Dedektiv əsərlərin mahir yazıçısı Əli Şimşək (Bayramov)-75

(Portret cizgiləri)

Əli Şimşək (Bayramov): “Günahkar adamlara qarşı həmişə amansız olmuşam və onların pis əməlləri ilə heç vaxt barışmamışam”

Onun dedektiv əsərlərini oxuduqca, böyük təəssüf hissi keçirirəm ki, axı niyə bu əsərlər hələ də teatr pyeslərinə və kinossenarilərə çevrilməyib? Niyə bu əsərlər teatrlarda tamaşaya qoyulmur və bu əsərlər əsasında kinofilmlər çəkilmir? Sonra da öz sualımın cavabını özüm verirəm. Çünki biz yazarlar hələ də Azərbaycan oxucularına Əli Şimşəyi ( Bayramovu) lazım olan səviyyədə tanıtmamışıq. Azərbaycan oxucusu, teatr və kino rejissorlarımız onun əsərləri ilə daha yaxından tanış deyil. Əslində bu, müstəqillik dövrümüzün ən böyük bəlası, problemi, faciəsidır ki, yazıçılarımızın əsərləri yalnız öz hesablarına və ya hansısa sponsorun cüzi maliyyəsi hesabına 200- 300 nüsxə çap olunur. Bu kitablar da dostlara, tanışlara paylanılır. Ona görə də oxucusu çox azdır. Əslində bu kitablar dövlət hesabına ən azından 5-10 min nüsxə çap olunmalı, respublikadakı bütün kitabxanalara göndərilməli və bütün kitab mağazalarında satılmalıdır. Belə götürəndə Azərbaycanda artıq kitab mağazaları da qalmayıb. Məmləkətimizdə oxucu kütləsi də həddindən artıq çox azdır. Bax bu, müstəqilliyimizin dövründə ən böyük faciələrimizndən biridir. Bu faciə də yazçıların, şairlərin taleyinə düşüb... Yazıçıya artıq dövlət qayğısı da demək olar ki, yoxdur. Amma bəyənmədiyimiz Sovetlər Birliyində biz yazıçılar yazdığımız əsərlərə görə aldığımız qonararla çox yaxşı dolanırdıq. Hər il də ən azından bir dəfə sanatoriyalarda dövlət hesabına dincəlirdik. Yaradıcılıq ezamiyyətlərinə gedirdik. Orada hər gün üç dəfə yemək yeməklə, öz əsərlərimizi oturub yazırdıq. Bu yazacağımız bədii əsərlərə görə bizə kitabımızı çap eləyəcək nəşriyyat tərəfindən əvvəlcədən 30-40 faiz qonarar da verilirdi. Bütün bunlar da bizi yaradıcılığa daha çox həvəsləndirirdi.

Amma indi yazıçıların demək olar ki, çoxu böyük ehtiyac içində yaşayırlar. Belə vəziyyətdə onlardan şedevr əsərlər gözləmək absurddur. Əlbəttə, mən inanıram ki, zaman gələcək biz, buna görə çox böyük təəssüf hissi keçirəcəyik. Və Əli Şimşək (Bayramov) kimi çox maraqlı yazıçılarımızı, belə maraqlı dedektiv əsərlər yazan sənətkarımızı vaxtında Azərbaycan oxucularına tanıda bilmədiyimizə görə gələcək nəsillərimiz bizi bağışlamayacaq. Çünki Əli Şimşəyin (Bayramovun) artıq ömrünün elə bir dövrüdür ki, onun əsərləri bu gün hər bir azərbaycanlının evində olmalı və sevə-sevə oxunmalıdır. Buna görə də mən birinci növbədə bugünkü jurnalistikamızı qınayıram. Bugünkü jurnalistlərimizin çoxu yazılarını dedi-qodulara, ucuz şoulara, təhqiramiz yazılara sərfə edirlər. Onlar bu yolla gündəmdə qalmaq istəyirlər. Amma bu biçarələr onu da bilmirlər ki, əgər öz yazılarını xalqın maariflənməsinə, çox istedadlı insanlarımızın xalq tərəfindən daha yaxşı tanınmasına sərf eləslər tarixdə daha yaxşı qala bilərlər. Necə ki, XX əsrin əvvəlində Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Cəlil Məmmədquluzadə, Üzeyr Hacıbəyov, Çingiz Hacıbəyli, Ağaoğlu, Nemanzadə və onlarca başqalarının adını çəkə bilərik. Eləcə də Sovet dövrünün jurnalistləri olan- Osman Mirzəyev, Nurəddin Babayev, Ağəddin Mansurzadə, Nəcəf Nəcəfov, Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli, Salatın Əsgərova, Mehman Əliyev, Rəhman Orxan, Eyruz Məmmədov və onlarca başqalarının adını çəkə bilərəm. Bu jurnalistlər Azərbaycanda maarifçilik, xalqın elminin, təhsilinin, ədəbiyyatının, incəsənətinin, idmanının təbliğində çox böyük işlər görüblər. Mənim tövsiyyəm budur ki, cavan jurnalistlərimiz də onların yolunu davam etdirməklə, qələmlərini xeyirxah işlərə yönəltsinlər. Bu, onlara yalnız başucalığı və böyük şöhrət gətirə bilər.

