərazisindəki açıq səma altındakı qayaüstü təsvirləri və burada yerləşən muzeydə nümayiş etdirilən eksponatlar, eləcə də Palçıq Vulkanları Turizm Kompleksindəki palçıq vulkanlarının xüsusiyyətləri haqqında məlumat verilir.
Bildirilib ki, Qobustan qayaüstü təsvirləri ilk dəfə 1939-cu ildə aşkar olunub. Qobustan abidələri 2007-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. 2019-cu ildə isə Qobustan qayaüstü rəsmləri İslam Dünyası İrsi Siyahısına daxil olunub.
Reportajda Azərbaycan paytaxtına, eyni zamanda, “ASAN xidmət”in fəaliyyətinə, xidmət mərkəzlərinə və tətbiq olunan innovativ texnologiyalara da xüsusi yer ayrılıb. Bundan başqa, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov burada rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlili və koordinasiyasının həyata keçirildiyini bildirib.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev italiyalı jurnalistə müsahibəsində ölkəmizin Çini Avropa İttifaqı ilə birləşdirən ticarət yollarının, eyni zamanda, İran körfəzi və Rusiya limanları arasında ənənəvi logistika qovşaqlarının kəsişməsində yerləşdiyini deyib. Qeyd edib ki, bu strateji yerləşmə çoxşaxəli əlaqələr yaradır. Azərbaycan ənənəvi logistika ilə yanaşı, Xəzər dənizi boyunca Şərqlə Qərbi birləşdirəcək yeni rəqəmsal əlaqənin yaradılmasına sərmayə yatırır. Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi Azərbaycanı Avropaya birləşdirəcək. “Rəqəmsal İpək Yolu” regionumuzda getdikcə əhəmiyyətli məlumat və rəqəmsal trafik axınına gətirib çıxaracaq, rəqəmsal telekommunikasiya strategiyamızın ayrılmaz hissəsinə çevriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə