İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin qürbətdə qalan məzarlarının ölkəyə gətirilməsinə nə mane olur?
Məşhur el məsəli var, "gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşıdır". Bəli, yeni cəmiyyətlər, yaşayışlar görmək, mədəniyyətlərlə, adət-ənənələrlə tanış olmaq, müəyyən hallarda elmi biliklərini artırmaq üçün xarici ölkələrə getmək, gəzmək olar. Tarixən ulularımız da elm öyrənmək, bilik və savad qazanmaq üçün Bağdada, Hələbə, Dəməşqə, İstanbula və digər uzaq-uzaq şəhərlərə üz tutublar. Elə şəxslərdə olub ki, Allahın buyruğu, taleyin hökmü ilə hansısa missiyanı yerinə yetirmək üçün məmləkətlər dolaşıb şəhərlər, kəndlər gəziblər. Alın yazısı olaraq dünyalarını da doğma məkanda yaxınlarının, əzizlərinin əhatəsində deyil, qürbətdə yad insanların laqeyid baxışları altında dəyişiblər. Neçə-neçə işıqlı ziyalılarımız, şair və yazıçılarımız, siyasi-ictimai xadimlərimiz qürbətdə haqq dünyasına qovuşublar. Onların həyatla vidalşmalarından illər, əsrlər keçsə də hələ də ruhları qürbətdə dolaşır. Hələ də qanı qanımızdan, canı canımızdan olan böyük mütəfəkkirlərin məzarlarını Vətənə gətirmək mümkün olmur. Səbəb nədir? İddia irəli sürülə və qeyd oluna bilər ki, işıqlı ziyalılarımız, mütəfəkkirlərimiz haqq dünyasına xarici ölkələrdə qovuşduğu üçün, o ölkələrin qanunları məzarların başqa yerə köçürülməsinə və ya Azərbaycana təhvil verilməsinə imkan vermir. Bununla bağlı çək - çevirli suallarla məsul şəxslərə müraciət etdikdə, onlar susmağa üstünlük verirlər, bəzi hallar da deyirlər ki, dünyanın hər bir bölgəsində vətənpərvər, öz mədəniyyətinə, adət-ənənəsinə bağlı olan azərbaycanlılar var, onlar qürbətdə uyuyan şair və yazıçılarımızın, elm və mədəniyyət adamlarımızın məzarlarını tez-tez ziyarət edir, məzarları önünə gül dəstələri düzür və ruhlarına dualar oxuyurlar. Lakin bu fikrilər sadəcə təsəllivericidir, insanları sakitləşdirməyə xidmət edir. Unutmaq olmaz ki, məzarları qürbətdə olan Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Nəsrəddin Tusi, Xətib Təbrizi, Mirzə Şəfi Vazeh, Almas İldırım qiymətsiz xəzinədilər. Bu xəzinənin ziyarət məkanı da doğulduqları Azərbaycan dövləti olmalıdır. Yalnız bu halda onların niskil ruhları şad olar. Nəzərə almaq lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları olmuş Nəriman Nərimanovun, Fətəli Xan Xoyskinin Mirzə Kazım bəyin, Əhməd bəy Ağaoğlunun, Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağayevin, Məhəmməd Əmin Rəsulzadənin, Həsən bəy Ağayevin, Ceyhun Hacıbəyli, Xəlil bəy Xasməmmədovun məzarları Azərbaycanda deyil. "Elin bu başı, o başı olmaz" deyiblər, sonuncuların məzarları elimizin o başı olan qardaş Türkiyədə olsa da, hər halda daha yaxşı olardı ki, onların qəbirləri doğulduqları məkanda olsun.
Bəşər Əsəd hakimiyyəti İmadəddin Nəsiminin məzarının Azərbaycana köçürülməsi üçün 2 milyard dollar istəyib?
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü-məkanə sığmazam.
...Kimsə gümanü zənn ilə olmadı həqq ilə biliş,
Həqqi bilən bilir ki, mən zənnü-gümana sığmazam.
...Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,
Gör bu lətiqifeyi ki, mən dəhrü-zəmanə sığmazam.
...Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyana sığmazam.
Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Bundan uludur ayətim, ayətə, şanə sığmazam.
Hər kəsə tanış olan misralar. Bu misraların müəllifi görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimidir. Şair 1369-cu ildə böyük dahilər, mütəfəkkirlər yetişdirən, qədim elm mərkəzi Şamaxıda doğulub. Uşaqlıq vaxtı yüksək elmi biliklərə yiyələnməsi Seyid İmadəddin Nəsiminin elmli, savadlı olmasına geniş imkanlar yaratmışdır. O, Azərbaycan şeirini, yaradıcılıq mühitini bənzərsiz ifadə vasitələri ilə zənginləşdirmişdir. Əsərləri dünyanın az qala bütün xalqlarının dillərinə tərcümə olunub. Haqqında dünyanın tanınmış ziyalıları tərəfindən əsərlər yazılıb. Yalınız Almaniyada İmadəddin Nəsimiyə həsr olunan 12 tədqiqatçı alim tərəfindən 17 kitab yazılıb. Əsərlər yazılsa da, almaniyalı mütəxəssislər " Araşdırmalar, tədqiqatlar əsasında yazılan əsrlərimiz olsa da Nəsimini dərk edə bilmədik", - deyə qeyd olunub. Bu böyük şairin adı Azərbaycanda əbədiləşdirilib, haqqında şeirlər qoşulub, mahnılar yazılıb, adına küçə və meydanlar, yaşayış məskənləri verilib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2019-cu il "Nəsimi ili" elan edilib. Bununla yanaşı, dahi şairin Suriyanın Hələb şəhərindəki məzarının Azərbaycana gətirilməsi üçün dövlətin müvafiq addımlar atdığı, lakin hələ ki, buna nail olunmadığı bildirilir.
Məlum faktdır ki, hürufiliyin zəngin elmi-ilahi əsaslarını başqa xalqlara çatdırmaq üçün hazır ki fars-molla rejiminin nəzarət etdiyi tarixi Azərbaycan torpaqlarına, İraqa, Türkiyəyə, Suriyaya səfərlər edib. Səyahətləri zamanı insanlar onu böyük sevgi və məhəbbətlə qarşılasalarda yerli hakimiyyətlər ona qarşı hiddət nümayiş etdiriblər, nüfuzundan narahat olublar. Bu səbəbdən də dəfələrlə Suriyada, İraqda və Osmanlı ərazilərində zindanlara atılıb, azadlığı məhdudlaşdırılıb. 1369-cu ilin yayında Suriyanın Hələb şəhərində böyük meydanda geniş əhali kütləsi önündə şeirləri ilə öz ideyasını təqdim edərkən həbs olunub.
Şairin mühakiməsi zamanı ziddiyyətli hadisələrin baş verdiyi bildirilir. Bədxahlar onu dinsizlikdə ittiham etməyə çalış və onun ölümə məhkum edilməsini istəyirlər. Lakin cahanın böyük şairi kəlmeyi-şəhadətini uca səslə söyləməklə hakim zümrəni mat qoyur. Bu səbəbdən də məhkəmədə qazilər şurasının əksər üzvləri bəşəriyyətə sığmayan şairin ölüm cəzasının verilməsinə qarşı çıxırlar. Lakin o dövrün ən qəddar sultanı olan Misir sultanı Məmlük ibn Müəyyədin fərmanı ilə böyük şair dərisinin soyulması ilə öldürülüb. Hazırda şairin məzarı Suriyanın Hələb şəhərindəki əl-Ferafire məhəlləsində ki, "Nəsimi təkyəsi" adlanan ərazidə dəfn olunub.
Diqqətçəkən məqam ondan ibarətdir ki, 20-ci əsrin 60-ci illərinə qədər İmadəddin Nəsiminin məzarının Surayanın hansı şəhərində olmasına dairə məlumatlara olmayıb. Yalnız 1968-ci ildə xalq şairi Rəsul Rza Suriyaya ezamiyyətə gedərkən Nəsiminin qəbrinin Hələbdə olduğunu aşkar edib. Eyni zamanda, Rəsul Rza İmadəddin Nəsimiyə aid bir sıra əlyazma nüsxələrini tapıb. Hələbdə Nəsiminin qəbrini ziyarət edib qayıdandan sonra Rəsul Rza Bakıda "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi "Cahana sığmayan şairin qərib məzar" adlı məqalə dərc edib.
Bəli, şairin qərib məzarı Hələdbə qalmaqdadır. Yuxarıda qeyd etdiyim kimi, şairin məzarının Azərbaycana gətirilməsi üçün cəhdlər göstərilib. Deyilənlərə görə, Bəşər Əsəd hakimiyyəti dövründə Nəsiminin məzarının Azərbaycana gətirilməsi üçün ilkin razılaşma əldə edilib. Lakin sonradan Bəşər Əsədin məzarın Azərbaycana köçürülməsi üçün 2 milyard ABŞ dolları istəməsi danışıqların birinci mərhələsinin nəticəsiz qalmasına səbəb olub. Yenə də qeyd olunanlar görə, Bəşər Əsəd rejimi şairin məzarının və ətrafını abadlaşdırmağa icazə verməyib. Lakin danışıqlardan və Azərbaycan dövlətinin qətiyyəti sayəsində İmadəddin Nəsimin məzarını və ətrafını abadlaşdırmaq mümkün olub. Hazırda məzarın ətrafında yeni təmir, tikinti işləri aparılır, yəqin ki, Suriyada qurulan yeni demokratik Əş Şara hökuməti Azərbaycanın dünya miqyası dahi şairinin məzarının ölkəmizə verilməsinə razılıq verəcək. Hər halda buna ümidlər çoxdur.
Məhəmməd Füzuli Şamaxıda doğulub? Əzizə Cəfərzadə haqlıdırmı?
Dünya işinin mədarı yoxdur,
Heç kimsəyə etibarı yoxdur.
Eylər birisini sahibi-tac,
Ol birisin eylər ona möhtac.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yazdığı bu kimi şeirləri bütün dövrlər üçün düşündürücü, maraqlı və aktualdır. Dahi Azərbaycan şairi və filosofu Məhəmməd Süleyman oğlu Füzuli 1494-cü ildə anadan olub. Onun harada doğulması ilə bağlı dəqiq məlumatlar yoxdur. İrəli sürülən məlumatların əksəriyyəti ziddiyyətli və mübahisələrə yol açan məlumatlar. Çünki bir qisim tədqiqatçılar Məhəmməd Füzulinin Bağda şəhərinin yaxınlığında yerləşən Kərbəlada dünyaya gəldiyini qeyd etsələr də, əksəriyyət tədqiqatçılar şairin Azərbaycan ərazində, xüsusi ilə də Şamaxı və Ağcabədidə anadan olduğunu qeyd edirlər. Çünki maraqlı tərəflərin hər biri o fikirdədirlər ki, Məhəmməd Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Tanınmış Azərbaycan yazıçısı Əzizə Cəfərzadə qeyd etmişdir ki, Məhəmməd Füzulinin atası Süleyman Şamaxının Bayat kəndində yaşamış, yaşa dolduqdan sonra ailəsi ilə birlikdə, o cümlədən o zaman 8-9 yaşlarında olan Məhəmməd Füzuli ilə İraqın Ərəş mahalına köçmüşlər. Məhəmməd Füzuli ilk mədrəsə təhsini də Şamaxıda alıb. İraqın Ərəş mahalına köçdüklərindən sonra təhsilini dini ocaqda davam etdirmişdir. Hər zaman Azərbaycana, xalqına bağlılığı ilə seçilib. Şeirlərini, dostlarına ünvanladığı məktublarını Azərbaycan dilində yazıb. Buna misal olaraq onun təmiz Azərbaycan dilində yazdığı bir sıra şeirlərini, o cümlədən "Bəngü Badə" (Tiryək və Şərab), "Söhbətül-əsmar" (Meyvələrin söhbəti), "Leyli və Məcnun", "Hədiqətüs-Süəda" (Xoşbəxtlik bağçası), "Şikayətnamə" və ya "Nişançı Paşaya məktub" və digər poemalarını misal olaraq göstərmək olar.
Məlumat üçün onu da qeyd etmək lazımdır ki, Azərbaycanın tanınmış yazıçısı Əzizə Cəfərzadə Məhəmməd Füzulinin Şamaxının Bayat kəndində anadan olduğuna əmin olub. Bu baxımdan Şamaxı şəhərindən Göylər kəndinə gedən istiqamətdə yolun sağında yerləşən əraziyə "Məhəmməd Füzulu Bayat kəndində doğulub", yazılmış daş baralyef qoydurub. Hazırda daş baralyef öz möhtəşəm görünüşü ilə ətrafdan keçənləri heyran etməkdədir. Gözlənilir ki, Məhəmməd Füzulinin məzarı İraqdan Azərbaycan köçürülərsə, Əzizə Cəfərzadənin ucaltdığı baralyefin yanında yenidən dəfn olunacaq.
Ürək ağrıdan hal ondan ibarətdir ki, Məhəmməd Füzulinin məzarının baxımsız vəziyyətdə olmasına dair məlumatlar səsləndirilir. Bu günlər Kərbəlaya ziyarətə gedən jurnalist həmkarımız Cabir Məmmədov filosof və şair Məhəmməd Füzulinin məzarını da ziyarət edib. Jurnalist bizimlə söhbətində böyük şairinin məzarının dar bir yerdə sıxışdırılmış vəziyyətdə olduğunu söylədi. Qeyd etdi ki, ətrafının baxımsız olması məzarın görnüşünə ciddi əngəllər yaradır. Cabir Məmmədov Məhəmməd Füzulinin Azərbaycan şairi olmasını əks etdirən heç bir lövhənin qoyulmadığını da söylədi: "Təəssüflər olsun dünyamızın ən dəyərli və nüfuzlu şairi olan Füzulinin Azərbaycanla bağlılığına dair heç bir lövhə, yazı yoxdur. Məzarın üzərinə ərəb dillin də bir –iki söz yazılıb. Çox yaxşı olardı ki, Azərbaycanın mədəniyyət nazirliyi bu məsələyə diqqət yetirsin. İraqın müvafiq dövlət orqanları ilə Məhəmməd Füzulinin məzarının abadlaşdırılması və məzarın sinə daşı üzərində Azərbaycan şairi adının latın qrafikası ilə yazılmasına nail olsun. Bu baş versə, biz az da olsa təskinlik tapar və şairində ruhu şad olar".
İLHAM ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə