Dövlətçilik tariximizin, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin təbliği prioritetdir - TƏHLİL
Xalqımızın dövlətçilik tarixi çox qədim zamanlardan başlayır və bizim zəngin dövlətçilik ənənələrimiz var. Beş min ildən də çox tarixi, yaşı olan dövlətçilik ənənələrimiz bizim mədəniyyətimizin, ədəbiyyatımızın, elm və təhsilimizin inkişafına, tərəqqisinə təsirsiz ötüşməyib, böyük töhfələr verib. Deməli, bu ənənələrin qorunması, eləcə də təbliği günümüzün ən aktual məsələlərindən biri hesab olunur və hər zaman prioritet sayılır.
Sirr deyil ki, dövlətin və xalqın var olması üçün ilk növbədə, dövlətçilik ənənələrinin, elm və mədəniyyətinin, eləcə də milli dəyərlərinin qorunması gərəkir. Azərbaycanın dövlətçilik tarixinin, elm və mədəniyyətinin hazırda uğurla təbliğ edilməsi hamımızı sevindirir və milli-mənəvi dəyərlərimizə dövlət səviyyəsində yüksək qiymət verilməsi hər kəsi daha da ruhlandırır. "Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duyur və sözsüz ki, bununla fəxr edir", - deyən Ulu Öndər Heydər Əliyev dövlətçilik tariximizə, elm-mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə neçə bağlılığımızı və eləcə də yüksək qiymət verildiyini diqqətə çatdırıb. Həqiqətən də, ölkəmizdə milli adət-ənənələr mühafizə olunur, qorunur və başda elə dövlətçilik ənənəsi olmaqla, bütün ənənələrimizə daim hörmət və ehtiram göstərilir.
Tariximizin müxtəlif mərhələləri, ələlxüsus da müstəqilliyimizin yenidən bərpa edilməsindən bu günə qədər olan dövr xalqımız üçün unudulan deyil və bu istiqamətdə maariflənmə işi hələ də aparılır. Məhz elə müstəqillik dövründə milli-mənəvi dəyərlərin qorunmasına söykənən maariflənmə və təbliğat işi də əsasən 44 günlük Vətən müharibəsində öz bəhrəsini vermiş oldu. Heç zaman Qarabağda olmayan, həmin əraziləri yalnız mətbuatdan və dərsliklərdən tanıyan yeni nəslin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ən qısa zamanda Zəfərə imza atması da məhz elə mənəvi dəyərlərin təbliği, milli ruhda, dövlətçilik, azərbaycançılıq ruhunda tərbiyənin məntiqi nəticəsi idi.
İşğal altında olan torpaqlarımız uğrunda döyüşən, canlarını, qanlarını əsirgəməyənlər dövlətçilik tariximizə, dəyərlərimizə, ənənələrimizə necə bağlı olduqlarını bütün dünyaya sübut etdilər. Vətən torpağının hər qarışı uğrunda canını fəda edənlər göstərdilər ki, vətəni sevmək, dövlətçilik tarixinə, milli-mənəvi dəyərlərə hörmətlə yanaşmaq necə olur. Bütün dünya ictimaiyyəti bir daha əmin oldu ki, Azərbaycan xalqı öz dövlətçilik tarixinə, milli-mənəvi dəyərlərinə, özünə məxsus olana böyük sayqı ilə yanaşır və hər zaman da onların keşiyindədir. Azərbaycan əsgərinin döyüş meydanında necə böyük ruh yüksəkliyi ilə döyüşməsi, vətən uğrunda, vətən torpağını işğaldan azad etmək uğrunda hansı həvəslə vuruşması bütün dünya ictimaiyyətinin diqqətindən yayınmayıb və yaddaşlardan da silinən deyil. Vətən müharibəsi və bu müharibədə əsgərlərimiz tərəfindən göstərilən şücaət bir daha təsdiq etdi ki, həmin torpaqların sahibi o torpaqları qoyub qaçanlar yox, məhz həmin torpaqların hər qarışı uğrunda canından keçməyə hazır olanlardır və onlar Azərbaycanın dövlətçilik tarixinin, milli-mənəvi dəyərlərinin, bizə məxsus olanın keşiyində duran, onu qoruyan, dəyər verən azərbaycanlılardır.
