Söhbət qış fəslinin 40 gün çəkən Böyük və 20 gün çəkən Kiçik Çilləçıxarma mərasimlərindən gedir. Bizim ata-babalarımızın da etiqad etdiyi Zərdüşt dininin (Atəşpərəstlik) dörd rəsmi bayramından biri olan Səddə bayramında, məhz Çilləçıxarma mərasimləri keçirilirdi. Üç min ildən artıq tarixi olan həmin dörd bayramdan yalnız Novruz bayramını keçiririk. Mehrigan, Səddə və Zərdüşt bayramları isə yaddaşlarımızdan silinmişdir. Çillə çıxarmaq rəmzi xarakter daşıyır və çətinliklərdən çıxmaq, əzab-əziyyətlərdən qurtulmaq mənalarını verir.

Zərdüşt peyğəmbərin qədim pəhləvi dilində (rəsmi hökmdarlar pəhləvi nəsillərini təmsil etsələr də, kahinlərin böyük əksəriyyəti yerli türklər olmuşdur) qələmə aldığı müqəddəs "Avesta"da maddi həyatın mahiyyəti iki qüvvənin Hörmüz və Əhrimənin - Xeyir və Şərin kəskin mübarizəsi zəminində aşkarlanır. Hörmüz insanları şərin pəncəsindən xilas etməyə çalışırsa, Əhrimən fürsət düşdükcə, insanları bəla və müsibətlərlə üzləşdirməkdən zövq alır. Şər təmsilçisi, ən münasib vaxt kimi, qış fəslini seçir. Əhrimən qışın uzun və soyuq gecələrini-zülməti əsas vasitə kimi seçir. O, şər əməllərini gözün gözü görmədiyi və iliklərə işləyən şaxtalı günlərdə icra edir. Hörmüz isə nuru, işığı əsas götürərək insanları, canlıları və bitkiləri zülmətdən işığa, soyuqlardan istiyə doğru yönəldir. Hörmüz Günəşin, ulduzların, Əhrimən isə divlərin, əjdahaların rəmzidir. Vahid Yaradana-Yəzdana (onu yəzd və izəd də adlandırırlar) arxalanan Zərdüşt xeyirlə şərin mübarizəsində qələbəni, Əhriməni məğlub etməyə nail olan Hörmüzə verir. Çünki Hörmüz insanları zülmət qış şaxtalarından işıqlı və isti bahara - Novruza doğru aparır.
"Avesta"da Çilləçıxarma mərasimləri Bəhmən ayının 10-da ilk dəfə atəşpərəst məbədlərində keçirilərdi. Ən böyük məbədlər Azərbaycan ərazisində yerləşirdi. Hökmdarlar həmin günlərdə 20-25 min nəfərlik ordu ilə o məbədlərə gəlirdi. Sonralar isə mərasimlər qış fəslinin axırlarınadək digər İran məbədlərində keçirilirdi. Mərasim zamanı xüsusi üsullarla qışa saxlanılan meyvə və tərəvəzlərin bir neçə nümunəsi süfrəyə düzülür və odun müşayiəti ilə mərasimin icrasına başlanılırdı. Qədim dövrlərdə kahinlər xüsusi mərasim nəğmələri və dualar oxuyardılar. Bu nəğmə və dualarda Əhrimənin daşıyıcısı olan qışa, soyuğa və şaxtaya meydan oxunar və süfrədəki meyvələr nümunə gətirilərdi.
Böyük Çillə 40 gün çəkir. Dekabrın 22-dən başlayıb, 31 yanvarda başa çatır. Kiçik çillə isə 20 gün çəkir. Bu, fevral ayının 1-dən 20-dək çəkir. Mərasim keçirənlər (kişilər və qadınlar) Əhriməni-amansız şaxtaları və zülməti qovmaq üçün məşəllər, şamlar, çıraqlar və tonqallar yandırır. Yaz nəfəsli Hörmüz insanlarlı yaşamağa ruhlandırır. Beləliklə, Xeyirlə Şər - Hörmüzlə Əhrimən arasında amansız mübarizə gedir. Yaza ancaq Hörmüzə arxalananlar salamat çıxır. Şər və zülmət inamsızların axırına çıxır və belələri yarımcan, xəstəhal vəziyyətə düşüb, Əhrimənin cəngindən xilas olmurlar.

