"Baş verən son hadisələrin səbəbləri geosiyasi münasibətlərlə bağlıdır" - POLİTOLOQ FİKRİ

"Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən son hadisələrin əsas səbəbləri çoxşaxəlidir. Bu hadisələr, əsasən, regional məsələlərlə və geosiyasi münasibətlərlə bağlıdır. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əraziləri işğaldan azad etməsi nəticəsində regionda geosiyasi vəziyyət dəyişmişdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan, Türkiyə və İsrail ilə sıx hərbi və enerji əməkdaşlığı münasibətlərini qoruyur: "Eyni zamanda, Azərbaycan aktiv iqtisadi və ticarət əlaqələrinə malikdir. Ölkə, Avropa İttifaqı, Çin və Orta Asiya ölkələrini birləşdirən nəqliyyat-kommunikasiya xətlərinin keçdiyi strateji məkanda yerləşir. Bu amillər Azərbaycan Respublikasının regional nüfuzunu artırır.

Rusiyanın isə bu istiqamətdəki inkişafları öz maraqları üçün potensial təhlükə kimi qəbul etməsi ehtimal edilir. Beləliklə, baş verən hadisələrin əsas səbəblərindən biri kimi məhz bu geosiyasi faktorlar göstərilə bilər. Təbii ki, azərbaycanlılara qarşı baş vermiş bu hadisələr göstərir ki, Azərbaycan–Rusiya münasibətlərinə təsirsiz ötüşməyə bilər. Bu, gələcəkdə ikitərəfli münasibətlərdə gərginliklərə səbəb ola biləcək mühüm bir göstəricidir. Eyni zamanda, diplomatik münasibətlərdəki gərginlik mədəni əlaqələrin zəifləməsinə və ya tamamilə dayandırılmasına gətirib çıxara bilər. Bununla yanaşı, diaspor fəaliyyəti sahəsində də bu kimi problemlərin müşahidə edildiyini qeyd etmək mümkündür".

Politoloq qeyd edib ki, bu hadisə, əslində yalnız hüquqi və insan hüquqları problemi kimi deyil, eyni zamanda həm ikitərəfli, həm də regional miqyasda strateji əhəmiyyətə malik bir məsələ kimi qiymətləndirilməlidir: "Qısa müddətdə mədəni əlaqələrin zəifləməsi və siyasi etimadın azalması müşahidə olunsa da, uzunmüddətli perspektivdə bu hadisə Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsi fonunda bir təhdid kimi dəyərləndirilir.

Azərbaycan isə öz növbəsində bu proseslər fonunda qarşıya qoyduğu milli maraqlara uyğun müstəqil siyasətini həyata keçirməkdə davam edir. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi, Qərbi Avropa və Orta Asiya ilə əlaqələri, İsrail və Yaxın Şərq dövlətləri ilə inkişaf edən münasibətləri onun müstəqil və suveren dövlət kimi diplomatik hədəflərinə uyğun xarici siyasət yürütməsini təmin edir.

Qeyd edilməlidir ki, Azərbaycan ilə Rusiya arasında 2022-ci ildə imzalanmış "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" iki ölkənin bərabərhüquqlu və suveren dövlətlər kimi əməkdaşlıq prinsiplərinə əsaslandığını təsdiqləyir. Azərbaycan bu prinsiplərə sadiq qalaraq, Rusiya ilə münasibətləri balanslı şəkildə qorumağa çalışır. Lakin reallıq ondan ibarətdir ki, regionda yeni güc mərkəzi kimi formalaşan Azərbaycanın artan nüfuzu və müstəqil qərarvermə qabiliyyəti, Rusiya ilə münasibətlərə yenidən baxılmasını, onların yeni geosiyasi reallıqlara uyğunlaşdırılmasını zəruri edir"- deyə o bildirib.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə