Uşaq və gənclərin milli ruhda tərbiyəsi öz aktuallığını qoruyur - TƏHLİL

Cəmiyyətin inkişafı, ümumiyyətlə hər bir cəmiyyətin gələcəyi gənc nəslin, uşaq və gənclərin fiziki, eləcə də mənəvi inkişafından, necə yetişməsindən, necə və hansı ruhda tərbiyə almasından bilavasitə asılıdır. Çünki uşaq və gənclərin düzgün tərbiyəsi, savadlı, məlumatlı vətəndaş kimi yetişməsi, milli-mənəvi dəyərlərimizə sahib çıxacaq ruhda böyüməsi cəmiyyətin inkişafında önəmli, vacib rol oynayır. Məhz buna görə də gənc nəslin düzgün, dəyərlərimizə sadiqlik ruhunda tərbiyəsi hər zaman öz aktuallığını qoruyur.

“Gənclər bizim gələcəyimizdir”, kəlamı ilə Ulu Öndər Heydər Əliyev gənclərin cəmiyyətimizin inkişafı və gələcəyi ilə bağlı həqiqəti aydın şəkildə ifadə edib. Elə məhz Ümummilli Liderin Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi zamandan etibarən gənclər siyasətinə böyük önəm verilməsi də bu baxımdan heç də təsadüfi sayılmır. Gənclərin bizim gələcəyimiz olduğunu nəzərə alan Ulu Öndər gənclər siyasətinin əsas istiqamətlərini müəyyənləşdirilib və bu siyasət hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması, ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə mütəmadi olaraq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində ölkə rəhbərimiz sərəncamlar imzalayır, bu kontekstdə mühüm tədbirlər də görülür və uşaq və gənclərin fiziki, mənəvi inkişafı ilə bağlı qəbul edilən bir sıra sənədlər bunun bariz nümunəsidir. Məsələn, 2005-2009-cu illəri əhatə edən gənclərlə bağlı Dövlət Proqramı, 2007-ci ilin "Gənclər ili" elan edilməsi, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi" barədə ölkə rəhbərinin imzaladığı Sərəncam bu sahəyə diqqətin olduğunu sübt edir. Elə məhz bu diqqət və qayğı sayəsində də Azərbaycan gəncləri dünyanın müxtəlif ölkələrində sayılb-seçilən, nüfuzlu universitetlərdə təhsil alırlar, təhsillərini başa vurduqdan sonra isə layiqli mütəxəssis olaraq ölkəmizə geri dönürlər. Belə gənclərin sayı olduqca çoxdur, minlərlədir və bu gün onlar məhz dövlətin qayğısı sayəsində belə bir imkandan yararlana bilirlər.

Sözsüz ki, dövlətimizin uşaq və gənclərə olan diqqət və qayğısı öz bəhrəsini verməkdədir. Nəticələr bunu deməyə əsas verir ki, Azərbaycan gəncləri ilə qürur duymağa hər bir azərbaycanlının haqqı çatır. Çünki artıq Azərbaycan gəncləri beynəlxalq aləmdə seçilməyə başlayıb. Gəncliyimiz dünya gənclər hərəkatının aparıcı qüvvələri arasında da yer almağa iddialıdır. Son illər gənclərin beynəlxalq əməkdaşlığının xeyli genişlənməsi, ikitərəfli və çoxtərəfli əlaqələrin olduğu dövlətlərin sayının artmaqda davam etməsi də təsadüfi deyil. "Dialoq və Əməkdaşlıq Uğrunda" İslam Konfransı Gənclər Forumu, GUAM ölkələrinin Gənclər Forumu, Dünya Türk Gəncləri Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi və "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı kimi beynəlxalq gənlər platformalarının təşəbbüskarı, eləcə də təsisçisinin Azərbaycan gəncliyi olması ölkəmizin apardığı gənclər siyasətinin uğurlu nəticələr verdiyini təsdiq edir və hər birimiz bununla qürur duyuruq.

Heç şübhəsiz ki, uşaq və gənclərin tərbiyəsində, eləcə də mənəvi cəhətdən inkişafında ilk rol oynayan ailələrdir. Ona görə ki, uşaqlar ilk növbədə ailə tərbiyəsi ilə tərbiyələnirlər və sonra cəmiyyətə inteqrasiya olunurlar. Elə bu səbəbdən də uşaq və gənclərimizə ilk növbədə böyüyüb boya-başa çatdıqları ailədə doğru, düzgün tərbiyə verilməlidir. Sözsüz ki, bu mənada Azərbaycan ailəsi bütün dünyaya nümunə, örnək olacaq ailədir. Əvvəla ona görə ki, bizim ailə dəyərlərimiz, ailə institutlarımız, ali dəyərlər cəmiyyətimizdə hər şeydən üstün tutulur. Xalqımız milli dəyərlərə, ən ali dəyərlərə çox həssas yanaşır və tarix boyu bu dəyərlərin xalqımız tərəfindən qorunduğu və günümüzə daşındığı hər birimizə bəllidir. Bizim üçün ali dəyərlər canımızdan, qanımızdan daha üstündür və bunu xalqımız artıq dəfələrlə sübut edib. İstər 20 yanvar faciəsi günündə, istər Qarabağda gedən döyüşlər zamanı, ələlxüsus da 44 günlük müharibə dönəmində vətənin, torpağın, dövlətçiliyin, müstəqilliyin, suverenliyin bizim üçün nə dərəcədə dəyərli olduğunu, ali dəyər olduğunu bütövlükdə dünya ictimaiyyəti müşahidə etdi. Bütün dünya gördü ki, vətənin hər qarış torpağı uğrunda canından, qanından keçməyə hazır olan və şəhidliyi ən uca məqam hesab edən gənclərimiz hansı ruhda tərbiyə alıblar, hansı ruhda yetişiblər. Məhz bu tərbiyə ilk növbədə Azərbaycan ailəsinin verdiyi tərbiyədir. Öz ailəsi tərəfindən vətənpərvərlik ruhunda tərbiyə alan uşaq və gənclərimiz nəinki cəmiyyətdə özünü layiqincə təmsil edə bilirlər, eləcə də Vətənin hər qarışına cavabdeh olduqlarını dərk edərək, onun inkişafı üçün bütün səy və bacarıqlarını səfərbər edirlər. Təbii ki, bu baxımdan da milli-mənəvi dəyərlərə söykənən ailə dəyərlərimizin bundan sonra da qorunması çox vacib şərt, vacib məqam hesab olunmaqdadır.

Əlbəttə ki, uşaq və gənclərin mənəvi cəhətdən inkişafı olduqca əhəmiyyətlidir və vacib şərtdir. Hər bir uşağın, hər bir gəncin gələcəkdə layiqli vətəndaş olması üçün onun məhz mənəvi cəhətdən inkişafına, milli ruhda, vətənpərvərlik ruhunda yetişməsinə xüsusi diqqət olmalıdır. Sözsüz ki, ailələrin, valideynlərin öz övladlarına düzgün tərbiyə verməsi ilkin şərt olsa da, bunun ardınca gənclərin hər mənada sağlam yetişməsində təhsil ocaqlarının rolunu qətiyyən təkzib etmək olmaz. Çünki gənc nəslin mənəvi tərbiyəsində ailədən sonra ilk yeri məhz təhsil ocaqları, orta və ali məktəblər, universitetlər tutur. Həmin təhsil ocaqlarında uşaq və gənclərimizin layiqli vətəndaş olmaları üçün çalışan pedoqoji kollektivin, müəllimlərin xüsusi əməyinin olduğu da danılmazdır. Çünki, tədris müəssisələrinin əsas vəzifəsi məhz gəncliyimizin milli ruhda, milli-mənəvi tərbiyədə yetişməsini təmin etməkdir və bu işdə ən böyük məsuliyyət də məhz müəllimlərin, pedaqoji kollektivin üzərinə düşür. Məhz bu baxımdan da həmin müəəssisələrdə, tədris ocaqlarında çalışan müəllimlər də uşaq və gənclərin düzgün tərbiyə almalarına, gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi inteqrasiya olunmalarına, onların şəxsiyyətlərinin formalaşmasına, milli ruhda böyümələrinə birbaşa cavabdehlik daşımalıdırlar və daşıyırlar.

Vətəndaşlıq, vətənə məhəbbət hissinin tərbiyəsi gənclərin normal xarakterdə yetişməsində önəmli yer tutur. Milli maraqlarımızın, xalqımıza məxsus olanların qorunması, suverenliyimizin, müstəqilliyimizin, ərazi bütövlüyümüzün müdafiəsi hər bir azərbaycanlının vətəndaşlıq borcudur və azərbaycançılıq ideyasının qayəsini təşkil edir. Sözsüz ki, azərbaycançılıq ideyası hər bir gəncimiz üçün əsas ideya olaraq aşılanmalıdır. Vətəni sevmək, vətənə sədaqətli olmaq, vətən uğrunda bacardığını əsirgəməmək əsl vətəndaş olmaq deməkdir və bütün bunlar azərbaycançılıq ideyasının əsası olaraq qəbul edilməkdədir, hansıki hər bir azərbaycanlı gənc məhz bu ruhda yetişməlidir. Bu ruhda yetişməlidir ki, suverenliyimiz, müstəqilliyimiz, ərazi bütövlüyümüz etibarlı əllərdə olsun. Heç şübhəsiz ki, Müzəffər Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin rəhbərliyi, siyasi iradəsi, qətiyyəti, xalqımızın birliyi, Azərbaycan Ordusunun şücaəti, rəşadəti ilə əldə etdiyimiz qələbə, qazandığımız Zəfər də məhz bunun sayəsində, vətəndaşlarımızın vətəni sevməsi, vətən uğrunda canını, qanını belə əsirgəməməsi, Azərbaycanımız uğrunda birləşməsi, birliyi, həmrəyliyi, azərbaycançılıq ideyasının olması ilə reallaşdı. 44 günlük müharibənin məntiqi nəticəsi, əldə etdiyimiz Zəfər bizim gəncliyimizin necə vətənpərvər olduğunu dünyaya göstərdi və eləcə də Azərbaycan xalqı, ölkəmizin gəncləri vətəni necə sevmək lazım olduğu barədə düşmənə də bir dərs vermiş oldu. Hər kəs gördü və əmin oldu ki, Azərbaycanın oğul və qızları vətənə məhəbbət ruhundadır və etiraf etmək lazımdır ki, bu ruh uşaq və gənclərin düzgün tərbiyə almasından qaynaqlanır. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev gənc nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə hörmət ruhunda yetişməsinin, ali dəyərlərimizin keşiyində olmasının vacibliyi barədə dəfələrlə qeyd edib və hazırda bu, prioritet məsələ olaraq qəbul olunmaqdadır. Prioritet olaraq qəbul olunmaqdadır ki, müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün, ölkəmizin təhlükəsizliyinin təmin olunmasının etibarlı əllərdə olacağına əmin olaq.

Müəllif: İnam Hacıyev

6.3.19. “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə