Heç kimə bənzəməyən yazıçı və böyük şəxsiyyət Əbdürrəhim bəy Haqverdiyev- 150

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Çox sevindirici haldır ki, ölkə başçımız Azərbaycan ədəbiyyatında, ictimai həyatında və siyasətində çox böyük xidmətləri olan iki böyük dahi şəxsiyyətimizin - Nəriman Nərimanovun və Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileylərinin dövlət səviyyəsində keçirilməsilə bağlı əmr verib. Bu günümüzün belə qarmaqarışıq keçdiyi, insanların koronavurus xofunda yaşadığı bir vaxtda və çoxlu insanlarımızın bədii əsrələr oxumağa marağının az olduğu, internet şəbəkəsinin hər şeyi öz əlinə aldığı bir vaxtda belə qərar çox yaxşıdır. Təqdirə layiqdir. Həm də millətimizin demək olar ki, hamısının əlində telefon olduğu bu zamanda və həmin telefonda həmvətənlərimizin daha çox bayağı, mənasız, primitiv şeylərə baxmağa çox üstünlük verdiyi məqamda ölkə başçımızın verdiyi bu qərar alqışa layiqdir. Mən, bir ziyalı kimi düşünürən ki, hansı millət öz ədəbiyyatını, incəsənətini, tarixini daha çox oxuyursa, elmin sirrlərinə daha çox baş vurursa həmin millət daha sivil və daha inkişaf eləmiş millətdir. Axı bu gün dünyanın bölüşdürülən bir vaxtında biz də savadlı, elmli və dünyada baş verənlərdən tam xəbərdar olmalı, hər şeyi öz beyin süzgəcimizdən keçirməli, yaxşı məntiq və təhlil eləmək qabiliyyətinə malik olmalı, özümüzün dahi şəxsiyyətlərimizi, məşhur sərkərdələrini, yaxşı tanımalıyıq və döğma yurdumuz olan Azərbaycanın tarixini mükəmməl bilməliyik ki, lazım gələndə həmin millətlərə lazım olanları məntiqlə sübut eləyə bilək.

Bu yazımda mən, həyatı və yaradıcılığı daha az öyrənilən, daha az təbliğ olunan, amma Azərbaycan ədəbiyyatı, incəsənəti, siyasəti və ən əsası isə millətimiz üçün titanik işlər görən dahi bir şəxsiyyətimiz haqqında yazmaq istəyirəm. Bu insanı isə mənə sevdirən, sevimli müəllimim, SSRİ Xalq artisti, məşhur aktyor, rejissor, teatr rəhbəri və böyük pedaqoq, teatr sahəsində öz məktəbini yaratmış Mehdi Məmmədov olub. Yadımdadır ki, 1971-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində oxuyurdum. Amma əvvəldən arzum jurnalist olmaq olduğuna görə, fikrim bu idi ki, institutdan çıxım və sənədlərimi Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə verim. Bu fikrimi kursumuzun rəhbəri Mehdi müəllimə deyəndə, o, özünə məxsus formada mənə baxdı və gülümsündu. Bir neçə dəqiqə susub və gözlərimə baxıb dedi: “Sən ola bilər ki, gələcəkdə tanınmış jurnalist ola bilərsən. Amma sən aktyorluq şöbəsində təhsilini başa vursan və istədiyin rejissorluq təhsilini də alsan, təkcə incəsənəti yox, ədəbiyyatı və elə jurnalistikanı da yaxşı öyrənəcəksən. Və əgər sənin ədəbiyyat, jurnalistika sahəsində istedadın varsa bu sahələrdə də gələcəkdə uğur qazana bilərsən. Yadına sal Ulyam Şekspiri, Jan Batist Molyeri, elə azərbaycanlı yazıçılar- Həsən bəy Zərdabini, Nəcəf bəy Vəzirovu, Əbdürrəhib bəy Haqveürdiyevi, Nəriman Nərimanovu, Hüseyn Cavidi, Cəlil Məmmədquluzadəni, Cəfər Cabbarlını və başqa tanınmışları. Onlar teatrla məşğul olmaqla, böyük yazıçılar olublar. Çoxlu publisit yazılar, məqalələr də yazıblar. Tamaşalara quruluş veriblər və məşhur yazıçılar kimi tarixdə qalıblar. Gözəl dram əsərləri də yazıblar.

Çünki teatr sənətini yaxşı biliblər. Çünki teatr həyatın kiçildilmiş modeli olmaqla, insana çox şeyləri öyrədir. Əsasən də həyatı dərk eləməyi”. Sevimli müəllimimin bu sözləri və əsl ağsaqqal fikiri mənə aktyorluq fakültəsində təhsilimi davam etdirməyə rəvac verdi. Sonra da Moskvada rejissorluq təhsili aldım və bütün bu müddətdə, yəni elə 1971-ci ildən özümün hekayələrimi, pyeslərimi, publisist yazılarımı, ressenziyalarımı, oçerklərimi və məqalələrimi yazdım. Amma Mehdi müəllimin sözlərindən sonra mən onun dediyi Şekspirin, Molyerin, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının və başqalarının əsərlərini daha çox oxumağa başladım. Onlardan bütün bu illərdə çox şey öyrənmişəm. Çoxunun da pyeslərinə quruluş vermişəm. Bax, Əbdürrəhim bəy Haqverdiyev elə həmin vaxtdan mənim sevdiyim yazıçılardan biri olub. Ulu Tanrımdan bir şeyə görə razıyam ki, bir vaxtlar onun adını daşıyan Ağdam Dövlət Dram Teatrına rəhbərlik etmişəm. Onun hələ tələbəlik illərində “Kimdir müqəssir” və Sumqayıt teatrında “Ağa Məhəmməd şah Qacar” pyeslərinə də quruluş vermişəm. Bir neçə hekayəsini də səhnələşdirmişəm və Sumqayıt Gənclərinin Xalq Teatrında hazırlamışam. Gələcəkdə də fikrim var ki, başqa pyeslərinə də quruluş verim. Çünki o, müasir günümüzlə səsləşən çox böyük damaturq və yazıçıdır. Nə qədər ki, Azərbaycan milləti yer üzündə yaşayacaq, bu ölkəyə kimin rəhbərlik eləməsindən asılı olmayaraq, bu dahi yazıçı da yaşayacaq. Dediyim bu, böyük şəxsiyyət və əsl azərbaycanlı yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, teatr xadimi və ictimai-siyasi xadim Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyevdir.

O, 17 may 1870-ci ildə, (keçmiş Yelizavetpol quberniyası) Laçın rayonu Sarıbaba kəndində (keçmiş Ağbulaq) anadan olub. Əbdürrəhim bəy cəmi 63 illik yaşadığı mənalı ömründə doğrudan da inanılmaz dərəcədə çox böyük, bir insan ömrünə sığmayan işlər görüb. O, ibtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa Real məktəbində 1881-1890-cı illərdə təhsil alıb . Əbdürrəhim bəy sonra təhsilini Tiflis Real məktəbində 1891-95-ci illərdə davam etdirib. Şuşada və Tiflisdə təhsil aldığı illərdə Əbdürrəhim bəy artıq bədii yaradıcılıqla məşğul olurdu. Tiflisdə o, Azərbaycan dramaturgiyasının banisi, dahi Mirzə Fətəli Axundzadə ilə görüşüb. Ona hələ Şuşada təhsil aldığı vaxtda, yəni 1884-cü ildə yazdığı “Hacı Daşdəmir” adlı kiçik bir pyesni oxumaq üçün ona verib. Bu pyes də Mirzə Fətəli tərəfindən yaxşı qarşılanıb. Böyük ədib ona bu yolu davam etdirməyi tövsiyyə eləyib. O, Tiflis Real məktəbini bitirəndən sonra Sankt-Peterburq Yol Mühəndisləri İnstitutunda 1895-99-cu illərdə təhsil alıb. Orada təhsil aldığı dövrdə ədəbiyyata böyük marağı olduğuna və artıq həmin vaxtlar özünün bədii əsərlərini yazdığına görə tələbəlik dövrində azad müdavim sifətilə Sankt-Peterburq Universitetin şərq fakültəsinin dinləyicisi də olub. Burada ədəbiyyatın sirlərini daha mükəmməl öyrənib. Onun lap uşaqlıq illərindən ədəbiyyata meyl olsa da Tiflis Real məktəbində və Sankt-Peterburqda təhsil aldığı dövrlərdə bu meyl daha da güclənib.

Məhz həmin dövrlərdə “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) və “Dağılan tifaq” (1896) əsərlərini yazıb. Hətta onun “Dağılan tifaq” pyesi 1899-cu ildə Sankt- Peterburqda rus dilində kitab kimi nəşr edilib. Əbdürrəhim bəy Haqverdiyev Sankt-Peterburqda ali təhsilini başa vurandan sonra Bakıya qayıdıb. O, Bakıda, Şuşada, Ağdamda dərs deməklə paralel tamaşalar da hazırlayıb. Çünki Sankt-Peterburqda təhsil aldığı illərdə o, tez-tez teatr tamaşalarına baxıb və onda hələ Tiflis Real məktəbində oxuduğu illərdə aktyorluğa və rejissorluğa böyük meyl olub. Çünki bu real məktəbdə oxuduğu illərdə orada təhsil alanlar bir sıra tamaşalarda aktyor kimi də çıxış eləyiblər. Əbdürrəhim bəy də həmin tamaşalarda rol oynayıb. Həm də öz müəllimlərindən teatr sənətinin də sirlərini öyrəniblər. Çünki Tiflis Real məktəbi, Qori Müəllimlər seminariyası kimi öz şagirdlərini hər tərəfli yetişdirir və savadlandırırdı. Orada təhsil alan bütün azərbaycanlılar sonralar pedaqoji sahə ilə yanaşı, ədəbiyyat, incəsənət, jurnalistika və başqa sahələr üzrə də böyük mütəcxəssislər olublar. Həm də Azərbaycanda maarifləndirmə sahəsində çox işlər görüblər.

Yuxarıda yazdığım kimi o, Sankt-Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyli və həvəsi daha da çoxalıb. Çünki orada baxdığı tamaşalar ona böyük ilham verib. Məhz buna görə də o, Tislifdə olarkən “Yeyərsən qaz ətini, görərsən ləzzətini” dramını və Sankt-Peterburqda “Dağılan tifaq” faciəsini yazıb. O, Sankt-Peterburqda oxuyan vaxtı təkcə öz işini tamaşalara getməklə bitmiş hesab eləmirdi. O vaxt Sankt-Peterburqda olan məşhur aktyorlarla dostluq edir, onların məşqlərinə də gedirdi. Tamaşaların necə hazırlanması ilə də maraqlanır, məşqlərdə iştirak eləyir, pyeslərin təhlilini öyrənir və rejissorların necə məşq elədiklərini, mizanlar qurduğunu görür və onlardan bu sənəti daha dərindən öyrənirdi. Allah vergisi olan, fitri istedadlı bu insan çox asanlıqla rejissor sənətini də mükəmməl öyrəndi. Beləliklə, 1899-cu ildə Azərbaycana qayıdan Əbdürrəhim bəy Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda verilən tamaşalara rejissorluq eləyib. Çünki rejissor sənətini də mükəmməl bilən Əbdürrəhim bəy üçün artıq Bakıda tamaşalar hazırlamaq çox asan idi. O, eyni zamanda bədii yaradıcılığını da davam etdirirdi. Bu istedadlı ədib, 1900-cı ildə “Bəxtsiz cavan” və 1901-ci ildə “Pəri-cadu” faciələrini yazmaqla milli dramaturgiyamızı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. Bakıda onun rəhbərliyi ilə 1902-1903-cü illərdə Şərq konsertləri verilib.

Əbdürrəhim bəy ilk hekayələri olan “Ata və oğul” və “Ayın şahidliyi” əsərlərini də yazıb və onları “İki hekayət” adı ilə çap etdirib. O, 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilib və Sankt- Peterburqa gedib. O, deputat olması ilə Azərbaycanın birinci diplomatlarından hesab olunur. Sankt-Peterburqdakı Dövlət kitabxanasında yeni əsəri- Ağa Məhəmməd şah Qacara materiallar toplayıb və sonra 1907-ci ildə İranın Mazandaran vilayətinə səyahət eləyib. 1906-cı ildə “Həyat” qəzetində hekayələr və həmin vaxt yenicə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr də çap etdirib. “Marallarım”, “Xortdanın cəhənnəm məktubları”, “Şeyx Şaban”, “Xəyalət”, “Ac həriflər” və sair əsərlərin müəllifi olmaqla, ədəbiyyat sahəsində böyük uğur qazanıb. “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də Üzeyir Hacıbəyovun böyük səyi nəticəsində tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi Əbdürrəhim bəy Haqverdiyev xoru və orkestri, ümuniyyətlə tamaşanı böyük uğurla idarə edib. Çünki onun özünün yaxşı səsi vardı və həm də bir neçə musiqi alətində çalmağı bacarırdı və həm də yaxşı musiqi duyumu vardı. Əbdürrəhim bəy o vaxtlar məşhur olan “Nicat” Cəmiyyətində və Kür-Xəzər Gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət eləyib. Həmin yerlərdən özü üçün çoxlu materiallar toplayıb. “Ceyranəli”, “Xortdan”. “Həkimi-nuni-səqir”, “Lağlağı”, “Mozalan”, “Süpürgəsaqqal” və sairə imzalarla “Molla Nəsrəddin” jurnalında hekayələr, felyetonlar çap etdirib. O, Həştərxanda yaşadığı 1910-cu ildə şəhərin mədəni-ictimai həyatında ciddi çalışıb. Orada ziyalılar arasında böyük hörmət qazanıb. Başqa yerlərdə böyük uğur qazansa da doğma Vətən böyük ədibi özünə çəkdiyinə görə o, 1911-ci ildə Ağdama köçüb və 1911-1915-ci illərdə orada yaşayıb. Mən də 1985-88-ci illərdə Ağdamda yaşadığım illərdə və onun adını daşıdığı teatra rəhbərlik elədiyim vaxt böyük qürür duyurdum ki, dahi Əbdürrəhim bəyin gəzdiyi küçələrdə mən də gəzirəm. Onun yaşadığı bu gözəl və əsrarəngiz təbiəti olan şəhərdə mən də yaşayıram. Onun adını daşıdığı teatrda bir-birindən maraqlı tamaşalar hazırlamaqla, bu teatrı respublikanın ən aparıcı teatrlarından biri eləmişdik. Əbürrəhim bəy çox işlək, çevik və böyük düşüncə sahibi olduğundan artıq Ağdam ona darlıq eləyirdi. Həmin vaxtı Tiflis Zaqafqaziyanın mərkəzi və ən mədəni şəhəri sayıldığıdan o, həmin şəhərə köçür və “Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri” adlı aylıq çox böyük bir məcmuənin müdiri olur. 1916-1917-ci illərdə burada böyük işlər gördüyünə və mədəni elitada tanındığına görə, 1917-ci il fevral inqilabından sonra elə 1917-ci ildə Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilir. Elə həmin ilin mart ayında Borçalı qəzasına müvəkkil təyin olunur. Bir il bu vəzifədə işlədiyi müddətdə orada yaşayan azərbaycanlılar üçün çox böyük işlər görür. Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan sonra bu hökumətin işlərində o da çox fəal iştirak eləyir.

