Söz yaradıcılığının inkişafı: dilin zənginləşmə mənbəyi

İnsan həyatının bütün dövrlərində cəmiyyətin inkişafı dialekt prosesinə də özünəməxsus təsir göstərib. Bu mənada insanlar arasında ünsiyyət imkanlarını genişləndirmək, danışıq və yazı qaydalarında çətinlikləri aradan qaldırmaq üçün zamanın tələblərinə uyğun sözlər meydana çıxıb. Söz yaradıcılığının daha bir mühüm səbəbi xalqlar və ölkələr arasındakı inteqrasiyadır. Bu proses sayəsində bir qisim sözlər beynəlxalq status alır, digər bir qisim söz toplusu isə bir dildən başqasına keçir. Beləliklə, ayrı-ayrı xalqların dillərində yeni sözlərin yaranmasını və söz daxilolmalarının səbəbini mühüm məqamlar elm və texnikanın inkişafı, yeni texnologiyalar, qarşılıqlı inteqrasiya, mədəniyyətlərarası dialoq və sair kimi mühüm amillərə bağlamaq mümkündür.

Bəhsimizin mövzusu müasir Azərbaycan türkcəsində söz ehtiyatlarının zənginləşdirilməsidir. Dilimizin söz zənginliyinin tarixi bağlarının mədəniyyətimizin çoxşaxəliliyindən qaynaqlandığını heç kim inkar edə bilməz. Dilimizə keçmə sözlərin məna və mahiyyətinə göstərdiyimiz ehtiram bizim milli zənginliyimizin və xalqımızın mənimsəmə mədəniyyətinin yüksək genetik göstəricisidir. Alınma sözlərə göstərilən yüksək mədəniyyət tələffüzdə və yazı qaydalarında Azərbaycan dilinin imkanlarını genişləndirmiş, söz ehtiyatını artırmışdır.

Artıq daha intellektual beynəlxalq mikroelektronik cəmiyyət savadlı sənaye dövrünün həyat normalarını xeyli arxada qoyub. Azərbaycan qloballaşmanın sürətlə getdiyi dünyada bu prosesin ön sıralarındadır. Belə olduğu halda ölkənin və dövlətin inkişaf tempini daha asan dildə dünya birliyinə çatdırmaq zərurəti meydana gəlir ki, bu prosesdə yeni milli sözlərə ehtiyac var. Elm və texnikanın müasir inkişafı nəticəsində ortaya çıxan yeni texnologiya, cihaz və avadanlıqların adlarını danışıq və yazı dilinə daxil etməklə kifayətlənmək dilçilik sahəsində mühafizəkarlıqdan başqa anlama gələ bilməz.

Digər tərəfdən, Azərbaycan dili söz ehtiyatına, dəqiqliyinə, normativ qayda və sərt yazı tələbələrinə görə, dəqiq ifadə tərzini əzmlə qoruya bilir. Bununla belə etiraf etməliyik ki, Azərbaycan dilində, xüsusilə yazılı ədəbiyyatdakı ifadə tərzində sadələşdirmənin aparılması günün tələbidir və bu sahədəki mühafizəkarlıq xüsusilə kompüter əsrinin tələblərinə cavab vermir. Əvvəlcə yaşadığımız əsrin formalaşdırdığı reallıqlara nəzər yetirək. Əgər 2010-cu illərdə "artıq hər bir evdə internet var" ifadəsi tez-tez eşidilirdisə, hazırda hər kəsin həyatında internet, eləcə də internetlə çalışan daşınan avadanlıqlar mövcuddur.

Mövzunun girişinə internetlə başlamağımız birbaşa onun insan həyatında yaratdığı aktuallıqlarla bağlıdır. Ən geniş rabitə, ticarət, iş ünsiyyətləri internet üzərindən aparılır və bu sistem üzərində yazışmaların (hibrid ifadə) qısa, düzgün və aydın ifadə tərzinə olan ehtiyac real həyatın tələbədir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli qələbə cəmiyyətimizin söz dünyasında da özünəməxsus dərəcədə emosional və həssas milli kolarit əlavə edib. Əminliklə deyə bilərəm ki, onilliklər boyu yazılı və şifahi ədəbiyyatımızda "şəhid" və "qazi" sözləri də bu qəbildən olan qəhrəmanların cəmiyyətimizdəki rolu qədər söz aləmimizdə liderlik edəcəklər. Məhz bu səbəbdən də internetlə başladığım girişi məqalənin sonuna saxlayıb bu mövzuya keçirəm.

Şəhid və qazilər! Bu qəbildən olan üçüncü qrup qəhrəman övladlar da var ki, onların ümumi adı belə çağırılır: "Vətən müharibəsi iştirakçısı", "Vətən müharibəsi veteranı", "Birinci Qarabağ müharibəsi döyüşçüsü" və sair. Heç tərəddüd etmədən bu qəbildən olan qəhrəmanları "Vətəndar" olaraq qəbul edə bilərik. "Vətəndar" qısa, lokanik, diləyatım və başadüşülən bir kəlmədir. Nəzərə almaq lazımdır ki, Azərbaycan dilində "Vətən" əsaslı söz silsiləsi mövcuddur. Azərbaycan Vətənə və anaya həsr edilən şeir və sənətdə dünyada liderdir desəm, yenə də tərəddüd etmərəm. Vətənpərvər, vətənsevər, vətəndaş və sair. "Vətənpərvərcəsinə" -, bu sırada işlədilən ən uzun sözlərdəndir. Təklif etdiyimiz "Vətəndar" sözü yığcamlığına, səlisliyinə, rəvan tələffüzünə, diləyatımlığına, məna və hikmətinə görə sadaladığımız eyni köklü dörd sözün heç birindən geri qalmır. Fikir və düşüncəmizi əsaslandırmaq üçün şəhid, qazı və vətəndar adlarının sıralanmasında mənəvi ardıcıllığı qorumaqla qələmə aldığımız kiçik bəndə müraciət edək:

Torpaq, vətən dad edirdi zalımdan,

Qeyrət, namus əriyirdi anbaan,

Yurd sevgisi ərə oldu vəfadar,

Nərə çəkdi hər bir yerdə vətəndar,

Tanrı eşqi igidlərə havadar,

Şəhid, qazi önündəydi vətəndar.

Vətən təəssübü ilə canını fəda edən qəhrəmanlar şəhid, qazı və vətəndar olaraq məkanlarına görə, bir-birindən fərqləndirilsələr də, mənəvi mahiyyətinə görə hər biri eyni ucalığa sahibdirlər. Qeyd etdiyimiz fərqlilik anlayışı ancaq bioloji xarakter daşıyır. Şəhadətin şərafətini dərk edə bilməyən ər nə şəhid, nə qazı, nə də Vətəndar ola bilər. Şəhadətin şərafətini dərk etmək məhz Vətəndar olmaqdır. Vətəndar şəhid və ya qazi, qazı isə şəhid olmayıbsa, bu, əsla onun günahı və yaxud da döyüş yolunun zəifliyi deyil. Burada tale və qismətin hökmü qaçılmazdır. Vətəndar sözünə gəldikdə daha bir müqayisə aparmaq yaxşı olardı. Şifahi xalq ədəbiyyatımızda qala mühafizəçilərinin başçısı, yəni qala komandanı "Qaladar" adlandırılıb. Vəfadar, himayədar və sair sözləri də xatırladaraq Vətən müharibəsi və ümumiyyətlə vətən, dövlət və xalq yolunda döyüşən bütün qəhrəman şəxsləri "Vətəndar" adlandıra bilərik. Himayədar sözü himayə edəndirsə, Vətəndar sözü də eynilə vətəni Vətən zirvəsinə yüksəldənlərdir. Bu adın eyni zamanda, konkret hadisələrdəki şücaətinə və cəsurluğuna görə dövlət təltifləri olan digər şəxslərə də şamil edilməsi mümkündür. Bu mənada "Vətəndar" adı vətən, dövlət və xalq yolunda döyüşən qəhrəmanlara dövlətin təltif və imtiyazlar barədə ifadələrin lokanik şəkildə səsləndirilməsindən tutmuş bütün məna tərzlərinə uyğun gəlir. Müqayisə təkrarçılığından uzaq olmaq istəyi ilə bir daha qeyd edə bilərik ki, şəhid və qazilər ilk növbədə, məhz vətəni Vətən zirvəsinə yüksəltməyə mənən hazır olduqları üçün Vətəndar kimi cəsur savaşçı, döyüşçü olublar.

Millətimizə və ümmətimizə şərafət gətirən müqəddəs Kitabımızda hikmətli söz və gözəl kəlam barlı-bərəkətli, sərvi-əzəmətli ağacla müqayisə olunur. Bu mənada ölkəmizin, xalqımızın və dövlətimizin, eləcə də bütün türk dünyasının milli əzəmətini zirvələrə yüksəldən böyük Zəfərin səbəbkarı olan qəhrəman övladlarımıza göstərilən diqqət və qayğının bir tərəfi də onların şəxsiyyətini tərənnüm edən gözəl sözlərdir ki, burada da Vətəndarın öz yeri, öz rolu var.

"Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 01 noyabr 2018-ci il tarixli Fərmanı bu sahəyə təhkim olunan dövlət qurumları və bütün ziyalılar qarşısında təxirəsalınmaz vəzifələr qoyur. Bu Fərmanın mətnində dilçiliklə bağlı digər hüquqi-normativ sənədlər kimi "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 2013-cü il 9 aprel tarixli Sərəncama diqqət çəkilir. Qeyd olunan dövlət proqramının adından da göründüyü kimi, məsələnin mahiyyəti "Azərbaycan dili və qloballaşma şəraiti" məsələsidir.

Yuxarıda qeyd etdiyimiz ali sənədin qarşıya qoyduğu vəzifə və prinsipləri rəhbər tutaraq keçək digər mövzulara. Məsələn, "zəlzələdən zərər çəkmiş insanlara kömək etmək üçün", "meşə yanğınının fəsadlarını aradan qaldırmaq məqsədilə bərpa işləri aparılır", "daşqın zamanı dağılan yolların bərpası məsələsi gündəmə gətirilib", "yanğın zamanı tüstüdən boğulan insanlara ilkin tibbi yardım göstərilib", "qətlə yetirilmiş şəxsin ailə üzvlərinə psixoloji kömək göstərmək təxirəsalınmaz ictimai məsələdir" və sair. Qeyd etdiyimiz bu cümlələrdə daha çox sayda söz işlədilməsinin əsas səbəbi zəlzələ, sel, yanğın, qətl və sair kimi hadisələrin təsir dairələrinin ifadə anlayışıdır. Halbuki həmin prosesləri "zəlzədə", "selzədə", "odzədə", "tüstüvuran", "qatilvuran" və sair sözləri tətbiq etməklə qeyd olunan və tez-tez rast gəlinən bu hadisələrin ifadəsini sadələşdirə və az söz istifadə etməklə fikrimizi xeyli yığcam yaza bilərik.

Məsələn: "Zəlzədələrə kömək etmək üçün", "meşənin odzədə hissəsi bərpa olunur", "selzədə yolların bərpasına başlanılıb", "tüstülənənlərə ilkin tibbi yardım göstərilib", "qatilvuranın ailə üzvlərinə psixoloji kömək göstərmək zəruridir" və sair.

Qeyd etdiyimiz kimi, bu cümlələrdə daha çox sayda söz işlədilməsinin əsas səbəbi zəlzələ, sel, yanğın və qətl kimi hadisələrin təsir dairələrinin genişliyi anlayışıdır. Halbuki həmin prosesləri "zəlzədə", "selzədə", "odzədə", "tüstülənən", "qatilvuran" və sair sözləri tətbiq etməklə qeyd olunan və tez-tez rast gəlinən bu hadisələrə aid cümlələri yetərincə sadələşdirə bilərik.

İndi isə yenidən internet üzərinə qayıdaq. Bir daha vurğulayım ki, internet yazışmaları qısa, səlis və aydın ifadə tərzini tələb etdiyi üçün bu reallıq bizə milli söz yaradıcılığına keçməyi tələb edir. Bu günün tələbi, real intellektual həyatın hökmüdür.

"Azərbaycanda internet istifadəçilərinin sayı doqquz milyon nəfərdir (rəqəmlər rəsmi statistikaya deyil, məntiqə əsaslanır)". Bu cümləni təklif etdiyimiz "intersay" sözü sayəsində yeddi sözdən beşə endirə bilərik: "Azərbaycanda intersay doqquz milyon nəfərdir. "Azərbaycanda intersay doqquz milyon nəfərdir. Onların əksəriyyəti sürətli internet istifadəçisidir. Statistik göstəricilərə görə, kənd yerlərində intersayın dinamikası daha sürətlə gedir. Bunun bir səbəbi də şəhərlərdəki internetsay ehtiyacının dolmasıdır". Göründüyü kimi, əlavə etdiyimiz sonrakı dörd cümlənin ifadəsi məhz intersay sözünün sadələşdirilmiş gücü əsasında daha səlis və yığcam ifadə ilə yazılır.

Azərbaycanda hazırda (2022) 10 milyon 817,1 min nəfər cibtel (mobtel, cibtel, əltel) abunəçisidir. Ötən ilin sonuna olan məlumata görə, əhalinin hər 100 nəfərinə 108 cibtel düşüb. Bu isə artıq ölkədə orta hesabla bütün vətəndaşların cibtel işlətdiyini ifadə etməyə əsas verir. Yuxarıda "Mobil telefon abonentlərinin sayı", - ifadəsini "mobtel" "cibtel" və yaxud "əltel" adları ilə əvəz etdiyimizdə, göründüyü kimi, sonrakı cümlələr daha da sadələşir və yüngülləşir.

Yeni söz yaradıcılığında əsas məsələlərdən biri təkliflərdə milli koloritin qorunmasıdır. Bu isə yeni söz birləşmələrinin diləyatımlılığı və məna kəsb etməsinə bağlıdır. Göründüyü kimi, təklif etdiyimiz bütün sözlərdə məna kəsbi mövcuddur.

Sonda mövzunu əhatə edən daha bir mühüm informasiya əsasında fikir və mülahizələrimizi bölüşmək istərdik. Kütləvi informasiya vasitələrinin məlumatına görə, Britaniyanın ingilis dilindəki "Collins Dictionary" lüğəti Aİ (artificial intelligence və ya süni intellekt) qısaltmasını 2023-cü ilin sözü adlandırıb. Lüğətin tərtibatçıları qeyd ediblər ki, Aİ növbəti böyük texnoloji inqilab olduğu üçün 2023-cü ildə geniş formada müzakirə olunmaqdadır.

Qeyd etmək lazımdır ki, 2023-cü ilin digər məşhur sözləri arasında "nepo baby" (məşhur insanın yolunu davam etdirən və uğur qazanan uşaq), "greedflation" (inflyasiya böhranından faydalanmaq istəyən şirkətlərin fəaliyyəti), ULEZ (Londonda ekoloji olmayan avtomobillərin sürücülərinin buraxılmadığı ultra-aşağı avtomobil emissiya zonaları) və "debanking" (bankın müştərinin hesabını siyasi baxışlarına görə və ya heç bir izahat vermədən və ya heç bir səbəb olmadan bağlaması) də var.

Yuxarıda təqdim etdiyimiz informasiya əsasında xüsusilə Azərbaycan kütləvi informasiya vasitələrinin gündəlik fəaliyyətində demək olar ki, hər gün qarşımıza çıxan Avropa İttifaqı adının abreviaturası Aİ barədə sual yaranır. Bundan sonra rastımıza çıxan Aİ abreviaturasını necə başa düşməliyik "Avropa İttifaqı", yoxsa "Süni İntellekt"? Halbuki qeyd etdiyim sualın yaranmaması üçün "Süni İntellekt" mövzusu ortaya çıxan kimi bu intellektual yeniliyin milli adını düşünə bilərdik. Bu adla bağlı da təklifimiz var: "Düzbeyin" və yaxud "Ekbeyin". Birinci "düzəltmə və beyin", ikinci isə "elektron və beyin" sözlərindən yaranan hər iki ad məna, mahiyyət, diləyatımlıq kimi tələbləri özündə ehtiva edir. Yox əgər, başlıbaşınalıq prinsipi ilə "Süni İntellekt" ifadəsini sadəcə olaraq ya olduğu kimi, ya da "Sİ", ya da "Aİ" kimi yazmağa davam etsək, o zaman gerçəkdən də söz yaradıcılığı prosesində geridəqalma ilə barışmalı olacağıq. Ən azı ona görə ki, eynilə kompüter, mobil telefonlar kimi "Süni İntellekt" də sürətlə modernləşəcək və onun başqa formaları da insan cəmiyyətinə tətbiq ediləcək. Əgər bütün bu reallıqları nəzərə alsaq, "Süni İntellekt"in Azərbaycanda tətbiqi ölkəmizdə elm və təhsilin yüksək göstəricisinə daha bir nümunədir" cümləsini təklif etdiyimiz söz əsasında "Düzbeyinin yerli tətbiqi Azərbaycanda elm və təhsilin yüksək göstəricisinə daha bir nümunədur" kimi qısaldılmış və dırnaqlardan azad olmuş sadə cümlə ilə əvəz etmək imkanı qazanırıq. Abreviatura məsələsinə gəldikdə isə, bu da eynilə söz yaradıcılığı kimi tamamilə başqa bir aktual mövzudur.

Sabir Şahtaxtı
Siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı-publisist

Bütün xəbərlər Facebook səhifəmizdə