Aynur Hilali yazır: İlkinliyin dəyişməz çöhrəsi

Hərdən adama elə gəlir ki, daha bu mövzuda mümkün olan nə varsa araşdırılıb. Deyilib. Yazılıb. Qurtarıb! Tədqiqat mövzusu kimi ən qədimi, ilkin olanlardandır. Amma bir qaçılmaz reallıq da var; milli mədəniyyətin təməlində dayanan meydan, xalq oyunları, mərasim toplantıları, şəbih olayları mövzusu bir növ pəncərə, eynək, saf ayna şüşəsi kimidir. Elə ki, sonsuz maraq duyğusu ilə əlini uzadıb bu saf aynanın, eynək və pəncərə şüşəsinin üstünü tutan şehi, nəmi silirsən, gözlərin önündə yepyeni, heyrətamiz bir aləm açılır. Dəfolunmaz bir istəklə o aləmdə yaşamaq, o aləmin gizlinlərinə, xəyal dünyasına varmaq istəyirsən. Xalq yaddaşının ata-ana ocağı, necə deyərlər, “dibək daşı” kimidir bu aləm. Ssenarisiz, rejissorsuz səhnə kadrlarıdır. Milli mədəniyyətimizin hansı örnək xəzinəsinə göz atırsansa xalq ruhunun daşıyıcıları olan o səhnələrdən ölümsüz fraqmentlər birər-birər boy göstərir. Deyək ki, ana kitabımız “Dədəm Qorqud” dastanından bir əsintisi gəlir. Xatırlayaq, ənənəvi məclislərdən biri qurulub. Meydan yeni bir şadyanalıq havasıyla aşıb-daşır. Elə bu vaxt gözlənilməz olay baş verir. Şıdırğı çal-çağır havasından başı dönən buğa meydana hücum çəkir. Bunu gözləməyən meydan əhli təşviş içindədir. Elə bu vaxt hələ də daşıyacağı adın məramınca yenilməz güc-qüvvət toplayan gənc oğlan vaxt itirmədən meydana çıxır. Qızğın buğanı ram edir. Ozanlar ozanı Qorqud ata onun bu igidliyini ürəkdən öyür, ona Buğac adı verir və gələcəyini qutlayır: “Adını mən verdim, bəxtini, taleyini uca olan Allah versin!”

Unudulmaz səhnədir və hesab edirəm, bu, bizim xalq, meydan oyunlarının bitkin versiyasının yazılı ədəbiyyatımıza yansıyan ilk nümunələrindəndir.

Belə nümunələr “Koroğlu” dastanının ayrı-ayrı qolları hücrəsində oyur-oyur oynaşmaqdadır. Deyək ki, dil əzbəri olan bu unudulmaz misralarda:

Pəhləvanlar kisvət geyib, yağlanır,

Cümlə bəzirganlar burda əylənir.

İki misralıq fikirdir. Amma mahiyyətinə varanda bir kitablıq mətləb var; yəni burası elə bir meydandır ki, dünyanın ən müxtəlif guşələrindən gələn, eyni zamanda elin ən ünlü kəsləri bu meydana cəm olur, yol yorğunluqlarını, gündəlik problemlərini, yaşayış qarğaşalarını, iztirablarını burada unudurlar. Burası bir tamaşa meydanıdır. Rəqib əli yapışa bilməsin deyə bədənlərinə yağ çəkmiş pəhləvanların, meydangir çalıb-çağıranların, şəhib ustalarının bir araya gəldiyi məkandır burası.

“Arşın mal alan”, “O olmasın, bu olsun”, “Dəli Kür”, “Yeddi oğul istərəm”, “Dərviş Parisi dağıdır” və s. filmlərində əbədiləşən kadrlar var; bacadan şal sallayanlar, qulaq falına çıxanlar, bəxt sınayanlar, bayramlıq üçün papaq atanlar, yumurta döyüşləri, xoruz döyüşdürmələri, üzüksallama, qulaq falı ayinləri... Bütün bunlar meydan oyunlarından, şəbih ənənələrindən gələn bəlli kodlar, elementlərdir. Eləcə də “Kosa-kosa”, “Qodu-qodu” oyunları.