Azərbaycan Xalq Cümhuriyyəti Bakıya köçəndən sonra Əbdürrəhim bəy Haqverdiyev də burada böyük vəzifələrdən birini tutur. O, Azərbaycan ədəbiyyatının, teatrının, incəsənətinin, maarifinin inkişafında əlindən gələni edir. Onun lazım olan böyük mütəxəssis olduğunu görən bolşeviklər də Əbdürrəhim bəylə işləməyi üstün buturlar və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra onu Xalq Komissarlışı Sovetində dövlət teatrlarına müfəttiş vəzifəsinə təyin edirlər. Çünki Əbdürrəhim bəy Haqverdiyev hələ gənclik illərindən Nəriman Nərimanovla dost idi. Bu dostluq da Nəriman Nərimanov dünyasını dəyişən vaxra kimi davam eləyib. O, hətta Azərbaycan milli teatrının yaranmasının 50 illiyi münasibəti ilə keçirilən yubileyə böyük uğurla başçılıq eləyib. Hələ Azərbaycan Xalq Cumhuriyyətinin yaratdığı Azərbaycan Dövlət Universitetində Əbdürrəhim bəy Haqverdiyevin ədəbiyyatdan mühazirələr oxuması və orada milli elmi kadrların hazırlanmasında yaxından iştirak eləməsi də böyük təqdirəlayiq işdir. O, bu işi kommunistlər hakimiyyətə gələndən sonra da uğurla davam etdirib. Hətta universitetda 1922-ci ildə yerli komitənin sədri, 1923-1925-ci illərdə Azərbaycanın Tədqiq və Təbliğ Cəmiyyətinin sədr müavini və sonra sədri olub. Həmin vaxtı yaranan Azərbaycanı Tədqiq və Təbliğ Cəmiyyəti, o vaxtlar ilk elmi-tədqiqat müəssisəsi idi. Alimlərə elmi işlərini müdafiə etməkdə köməklik edir və sənədlər verirdi. Hətta 1924-cü ildə Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi bu işin təşkilində Əbdürrəhim bəy çox fəal çalışıb.

Onun bu uğurlu işini və təşkilatçlığını görən SSRİ alimləri Əbdürrəhim bəyi Rusiya Elmlər Akademiyasının nəzdində olan ölkəşünaslıq bürosunun 1924-cü ildə keçirilən beşinci elmi sessiyasında yekdilliklə akademiyanın ölkəşünaslıq bürosuna müxbir üzv seçiblər.

Bütün bu qədər böyük, qlobal işlərlə yanaşı böyük ədib Ulyam Şekspirin “Hamlet”, Fridrix Şillerin “Qaçaqlar”, Fransua -Mari-Arie Volterin “Soltan Osman”, Emil Zolyanın “Qazmaçılar”, Hans Kristian Andersenin “Bülbül”,“Şahın təzə libası”, Mark Zasumoviç Lanskoyun “Qəzəvat”, Yevgeni Nikolayoviç Çirikovun “Yəhudilər”, Vladimir Qalationoviç Korolenkonun “Qoca zəng çalan” əsərlərini və başqa əsərləri də çox yüksək səviyyədə dilimizə tərcümə eləyib. Hətta Əbdürrəhim bəy “Ağa Məhəmməd şah Qacar” pyesini yazan vaxt böyük aktyorumuz və ilk peşəkar rejissorumuz Hüseyn Ərəblinskinin bu arzusunu da yerinə yetirib və bu pyesə heç bir qadın obrazı salmayıb. Çünki həmin vaxtı teatrda qadın rollarını kişilər oynayırdı və bu da onlarda yaxşı alınmırdı. Başqa millətlərdən olan qadınlar da dilimizi bilmədiyinə görə belə faciə əsərində oynayanda və sözləri düzgün təlləffüz eləyə bilmədiklərindən, gülüş yaranmasından ehtiyat elədiyinə görə bunu dahi ədibdən xahiş eləyib və o da Hüseyn Ərəblinskinin bu arzuzunu reallaşdırıb. Hüseyn Ərəblinski də bu pyesə çox yüksək səviyyədə quruluş verib. Tamaşa həmin vaxtı çox böyük uğur qazanıb.

Yuxarıda yazdığım kimi klassik ədəbiyyatımızın korifeyi olan bu böyük insan, həyatını təkcə yazıçılıqla bitmiş hesab eləməyib. Bir daha oxucunun yaddaşında qalsın deyə bu əsas məqamları təkrar eləmək istəyirəm. O, Birinci Rus Dumasının Azərbaycandan olan deputatı olub. Zaqafqaziya üzrə Gürcüstan Parlamentinin Azərbaycan üzrə deputatı seçilib. Dünya tarixində öz yeri olan Üzeyir Hacıbəyovun 1908-ci ildə ilk premyerası olan “Leyli və Məcnun” operasının ilk dirijoru olub. Azərbaycanda ilk dəfə teatr şurasını təsisi eləyib və onun ilk rəhbəri olub. Azərbaycan Xalq Komissarlığında Mədəniyyət sahəsinə rəhbərlik eləyib. Məşhur “Molla Nəsrəddin” jurnalının yaranmasında böyük xidmətləri olmaqla həm də onun editorlarından biri olub. Bir rejissor kimi Bakıda, Şuşada, Ağdamda aktyor truppalarından bir neçə tamaşaya quruluş verib. Çoxlu pyesləri dilimizə tərcümə eləyib. Azərbaycan Yazıçılar İttifaqının təsis olunmasında böyük işlər görüb və bu təşkilatın ilk məsul katibi olub. Azərbaycan Respublikasında ilk Əməkdar incəsənt xadimi fəxri adına layiq görülən şəxsiyyətlərdən biri olub. O, 80-dən çox hekayə, 200-dən çox məqalə, felyeton, Azərbaycanın tanınmış ədəbiyyat, incəsənət, teatr şəxsiyyətləri haqqında portret yazıları yazıb. O, Rusiya Elmlər Akademiyasının nəzdində olan ölkəşünaslıq bürosunun 1924-cü ildə keçirilən beşinci elmi sessiyasında yekdilliklə akademiyanın ölkəşünaslıq bürosuna müxbir üzv seçilib. Yuxarıda yazdığım kimi 1923-1925-ci illərdə Azərbaycanın Tədqiq və Təbliğ Cəmiyyətinin sədr müavini və sonra sədri olub. 1931-1932-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının məsul katibi olmaqla bu təşkilatın dirçəlməsində, uğur qazanmasında böyük işlər görüb. 1933-cü ildə həmin vaxtı çox böyük mükafat sayılan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fəxri Fərmanına layiq görülmüşdür. Onun əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub və həmişə də sevilə-sevilə oxunur.

Dahi Əbdürrəhim bəyin yazdığı pyeslər bu gün də öz aktuallığını itirmədiyinə görə “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, “Dağılan tifaq”, “Ağa Məhəmməd şah Qacar”, “Bəxtsiz cavan”, “Pəri cadü” və başqa pyesləri uzun illərdir ki, Azərbaycan teatrlarında böyük uğurla tamaşaya qoyulur. Hətta onun “Xortdanın cəhənnəm məktubları” hekayələri əsasında, Əməkdar incəsənət xadimi, çox istedadlı rejissor Bəhram Osmanovun işlədiyi çox maraqlı pyesə Kalmıkiya Respublikasının Basankov adına Milli Dram Teatrının baş rejissoru, Rusiya Fedorasiyasının və Kalmıkiyanın Əməkdar incəsənt xadimidi Boris Manciyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük uğurla quruluş verib. Həm də bu teatrda Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi “Pəri cadü” tamaşası da mənə elə gəlir ki, respublikada ən maraqlı tamaşalardandır. Bu tamaşaya Nicat Kazımov 2007-ci ildə quruluş verib. Mədəniyyət Nazirliyinin həmin vaxtlar keçirdiyi birinci “Zirvə” mükafatına məhz bu tamaşa layiq görülüb və atrıq 13 ildir ki, teatrın repertuarındadır və hər dəfə oynanılanda tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır. Çünki rejissor Nicat Kazımovun yüksək peşəkar səviyyədə hazırladığı bu tamaşda iştirak eləyən bütun aktyorlar və aktrisalar da peşəkar səviyyədə oynayırlar. Sözün əsl mənasında bu tamaşada çox yaxşı bir ansambl var. Bu da çox istedadlı aktyor və rejissor olan Nicat Kazımovun sayəsində olub. Bilavasitə onun böyük uğurudur. Azərbaycan Televiziyasında Xalq artisti Ramiz Həsənoğlunun quruluşunda hazırlanan “Ac həriflər” televiziya tamaşası da mənə elə gəlir ki, çox böyük sənət nümunəsdir. Həm də bu televiziya tamaşasında Ramiz Həsənoğlu böyük novatorluq etməklə və əsasən rejissorları çəkməklə, onların aktyor bacarığını ortaya qoymaqda daha böyük işlər görüb. Burada yeganə aktyor Yaşar Nuriyev çəkilib. Bu tamaşaya Əməkdar mədəniyyət işçisi Rəfael Əsədovun rəssam kimi verdiyi quruluş da çox maraqlıdır və televiziya işində yenidir. Çox sevinirəm ki, mən də bu dahi şəxsiyyətin “Kimdir müqəssir” pyesinə hələ tələbəlik illərində, hekayələrindən ibarət tamaşaya Sumqayıt Gənclərinin Xalq Teatrında və Sumqayıt Dövlət Musiqili-Dram Teatrında, dostum, mərhum Şahmar Qəribli ilə birlikdə “Ağa Məhəmməd şah Qacar” pyesinə quruluş vermişəm. Ağa Məhəmmər çah Qacar rolunda isə mərhum aktyorumuz, Əməkdar artist Xanlar Muradov yüksək səviyyədə oynayıb.

Bu qədər böyük işlər görən dahi yazıçı, böyük dövlət, siyasi və ictimai xadim, yüksək təşkilatçı insan və ən əsası Azərbaycanı layiqincə təbliğ eləyən Əbdürrəhim bəy Haqverdiyev cəmi 63 il ömür sürüb. O, 1933-cü ilin dekabr ayının 17-də vəfat eləyib və Fəxri xiyabanda dəfn olunub. Bu dahi şəxsiyyətin adına yalnız Bakı şəhərinin Yasamal rayonunda küçə var. Bir vaxtlar isə Azərbaycanın ən maraqlı teatrlarından biri olan Ağdam Dövlət Dram Teatrı da onun adını daşıyırdı. O, 1911-1915-ci illərdə Ağdamda yaşadığı 5 il müddətində burada olan həvəskarlarla çoxlu tamaşalar hazırlamışdı və bu tamaşaları da bütövlükdə Qarabağda böyük uğurla insanlara göstərir və maarifçilik sahəsində böyük işlər görürdülər. Mənə elə gəlir ki, yenidən Əbdürrəhim bəy Haqverdiyevin adını həmin teatra qaytarmaq lazımdır. Çünki bu onun halalca haqqıdır. Əgər yubileyi ərəfəsində ölkə başçımız tərəfindən belə bir əmr verilsə, bu, bütövlükdə millətimiz tərəfində alqışla qarşılanar. Axı belə dahilərimizi unutmağa bizim haqqımız yoxdur. Onlar həmişə əziz tutulmalı və onların haqqı qorunmalı, adları mədəniyyət, elm, təhsil müəssisələrinə verilməlidir.

Bizim üçün ən əsası və sevindiricisi, qürur vericisi odur ki, Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev Azərbaycan elminin, təhsilinin, ədəbiyyatının, teatrının və incəsənətinin inkişafı üçün çox böyük işlər görüb. Çox sevindirici haldır ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 7 may 2019-cu il, 211 nömrəli qərarı ilə Əbdürrəhim bəy Haqverdiyevin əsərləri dövlət varidatı kimi qeydiyyata götürülüb. Bu, bir daha onu sübut edir ki, Əbdürrəhim bəy Haqverdiyev həqiqətən çox böyük, klassik yazıçıdır. Biz də onu dünyaya lazım olan kimi tanıtmalıyıq. Qoy bütün dünyada bilsinlər ki, bizim belə böyük və dünya səviyyəli yazıçımız var. Belə dahilərimizi dünya xalqlarına tanıtmaq isə hər bir azərbaycanlı ziyalısının və yazarının müqəddəs borcu olmalıdır. Çünki biz, dünyanın ən qədim xalqlarından biri olmaqla, qədim mədəniyyətimizi və dahi şəxsiyyətlərimizi də dünya xalqlarına çatdırmalıyıq.

Bütün xəbərlər Facebook səhifəmizdə