Müstəqilliyimizin ilk qaranquşları

MİN İLLƏRDƏN MİN İLLƏRƏ

KİM YAŞAYIB, KİM QALACAQ

(Poemadan bir parça)

Həmişə 20 yanvar tarixində mən bu dəhşətləri gözümün

önünə gətirirəm və Sovetlər quruluşuna nifrətim daha da artır.

Və fikirləşirəm ki, biz faşist xislətli bir dövlətdə necə dəhşətli

hadisləri yaşamışıq...

20 yanvar şəhidlərimiz isə müstəqilliyimizin ilk qaranquşları olub.

Allah onlara qəni-qəni rəhmət eləsin.

Müəllif

* * *

20 Yanvarın

dəhşəti...

dərdi...

hər evdə göz yaşı,

hər yer

kədərdi...

Qorbaçov

Yazov,

Bakatin

ana südü əvəzinə

qanın içdi

bir millətin.

Nə yaş həddi

gözlədilər,

nə qoca, cavan

bildilər.

Fidan körpə,

qundaq,

çağa...

“Ana” deyə bağıraraq

qan içində çabalayan

rəhmim gəldi

bir uşağa.

Qıçları dibdən

üzülmüş,

Əli əllərdən

üzülmüş

ixtiyar bir

qoca gördüm

Tank altında

qalmamaqçün

sürünürdü qan içində

dizin-dizin,

asta-asta,

torpaq üstə.

Halsız,

taqətsiz

bir xəstə

nə yeridi,

nə dayandı,

keçidlərdə

çaşıb qaldı.

Tank onu

ağzına aldı

Tırtıllar altına saldı,

xıncım-xıncım

doğradı.

A...a...a...x...x...x!!!

Dəhşətə

b...a...a...a...x...x...x!!!

Bu hadisə

insanların ürəyini

dağlayırdı.

Hər kəs baxıb

qəzəbindən,

hiddətindən

ağlayırdı.

Həmin gecə

sübhə kimi

için-için ağlayaraq,

göz yaşları

axa-axa,

zülmət kimi

qaranlıqda

künc-bucağa

baxa-baxa

ana gəzdi

küçələri.

Tək deyildi

həmin ana.

Ürəkləri yana-yana

Axtarırdı balasını

onun kimi

neçələri.

Heç bilmirəm

tufan,

tüğyan,

zəlzələmi,

qasırğamı

adlandırım o gecəni,

hökumətin

öz xalqında

yaratdığı

təlatümü,

vahiməni?!

Bu nə dövlət?!

Nədir görən

bu ədavət?!

Bəlkə bu da

russayağı

bir ədalət?!

Bu nə rəhbər?!

Hitler kimi

qan içindən

daha betər

vəhşi xislət!

Həmin gecə sübhə kimi

dayanmadı

top atəşi,

güllə səsi,

anaların ərşə qalxan

ah-naləsi,

yaralılar

iniltisi,

bağırtısı,

ambulanslar

uğultusu,

gəmilərin hayqırtısı...

Tanklar eşdi

küçələri.

Fərəhlənir,

sevinirdi

Qorbaçovun

əsgərləri.

Qəribə bir müharibə:

“Qoruyarkən”

bu ökənin

hər qarış

torpağın, daşın,

qırıb tökdü

yüzlər ilə,

minlər ilə

vətəndaşın,

öz “qardaşın”,

öz “yoldaşın”,

“bizim”

sovet əsgərləri,

Qorbaçovun nökərləri.

Saxta sözlər

yığın-yığın...

Cırıldı maskası

işğalçılığın.

SSRİ...

Bu dövlətin

rəhbərinin

vəhşiliyi

mat qoymuşdu

zəmanəni.

Ürəyimdə bu dövlətə

tükənməz bir

nifrət doğdu.

Qəhər tutub boğazımdan

boğdu,

boğdu

o gün məni.

Düyünləndi

dərd sinəmdə.

İstədim ki,

Həyatını istiqlala

qurban verən,

qan gölündə çabalayan

şəhidlərlə

həmin gecə

ölüm mən də.

Dünya bar-bar

bağırırdı,

Bu dəhşətli

vəhşiliyə

nifrət,

lənət yağdırmağa

yer üzünü çağırırdı,

çağırırdı.

Moskva!

Moskva!

Hər tərəf çovğundur,

hava çox soyuq.

Düşmən ayıq idi,

Düşmüşdü duyuq.

İndi çıxış etmək

çətindən

çətin.

Bəs kim deməliydi

dərdin millətin?!

Dünya kimdən

eşidəydi

Azərbaycan

həqiqətin?!

Danışırdı

İzdihamda

Dədə Qorqud

dərrakəli,

bir nurani

dünyagörmüş

aqil bir kəs.

Vətənimə,

millətimə

doğma idi,

əziz idi

necə bu səs!

Danışdıqca

dərd əlindən

alışırdı.

Elə bil ki,

məcrasına sığışmayan

Araz coşur,

Kür daşırdı,

tufan

qopur

mavi gözlü

Xəzərimdə,

ucaldıqca

ucalırdı

zirvələrin

zirvəsinə

millətimin

nəzərində.

Bu dənizin dalğaları

vahiməyə

saldı o gün

Kremldə

ağaları.

Bu danışan

nitqi zivər

bir igiddi,

nərdi.

ərdi,

millətimə

bir gövhərdi.

Bu danışan

ölkəmizə

aydın səma,

düşünən sər,

millətimin

səsi HEYDƏR!

Əli ŞİMŞƏK

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə