“Vətənin bir zərrəsini dünyanın heç bir zənginliyinə dəyişmərəm” - Mehman Məlikov
Mehman Turac oğlu Məlikov 1960-cı il dekabrın 20-də Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olub. İlk ibtidai və orta təhsilini Ləki qəsəbəsindəki 6 nömrəli orta məktəbdə alıb. Orta məktəbdə oxuyarkən indiki Habil Əliyev adına beşillik musiqi məktəbində tar sinfini də bitirib. 1978-ci ildə orta məktəbi bitirib. Həmin ildə Rusiyanın Perim şəhərində Politexnik Texnikumuna qəbul olub. 1981-ci ildə isə Perim şəhər Politexnik İnstitutuna qəbul olub. “Elektrik avadanlığı mühəndisi” ixtisasını alıb. Mehman Məlikov texnikum və institutda oxuyarkən idmanla məşğul olub. O, tələbə olarkən hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə Xüsusi Təyinatlı Milis batalyonunda xidmət edib. Hərbi xidmətdə komsomolun 25-ci qurultayına nümayəndə kimi çağırılıb. Ona orada “Nümunəvi əsgər” medalı təltif olunub. Hərbi xidməti başa vurduqdan sonra yenə də Perim şəhərinə qayıdıb, təhsilini davam etdirib. Sonralar orada mühafizə polisində siqnalizasiya üzrə mühəndis vəzifəsində işləyib. 1990-cı ilin may ayından Azərbaycana - doğma vətənə qayıdıb. Ailəlidir. Dörd övladı, dörd nəvəsi var.
- Xoş gördük, Mehman müəllim
- Xoş gördük.
- Mehman müəllim, yaxşı yadımdadır. Mən sizi ilk dəfə 69 saylı peşə məktəbində müəllim kimi görmüşdüm və orada da sizinlə tanış olmuşdum. Səhv eləmirəmsə, bu 1991-ci il və ya 1992-ci illər olardı. Bəs idmana necə gəlmisiniz?
- Bəli, elədir. 1992-ci il idi. Mən 69 saylı peşə məktəbində elektrik avadanlığından dərs deyirdim. Bu bir az uzun, amma maraqlı bir tarixdir. İcazə versəniz, mən bütün təfsilatı ilə danışım.
- Buyurun.
- Mən 1978-ci ildə hələ Ağdaş rayon Ləki qəsəbəsində 10-cu sinifdə oxuyurdum. Yaxşı bilirsiniz ki, o dövrlərdə pambıq rayonlarında pambıq başımıza bir bəla idi. Avqust ayının axırlarından noyabr ayının axırınadək pambıq yığımı olurdu. Bu işə məktəblilər də cəlb olunurdu. Bir sözlə, dərslər keçirilmirdi. Həmin vaxtlar yaxın bir qohumum Rusiyadan bizə qonaq gəlmişdi. O, bu üç ayı onunla Rusiyaya getməyi mənə təklif etdi. Mən də razılaşdım. Mən onunla Rusiyanın Perim şəhərinə getdim. Hər şey də bundan sonra başladı. O məni orada pioner düşərgəsinə qəbul elətdirdi. Düşərgədə dincələnlər və müəllimlər - hamısı milliyyətcə ruslar idi. Mən məcbur olub qismən də olsa rus dilini öyrəndim. Mən ora gedəndə öz tarımı da aparmışdım. Yeri gəlmişkən, mən yaxşı tar çala bilirəm. Özüm tar sinfini də bitirmişəm. Tarda rus mahnı və rəqslərini də ifa edirdim. Orada tarı gitara ilə də əvəzləyirdim. Beləcə düşərgədə bütün ətrafımla dostlaşdım təvazökarlıqdan xahiş edirəm kənar olsun. Mən insanlarla qısa müddətdə ünsiyyət qurmağı bacarıram. Beləliklə, pambıq yığımı qurtaranda evə qayıtdım. Oradan guya müalicə olunduğum haqda arayış da gətirmişdim ki, məktəbdə mənə bir söz deməsinlər. O vaxtlar pambıq yığımında iştirak etməyənlərə vətən xaini kimi baxırdılar. Beləcə mən dərslərimə başladım. Elə həmin ili – 1978-ci ildə orta məktəbi bitirdim. Orta məktəbi bitirdiyim haqda attestatımı alıb, yenidən, Perim şəhərinə qayıtdım. Perim şəhərində 1978-ci ildə Politexnik texnikumuna qəbul oldum. “Elektrik avadanlıqları təmiri” ixtisasına yiyələndim. Texnikumdan sonra ali təhsil almaq üçün sənədlərimi Perim şəhər Politexnik İnstitutuna verdim və həmin instituta də qəbul oldum. Axşam şöbəsində oxuyurdum.
- Hələ ki, idman haqda bir söz demədiniz.
-(gülür) Səbrli olun, idmana da gəlirəm. Sadəcə mən hər şeyi bütün təfsilatı ilə danşıram ki, uzun da olsa siz oradan lazımi fikirləri özünib seçəsiniz. Mən hələ kənd orta məktəbində oxuyanda kustar formada güləşlə məşğul olurdum. Deyilənə görə, çox cəld uşaq olmuşam. Kəndə nəinki güləş, heç bir idman növü ilə məşğul olmağa nə məşqçi, nə də ki, şərait var idi. Bircə məktəbdə idman dərslərində arabir futbol oynayırdıq. Ağdaşda musiqi məktəbinin tar sinfinə gedirdim, deyə məşqlərə getməyə vaxtım olmurdu. Elə valideynlərim də istəyirdi ki, mən dərsdən əlavə yalnız musiqi ilə məşğul olum. Qorxurdular ki, idmanla məşğul olsam, davakar olaram (gülür). Amma bu belə deyil. Əsl idmançı çöldə-bayırda dava etməməlidir. Belə şeylər idmançı şərəfinə ləkə gətirən amillərdir. Bunu mən peşəkar idmanla məşğul olanda məşqçilərim mənə demişdilər. Hələ texnikumda birinci kursda oxuyanda tələbə yoldaşlarımızla kafedə keçirilən rəqs şənliyinə getmişdik. Mən onda cüdo idman növü ilə məşğul olurdum. Rəqsdən çıxanda bizimlə birgə bir gənc qız və gənc oğlan da rəqsdən çıxırdıq. Gənc oğlan yanındakı qızın yanında heç nədən bizi küçə söyüşləri ilə təhqir etdi. Mənim yanımdakı yoldaşlar da rus uşaqları idilər. Onlardan biri onu vurdu. O, yıxıldı. Onu təpikləməyə başladılar. Mən onları araladım və başa saldım ki, bizlərdə yıxılanı vurmurlar. Beləcə yolumuzu davam edirdik ki, yoldaşlarımdan biri qışqırdı ki, Mehman, o səni arxadan vurmaq istəyir. Tez arxaya çevrildim, gördüm ki, doğurdan da, əlində bıçaq məni vurmaq istəyir. Təpik atmaq istəyəndə əlindəki bıçağı da alıb onu bir idman fəndi ilə yerə sərdim. O daha dura bilmədi. Yolumuzu davam etdik. Yoldaşlarımdan biri soruşdu ki, sən karateyə gedirsən? Dedim yox. Heç karate nədi onu bilmirəm, mən ancaq cudo və boksa gedirəm. O dedi ki, mən səni karateyə apararam, yaxşı karate məşqçisi dostum var və apardı da. Onların ilk məşqlərini də gördüm. İdmançılar hamısı oturmuş halda əllərini bərkdən yerə vururlar. Sonrada ayağa durub ayaqlarını yerə vururlar. Bu ilk baxışda mənə çox təəccüblü gəldi. Məşqçi Andrey Vaver məni qəbul etdi. Həvəskarlar 200 nəfərdən çox. Beləcə bir aydan çox mütəmadi olaraq, məşqlərə getdik. İki aya yaxın məşq edirdik ki, məşqçi Vaver dedi:
- Uşaqlar burada altmış nəfərdən çox həvəskar olmamalıdır. Qərar belədir ki, qalanlarınız getməlisiz. Mən fikirləşdim ki, qısa müddətdir gəlirəm, yəqin, məni də çıxaracaq. Amma belə olmadı. Məni saxladı. Çox təəccübləndim. Özü də çox yaxşı tanınmış məşqçi idi. Andrey Vaver bir gün məni evlərinə dəvət etdi. Mən getdim, onun anası mənə bizim dildə “Xoş gəlmisən” dedi. İnanın bu anı təsəvvür etmək mənimçün nə qədər çətindir. Rusiyada bütün ətrafım rus, qəflətən öz dilini eşidirsən. Bir anlığa duruxdum. Qərib bir yerdə öz doğma ana dilini eşitmək, özü də bir rus qadınından. İnanın gözlərim yaşardı. Bu təəccübümü və kövrəlməyimi Andrey və anası hiss etdi. Ana dedi ki, biz, yəni Andreyin atası uzun müddət Azərbaycanda – Gəncə şəhərində yaşamışıq. Həyat yoldaşım hərbçi olub. Gəncə qarnizorunda bir zabit kimi xidmət edib. Andrey uşaq idi. İlk ibtidai təhsilini də orada alıb. Bizim sizin millətə xüsusi hörmətimiz var. Andreyin ana ilə danışığımız elə bizim dildə oldu. O, rus ləhcəsində bizim dildə yaxşı danışırdı. Sonra məni Azərbaycan mətbəxinə qonaq etdi. Xəngəl bişirmişdi. Soruşdu ki, siz bişirənə oxşayırmı? Çox ləzzətli idi, dedim. Andrey Vaver dedi ki, indi bildin səni bu iki yüz nəfərin içindən niyə seçdim? Sizin millətə olan hörmətimizə görə. Bir də ki, sən yaxşı idmançı olacaqsan. Buna mən inanıram. O gündən demək olar ki, mən bu ailənin bir üzvinə çevrildim. 1981-ci ildə Leonid İliç Brejnevin qərarı ilə karate idman növü ləğv edildi. Ancaq hüquq mühafizə orqanlarının işçiləri bu idmanla məşğul ola bilərdilər. Bu idman növünü sevənlər keçdilər gizli fəaliyyətə. Zirzəmilərdə məşqlər edirdik. Amma cüdoya icazə verilirdi. Karate ilə gizli, cüdo ilə aşkar məşğul olurdum. Cüdo müəllimim hələ sağdır. Vasili Şilikov, keçmiş SSR-nin tanınmış idman ustasıdır. Amma görürsünüz, Azərbaycanda heç bir idman növü heç bir vaxt qadağan olunmayıb. Çünki ulu öndərimiz Heydər Əliyev elə vaxtında demişdir ki, idmanın bütün növləri – kütləviliyi zəruridir.