Budur. Qarşımda artıq ömrünün müdrik illərini yaşayan, həyatın bütün sınaqlarından çıxan, yüksək təfəkkürlü, danışdığı hər bir sözü ölçüb-biçən böyük ziyalı əyləşib. O, Əli Şimşək Bayramovdur. Sentyabr ayının 26-da 75 yaşı tamam olacaq mahir dedektiv əsərlərin müəllifini bir daha çoxminli oxucularla daha yaxından tanış etmək istəyirəm.

Qısa arayış: Əli Şimşək (Bayramov) 1945-ci ilin sentyabr ayının 26-da Masallı rayonunun Böyük Təklə kəndində anadan olub. Bədii yaradıcılığa orta məktəb illərindən başlasa da Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib, prokurorluq orqanlarında çalışdığından yazdığı şeirləri, poemaları, dedektiv hekayələri, povestləri, romanları mətbuatda çap etdirməyib. Amma müstəqillik illərimizdə dostu, şair-jurnalist Sahib Əliyevin təkidi ilə o, bədii əsərlərini çap etdirməyə başlayıb. Bu gün Əli Şimşəyin ( Bayramovun) 10-dan çox kitabı işıq üzü görüb. Mən onun “Şamilin səsi”, “Vahimə”, “Göz yaşları”, “Qan ləkəsi”, “Kimsəsiz körpələr”, “Əllinci patronun izi ilə”, “Milyonların mənbəyi” və başqa kitablarını oxumuşam. Bu kitabların hər biri yüksək peşəkarlıqla və çox maraqlı, kofliktli, kəskin qialoqlarla yazıldığına görə maraqlı səhnə əsərləri və kino filmlər üçün çox maraqlı ssenarilər ola bilər. Ona görə də bu gün teatrlar üçün maraqlı pyeslər və kino filmlər üçün ssenarilər az olduğu vaxtlarda, teatrlar üçün pyes yazan dramaturqlara və kino dramaturqlara tövsiyyəm budur ki, Əli Şimşəyin yaradıcılığına müraciət etsinlər. Çünki bu gün Azərbaycanda dedektiv janrını ən mükəmməl bilən yazıçılardan birincisi məhz Əli Şimşəkdir.

Bu 75 illik ömründə Əli Şimşəyin (Bayramovun) həyatındakı hadisələr dəfələrlə təkrarlanıb. Bu haqda o, özü belə deyir:
- Bilmirəm bu tale yazısıdır və ya elə belə olmalı idi. Mənim həyatımdakı hadisələr, həm məktəb illərində, həm ali təhsil illərində və həm də prokurorluq sistemində işləyəndə dəfələrlə təkrarlanıb. Bununla bağlı yəqin ki, gələcəkdə bir yazı işləyə bilərik. Amma onu vurğulayım ki, mən yaradıcılığa hələ orta məktəb illərindən başlamışam. O vaxtlar məktəbin divar qəzetlərinə şeirlər yazırdım. Həmin şeirlərimi də respublikada çap olunan qəzetlərə göndərirdim. Eləcə də rəsm əsərləri çəkib, yenə də qəzetlərə göndərirdim. Məktəbdə olan ədəbiyyat, riyaziyyat, rus dili və başqa fənnlərin dərnəklərində yaxından iştirak edirdim. Yəni o vaxtların cavanları olan biz, çox qaynar bir həyat yaşayırdıq. Dərslərimi də demək olar ki, əla qiymətlərlə oxuyurdum. Sonra Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul oldum və başım dərslərimə çox qarışdı. Çünki istəyirdim hüquq sistemini çox mükəmməl öyrənim. Günümün çox hissəsi kitabxanlarda keçirdi. Ona görə də əbədiyyata, şeirə vaxt sərf eləyə bilmirdim. Amma daxilimdə bir nisgil yatırdı. Ali məktəbi bitirəndən sonra müstəntiq, prokuror işlədim. Lakin yenə də prokurorluq işi ilə yaradıcılıq elə bil ki, tutmurdu. Çünki işlərim də həddindən artıq çox idi. Bir mütəxəssis kimi özümü prokurorluq sahəsində təsdiq etmək istəyirdim. Bütün bunlara baxmayaraq, qısa vaxt tapan kimi dəftərlərdə şeirlər, dedriktiv hekayələr yazırdım, hansısa gələcəkdə yazacağım əsərlərin qeydlərini aparırdım. Hətta bəzən raykom iclasları gedən vaxtı mənə necə təb gəlirdisə, boş söhbətlərə qulaq asmaqdansa şeir yazırdım. Məndə indi 10-dan artıq böyük kitabçalar var ki, həmin vaxtlar ora şeirlər yazmışam. Nəsr əsərlərimlə bağlı qeydlər aparmışam.

Yardımlı rayonunda gənc vaxtlarımda 7 il prokuror işləmişəm. Orada Sahib Əliyev adlı maraqlı, istedalı bir şair var. Onunla tez-tez təmasda olurduq. Yardımlı rayon qəzetin baş redaktoru idi. Bir binada otururduq. Redaksiya ilə bizim aramız üç metrə idi. O, tez-tez şeirlərini gətirib, mənim üçün oxuyurdu. Həmin şeirləri müzakirə edirdik. Sahib müəllim mənim də şeirlərimi oxuyurdu. Məni məcbur edirdi və deyirdi ki, “şeirlərinizi verin qəzetdə çap etdirək”. Amma həmin vaxt Sovet dövrü idi. Fikirləşirdim ki, deyəcəklər “vəzifəsindən sui istifadə edir. Niyə özünün prokurorluq işi ilə ciddi məşğul olmur, hələ bir şeir də yazır”. Sonra Yardımlıdan işdən çıxıb, respublika prokurorluğunda işlədim. Sonra da Qax rayonuna prokuror göndərildim. Orada işləyəndə məzuniyyətdə idim və Bakıya gəlmişdim. Təsadüfən Bakıda Sahib Əliyelə rastlaşdım. Çox mehriban görüşdük. Mənim maşınıma əyləşdik. Xahiş etdi ki, onu iş yerinə aparım. Soruşdum harada işləyirsən? Dedi ki, mən “Siyasət” nəşriyyatının rəhbəriyəm. Onun iş yerinə getdik. O, məcbur elədi ki, “bilirəm əvvəlki kimi yenə şeirlər, hekayələr yazırsız, verin onları çap edək”. Yenə də razılaşmadım. Sahib müəllim israrla dedi ki, “axı indi Sovet dövrü deyil. Müstəqillikdir. Axı burada nə var ki? Görün dünyada nə qədər insanlar var ki, başqa işlərdə də işləyirlər və bədii yaradıcılıqla da məşğul olurlar. Bədii yaradıcılıq sahəsində də böyük uğurlar əldə edirlər”. O, məni israrla çap olunmağa məcbur elədi. O vaxt yadıma saldım, məşhur rəssam, xalq rəssamı Hüseyn Əliyevin mənə dediyi sözləri. O, mənim şeirlərimi oxuyandan sonra belə demişdi: “Əli, Allah əgər sənə bu istedadı veribsə, hökmən yazmalısan. Və bunu da xalqdan gizlətməməlisən. Yaradıcılığı xalqdan gizlətmək elə özü böyük cinayətdir”.

Mən də bir həftə oturub, dəftərlərimi vərəqlədim. Orada xoşuma gələn, məni qane eləyən, zamanla səsləşən hekayələrimdən altısını seçib, Sahib Əliyevə verdim. Qısa vaxtda da həmin hekayələr kitab kimi çap olundu. Həmin kitabım çox maraqla qarşılandı və bu da məni həvəsləndirdi ki, oturub bədii yaradıcılığım haqqında ciddi düşünüm. Beləliklə, “Şamilin səsi”, “Vahimə”, “Göz yaşları”, “Qan ləkəsi”, “Kimsəsiz körpələr”, “Əllinci patronun izi ilə” və başqa kitablarımı çap etdirdim. Bu kitablarda da hekayələrim, povestlərim, poemalarım, romanlarım toplanıb. İndi yaradıcılıqla daha ciddi məşğul oluram. Çoxlu şeirlərim var ki, vaxtı ilə qəzetlərdə çap olunub. İndi onları kitab halına salıb çap etdirmək istəyirəm. Bir neçə yarımçıq povestlərim, romanlarım, əlyazma hekayələrim var ki, onların üzərində ciddi işləyirəm. Beləliklə, həyat davam eləyir. Ömrümün artıq 75 ilinə gəlib çatmışam. Prokurorluq, polis sistemlərində uzun illər işləmişəm. Tərif üçün demirəm. Yaxşı işləmişəm. Yuxarı təşkilatlar həmişə işimdən razı qalıblar. Çünki heç vaxt haqqı-nahaqqa verməmişəm. Günahkar adamlara qarşı həmişə amansız olmuşam və onların pis əməlləri ilə heç vaxt barışmamışam. Yuxarıda dediyim kimi, başım öz işimə çox qarışıq olduğuna görə yüzlərlə maraqlı hekayələrin, povestlərin, romanların, poemaların mövzusu ola biləcək çoxlu qeydlər götürmüşəm. Ulu Tanrıdan diləyim budur ki, mənə möhlət versin, həmin bədii əsərlərimi reallaşdıra bilim. Yalnız bir şeyə heyfislənirəm ki, gərək elə mən cavanlıqdan bu əsərləri yazıb, xalqıma ərmağan eləyəydim...

Bəli Əli müəllim. Atalarımızın belə bir maraqlı məsəli var və biz, çoxumuz buna əvvəldən, yəni cavanlıq illərindən əməl etmirik. Atalarımız belə deyib: “ İtirilən qızılı geri qaytarmaq olar, amma itirilən vaxtı heç vaxt geri qaytarmaq olmaz”.

Biz də çox istedadlı şair-nasir Əli Şimşəyi 75 yaşının tamam olması münasibəti ilə çoxminli oxucularımız adından təbrik edirik. Ona bundan sonra da möhkəm can sağlığı və bir-birindən maraqlı əsərlər yazmağı arzu edirəm. Yazıçı xalqının düşünən beyni, görən gözü və danışan dilidir. Tarix boyu elə məşhur yazıçılar olub ki, onlara görə doğulduğu ölkəni tanıyıblar. Onlara görə həmin ölkəni seviblər ki, məhz belə bir dahi yazıçı həmin ölkədə doğulub. Deməli, yazıçı Ulu Tanrının yerdə müqəddəs elçisidir. Bunu əgər bizim yüksək rütbəli məmurlar başa düşsələr və dərk eləsələr, onda yazıçılara lazım olan şərait yaradarlar.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...