Folklor araşdırmaçıları, ədəbiyyatşünaslıq elmi adıçəkilən və çəkilməyən çoxsaylı folklor gələnəkləri haqqında yetərincə bəhs edib. Xalq yaradıcılığı, mifologiyadan gələn yaradıcılıq faktları olaraq bu mövzuda geniş tədqiqatlar aparılıb. Daha çox araşdırma sahəsi olaraq, daha çox mövzu aktuallığı, xalqın, millətin keçib gəldiyi zamanın, mühitin gerçək tərəfini öyrənmək baxımından. Ancaq çox zaman tədqiqatçılar bu mədəniyyət xəzinəsinin topluma bəxş etdiyi, yaşatdığı estetik zövq mövzusunun üzərindən sükutla keçilib. Yəni, bəlli folklor nümunələrinin yaranma tarixi, meydan oyunları və şəbihlərin geniş yayıldığı ərazilər, bəlli nümunələr folklorşünaslıq faktı kimi tədqiq edilib, ancaq xalq ruhunun, xalq inancının gerçək ifadəçiləri olan bu mədəniyyət xəzinəsinin yaranmasına vəsilə olan zəruri məqamlar arxa planda qalıb. Belə deyək, folklor, xalq yaradıcılığı küll olaraq mədəniyyət faktı kimi öyrənilib, ancaq onun estetik mahiyyəti, yaranma, var olma səbəbi, bu xəzinənin cəmiyyət həyatının hansı boşluqlarını doldurmalı olduğu zərurəti əhatəli şəkildə öz ifadəsini tapmayıb. Bu xüsusda biz daha çox kino mətbəximizə, ekran-efir məkanlarımıza borcluyuq. O səbəbdən ki, çoxyönlü meydan oyunlarının, şəbih mərasimlərinin cəmiyyət həyatına bəxş etdiyi estetik yaşamı epizodik fonda olsa da belə, kino, ekran-efir təsərrüfatımız daha qabarıq şəkildə ifadə edə bilmişdir. Məsələn, “Yeddi oğul istərəm” filmində Novruz bayramı şadyanalığını əks etdirəm “Kosa-kosa” səhnəsində izləyici həm məşhur mahnısını oxuya-oxuya heybəsini dolduran Keçəpapağı, həm evlənmək arzusu ilə qovrulan, bir oyunu ilə “keçini qoyun eyləyən” Kosanı görür, həm də bu xoş meydan oyunu fonunda bütün qayğılarını, dərd-sərini, həyat problemlərini unudub bir anın xoşbəxti olan meydan əhlini... Üz-gözlərini tük basıb, vaxtsız qocalığın ağır yükü üstlərinə çöküb, əyin-başları tökülüb, ancaq tamaşasına durduqları şəbih onları gözləri yaşarınca güldürür. Yeganə tək dişlərinin görünməsinin, ağızlarındakı yaşmağın sürüşməsinin, üz-gözlərinin dərin qırışlarının görünməməsinin belə fərqində deyillər.

Həmin anlarının bəxtəvərləridirlər. Dünyanın ən böyük estetik zövqünü yaşayırlar. Ürəklərində kinə, kibirə yer qalmayıb. Təmizlənmə, paklaşma məqamındadırlar. Həmin anda upuzun saqqalı, güclə seçiləcək buynuzları, bəzi hallarda uzanıb-uzanıb yerə çatan “quyruğu” yerə dəyən, görkəmi ilə meydanı dolduran şəbihçilər belə bu səhnəni izləyənlərin gözü önündə səadət, sevinc, gülüş mələkləri kimi görünür. Yəni, seyrçi hər hansı “şeytanlığın” içində belə, səmimiyyət, təbəssüm ilahisi arayır. Onu tapır. Ona sığınır. Necə deyərlər, könül qaranlıqlarını aydınladır. Anın xoşbəxtliyini yaşayır. Bu halı hər dəfə yeni bir meydan oyunu, şəbih tamaşaları ilə yenidən yaşamaq arzuya dönür. O meydanın, o şəbih gününün yolu gözlənilir. Gəlir Novruz günlərinin məşhur yumurta döyüşləri, papaqatdı, qulaq falına çıxma mərasimləri. Bu adət-ənənənin insana yaşatdığı xoş əhval-ruhiyyə, verdiyi zövq... Mübağiləsiz demək olar ki, bu səhnələr, xalq yaradıcılığı nümunələri böyük teatr, səhnə mədəniyyətimizin təməlinə qoyulan özül daşları kimidir. Böyük teatr həyatımız o köklərdən gəlir. Səhnə tariximizin ilk qaranquşlarından olan, “Hekayəti – Molla İbrahim Xəlil kimyagər”in misi qızıla çevirə bilmək gülüşü, “Ölülər”in məşhur qəbiristan toplantısı həmin meydan oyunlarının daha genişlənmiş, daha “ahıllanmış”, daha cilalanmış şəkilləridir. Sadəcə, bu məqamda önə çıxan situasiya yeni mahiyyət daşıyır; saf, xoş gülüş, ironiya, kinayə, rişxənd tonuna keçir. Mahiyyətsə yerində qalır. Yəni hər iki halda, hər iki tonda meydanı dolduran gülüş cəmiyyəti, toplumu və fərdləri mənəvi paklığa, təmizlik aləminə səsləyir.

Onu yeniləyir, özünü-özünə tanıdır.

Meydan, xalq mərasim oyunları, şəbihlər mədəniyyət tariximizdə Yerin, Göyün, Dünyanın öz poetik ifadəsini tapdığı ölümsüz mənbələrdir. Dünyanın, bəxtin, taleyin sirli bilməcələrinə, gələcəyin gerçəyə çevirə biləcəyi gözləntilərə, açılmaz qıfıllara qulaq falları, qapı pusmalar, üzük sallamalar, suda iynə gəzdirməklə açar salan vergili bilgilərimiz düşündüklərini və qənaətlərini ilk növbədə meydan oyunlarının, şəbih tamaşalarının dilindən anladıblar. Bir ağızdan xəbər almaq istəyiblər ki:

Qodu-qodunu gördünüzmü?

Qoduya salam verdinizmi?

Qodu burdan keçəndə

Qırmızı donunu gördünüzmü?

Ən çox dumanlı-sisli, qaranlıq günlərdə oxunan, dil əzbəri olan nəğmədir bu... İfaçı üçün Qodu xoş günün, aydınlığın, işığın daşıyıcısı olan, libası, qırmızı geyimi səhəri simvolizə edən mifik varlıqdıq. Arzuolunmaz günlərdə bu mifik varlığın belə xoş ovqatla xəbər alınması sıxıntı çəkən hər kəsə toxtaqlıq verir. Anladır ki, ümidsiz olmayın, işıq, Günəş, sevinc simvolu olan Qodunun nəfəsi duyulmaqdadır, lap elə indicə gəlib yanınızdan keçəcək, öz qızılı geyimiylə dünyanınızı işıqlandıracaq. Bəxtinizə gün doğacaq. Dörd misralıq bu şərqi ilk növbədə estetik zövq, yaşantı mənbəyi, müjdəçisi kimi yaddaşlara yansıyır. Bütün hallarda xalq yaradıcılığı, meydan oyunları bu vacib missiyaya hesablanıb.

“Estetik təsir, estetik yönəltmə” yazıram və yadıma memuar ədəbiyyatdan tanış olan səhifələr düşür; deməli, görkəmli maarifçi yazıçımız Əbdülrəhim bəy Haqverdiyev ötən əsrin əvvəllərində mədəniyyət beşiyi Şuşada ilk xalq tamaşasının əsasını qoyur. Proqram Füzulinin “Leyli və Məcnun” poemasından Leylinin ölümü səhnəsi əsasında hazırlanır. Məcnun rolunda böyük muğam ustası Cabbar Qaryağdıoğlu, Leyli rolunda məşhur xanəndə Keçəçi oğlu Məhəmməd tamaşaçı qarşısına çıxır. Və bu oyunu yeniyetmə marağı ilə izləyən, gələcəyin dahi bəstəkarı Üzeyir Hacıbəyliyə ölməz “Leyli və Məcnun” operasını yazdıracaqdır. Deməli, kiçicik bir xalq tamşası gələcək zamanlar üçün əbədi var olacaq, səhnələr titrədəcək möhtəşəm bir sənət abidəsinin təməlini atır. Estetik zövqün milli təfəkkürə, düşüncəyə verdiyi stimulun parlaq nümunəsidir bu... Günümüzün, yaşamımızın ayrılmaz parçasına çevrilən teleməkanlar, mobil telefon şəbəkələri, kompüter gerçəklikləri nənə-babalarımızın “Sehrli güzgü” nağıllarının, xəyallarının gerçəyə çevrilməsinin isbatı deyilmi? Hələ bir, uçan xalça-sürəti saniyələrlə hesablanan uçaq vasitələri paralelləri... “Qarpız arabaların, kağız gəmilərin” köynəyindən çıxan buzqıran gəmilər, katerlər... Bütün bunların hər biri ilkin yaradıcılıq amilinin doğurduğu estetik zövqün, heyranlığın cəmiyyət həyatına daha böyük, ərdəmli şəkildə nüfuz etməsi, daha geniş ölçüdə reallaşması deyilmi? Hansı yöndən göz yetirsək görərik ki, bu günün gözüylə baxanda, haradasa bəsit, sadə, xəyalpərəstlik nümunəsi olan o ilkin xalq oyunlarının, şəbih tamaşalarının estetik təsiri, oyadıcı, səfərbəredici niyyəti çağdaş həyatımızın dünyaşöhrətli mədəniyyət abidələrinin meydana gəlməsində əsaslı, əvəzsiz bazis rolu oynayıb. Xalq, toplum arzusunun reallığa dönüş məqamının kökündə o sadə, hər cür ritorikadan uzaq estetik zövqü formalaşdıran, ilkinliyinə vəfalı nəsnələr dayanır.

Unutmamalıyıq. Hər cür multukulturial, hər cür “izmlər” basqısının tünlüyü şəraitində belə o ilkin təməllərin, mədəniyyət “babalarının” milli ruha, düşüncəyə yansıtdığı heyranlıq dolu estetik zövq mənbələrimizə sahib çıxmalıyıq.

Avropa parlaq görüntülər arxasınca yürüdükcə yaponlar keçmişin ətrini yaşadan, tarixə vəfalı, əsrlərin aşınmasına məruz qalmış “solğun rəngləri” sevdilər. O rəngi qorudular. O rəngə sahib çıxdılar və özlərini o rəngdə tapdılar. O rəng köhnəliyin, geriliyin yox, sözün geniş mənasında özünə, soy-kökə, ilkinliyə bağlılığın rəngidir. Əbədi rəmz, dəyişməz çöhrədir. O çöhrədə əks olunan nə varsa, gül ləçəyi, bulaq suyu, ana südü kimi saf, təmiz və əbədidir... Estetik hadisənin idrak aləminə, düşüncəyə bu yöndən yansıdığını isə isbat etməyə lüzum qalmır.

Bütün xəbərlər Facebook səhifəmizdə