Güclü dövlətçilik quruculuğu ilə adət-ənənələr, eləcə də həmin adət-ənənələrin formalaşdırdığı milli dəyərlər sistemi arasında qırılmaz bağlılıq, vəhdət var. Diqqətə çatdıraq ki, əxlaqi, milli vətənəpərvərlik baxımından cəmiyyəti düzgün istiqamətə yönəldən elə ilk növbədə, adət və ənənələrdir. Ona görə də cəsarətlə deyə bilərik ki, hər bir dövlətin gücü məhz həmin dəyərlərin cəmiyyəti saf təməllər üzərində tərbiyə etməsindən birbaşa asılıdır və qırılmaz bağlılıq, vəhdət də elə buradan ortaya çıxır, təzahür edir. Heç şübhəsiz ki, güclü və qüdrətli dövlətin meydana çıxmasında önəmli rol oynayan məhz adət-ənənələrdir, hansı ki, insan münasibətlərinin tənzimləyici və istiqamətvericisi funksiyasını yerinə yetirir.
Hər bir millətin, xalqın mənəvi, mədəni siması milli adət-ənənələri və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hesab olunur və bu heç də təsadüfi deyil. Özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verən və yenə də töhfələr verməkdə davam edən Azərbaycan xalqının dəyərlərinə hörmətlə yanaşılması da bu baxımdan əbəs yerə deyil. "Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir", deyən və adət-ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolu hər zaman yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev bununla bəyan edib ki, xalqımız dünyanın ən qədim tarixə malik, ən qədim xalqlarındandır.
Dövlətimiz qarşısında ən zəruri vəzifələrdən birinin məhz gənc nəslin dövlətimiz qarşısında ən zəruri vəzifələrdən biri olduğunu hər zaman diqqətə çatdıran Ulu Öndər Heydər Əliyevin öz xalqının, Azərbaycan xalqının mədəni irsinə, mənəvi dəyərlər sisteminə hər zaman qayğı ilə yanaşması da təsadüfi deyildi. Bu ondan irəli gəlirdi ki, yetişməkdə olan gənc nəsildə böyük təsir gücünə malik olan adət-ənənələrin məhz həmin gənc nəslin vətən, millət, xalq sevgisi ruhunda tərbiyə olunmasında mühüm rol oynadığı danılmazdır. Heç şübhəsiz ki, adət-ənənələr mənəvi baxımdan nə qədər zəngin olarsa, gənclər də o qədər cəmiyyət üçün xeyirli şəxslər kimi yetişər, formalaşar, dövlətin daha da güclü olmasına öz töhfələrini verərlər və bu məqam dahi rəhbərin diqqətindən yayına bilməzdi, heç yayınmamışdı da.
Gənc nəslin saf əxlaqi ruhda tərbiyələndirilməsinin dövlətimiz qarşısında ən zəruri vəzifələrdən biri olduğunu vurğulayan Ümummilli Lider Heydər Əliyev mənsub olduğu xalqın, Azərbaycan xalqının tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə hər zaman qayğı ilə yanaşıb. Görkəmli dövlət xadimi, dünyaca məşhur olan Ulu Öndər gənclərin mənəvi baxımdan zəngin olmasına xususi diqqət göstərib və bu ənənə indi də onun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Dövlətçilik tarixinə, milli-mənəvi dəyərlərə sayqı göstərən gənclərin cəmiyyət üçün daha xeyirli şəxs kimi yetişdiyi, dövlətin daha da güclü olmasına öz töhfəsini verəcəyi bizdə zərrə qədər şübhə doğurmur və 44 günlük müharibədə biz bunun əyani şahidi olduq. Elə bu baxımdan da ölkəmizdə dövlətçilik tariximizin, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin təbliği prioritet hesab olunur.
İnam Hacıyev
6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır
Bütün xəbərlər Facebook səhifəmizdə