Mərasim zamanı Hörmüzlə Əhrimən arasında gedən mübarizəni deyişmə formasında vermişik

Əhrimən
Azaldıb hər neməti,
Gətirərəm möhnəti.
Hər elə, hər obaya,
Çökdürərəm zülməti.

Hörmüz
Xalqın boldu neməti,
Elə zinət zəhməti.
Günəş işıq saçacaq,
Dağıdacaq zülməti.

Əhrimən
Gecə uzun, gecə lal,
Canı isitməz xəyal.
İnsana bəxş edərəm,
Mərəz, azar, dərd-məlal.

Hörmüz
Qəlb xıltlı, düşüncən dar,
Bəşər əlindən bezar.
El-elə dayaq olar,
Yoxalar hər dərd-azar.

Əhrimən
Bünövrədən sökərəm,
Ən möhtərəm qalanı.
Od-alov da azaltmaz,
El-obadan bəlanı.

Hörmüz
Ucaldıb şux səsimi,
Kəsərəm nəfəsini.
Daşa dirənən kinin,
Səngidər həvəsini.

Əhrimən
El-oba qan ağlasın,
Viran qalsın məmləkət.
İstərəm yer üzündə,
Olsun aclıq, fəlakət.

Hörmüz
Yazda açılar güllər,
Dən bağlayar sünbüllər.
Çıxar sərt imtahandan,
Sevinib gülər ellər.

Əhrimən
Yadlaşsın qardaş-bacı,
İnsanlar dadsın acı.
Aləmə zülmət çöksün,
Qalmasın işıq ucu.

Hörmüz
Şər edər bəşəri tərk,
Ucalar el, məmləkət.
Duz-çörək bol olarsa,
Olmaz aclıq, fəlakət.

Çilləçıxarma mərasimlərində oxunan şeirlər və mahnılar

Əzizinəm, obama,
Şaxta dolub yuvama.
Məni yaza çıxarar,
Qarpız, yemiş şamama.

İncidir şaxta, külək,
Bir yandan qənim fələk.
Arpa-buğda bal olsa,
Evdə əksilməz çörək.

Qışda düşdük kələfə,
Qar yağır hər tərəfə.
Bizə məlhəm olardı,
İndi şərbət, mürəbbə.

Tükənib səbrim, dözüm,
Qaralmaqdadı gözüm.
Mənə həyat verərdi,
Bir salxım qara üzüm.

Şər aparar borana,
İsti məlhəm yarana.
Çıxaq qış zülmətindən,
Qovuşaq yaz nuruna.

Tükənib şor, pendir, yağ,
Boşalıb ləyən, tabaq.
Bizlərə can verərdi,
Mərci, şuyüd, balqabaq.

Azalıbdı pul-para,
Günümüz olub qara.
Arpa-çovdar tükənməz,
Yaza çıxar mal-qara.

Qış bizi saldı dara,
Qaldıq aciz-avara.
Bu günümdə gələrdi,
Çürük heyva da kara.

Şər qüvvə gəlir kələk,
Kəsir nəfəsi külək.
Bir ovuc yemşan gətir.
Qışa qalmaz çiyələk.

Tükəndirib çərəzi,
Qış artırar mərəzi.
Yaz istilik gətirər,
Şaxta qarsar nəfəsi.

İtirməkdəyik çəki,
Şaxta ürpədir tükü.
Cana çox fayda verər,
Çuğundurla yerkökü.

Gecə uzun, ərzaq qıt,
Dadlı yeməyi unut.
Xaralda çürüyübdü,
Alma, armud, şabalıd.

Hər yeri basıb buz-qar,
Şaxta gətirir azar.
Ağzı dada gətirər,
Narıncı, turunc, limon, nar.

Qar altda qalıb yonca,
Bu vaxt tutan yox xonça.
Dadımıza çatardı,
Azca kartof, soğança.

Qar basıb çölü-düzü,
Şaxta qarsıbdı üzü.
Xeyir olmasa idi,
Şər məhv edərdi bizi.

7.01.2020-ci il
Valeh Məhərrəmli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...