- Sizin belə görürəm ki, idman fəaliyyətiniz Rusiyada da çox uğurlu olub. Belə bir uğurlu fəaliyyətiniz orada qiymətləndirilibmi?
- Əlbəttə. Rusiyada o vaxtki SSR çepionatlarında dəfələrlə layiqli yerlər tutmuşam. Cüdo üzrə idman ustası, karate üzrə dəfələrlə “Qara kəmər” ə sahib olmuşam. Mən institutun axşam şöbəsində oxuyarkən hərbi xidmətə çağırıldım. Hərbi xidməti Severdlvosk vilayətində keçirmişəm idmançı olduğum üçün mən Xüsusi Təyinatlı Milis batalyonunda xidmət etmişəm. Vəzifəmiz mühüm dövlət obyektlərini qorumaq və kütləvi yerlərdə adamların toxunulmazlığına, onların davranışlarına nəzarət etməkdir. Bir sözə, milisin gücləndirilmiş iş rejimidir. Mən hələ hərbi xidmətdə olarkən komsomolun 25-ci qurultayının nümayəndəsi seçilmişəm. “Nümunəvi əsgər” medalı ilə təltif olunmuşam. Hərbi xidməti başa vurub təhsilimi davam etdirdim. Məni dəfələrlə hüquq mühafizə orqanlarına işləməyə, özü də zabit kimi işləməyə dəvət etdilər. Nədənsə işləmək istəmədim. Düzdür, mühafizə polisinə işə düzəldim, amma siqnalizasiya üzrə mühəndis kimi. İdmanımı davam etdirirdim. 1990-cı il idi. Bir gün Andrey Vaver çox kədərli halda mənə bir məlumat verib dedi ki, Bakıda 20 Yanvar qırğını olub. Əhalini dəhşətli şəkildə qırıblar. O bunu deyib ağladı. Sən demə onu da Bakıya aparmaq istəyiblər. O, müxtəlif bəhanələrlə təyyarədən düşüb. O mənə ehtiyatlı olmağı tapşırdı. Rusiya mətbuatı bu barədə heç nə yazmırdı. Kütləvi informasiya vasitələri susurdu. Bir sözlə, nəinki mənim, heç sıravi əhalinin də bu işlərdən xəbəri yox idi. Mən fəal komsomolçu idim. Bir gün məni rayon komsomoluna çağırmışdılar. Orada bir jurnalist ilə tanış oldum. Dalinkiyev Valeri İvanoviç “Molodoya qvardiya” qəzetinin redaktoru idi. O, Bakıda olmuşdur. Mənə çoxlu qəzetlər verdi. 20 Yanvar hadisələri barədə yazılmışdı. O dövrdə evlə bütün əlaqələrim kəsilmişdi. Azərbaycanla heç bir əlaqə yaratmaq mümkün deyildi. Qəzetləri oxuyub dəhşətə gəlirdim. Özümə yer tapa bilmirdim. Dostlar, tanışlar mənə təsəlli verirdilər. Sıravi ruslar Kreml rəhbərliyini söyürdülər. Bax, bu mənə bir az təsəlli verirdi. Artıq qəti qərara almışdım. Bütün perspektivlərimin üstündən yekə bir qara xətt çəkib Vətənə - Azərbaycana dönməliyəm. Tələbəlik illərimdə qazandığım dost-tanışlardan əl çəkməliyəm. Bu mənim üçün artıq çətin deyildi. Çünki qəlbimdə rus şovnizminə - rəhbərliyinə kəskin nifrətim artmışdı. Mən Vətənə dönüb xalqımın kədərinə şərik olmalıydım. Belə də etdim. Artıq may ayında Azərbaycanda idim. Elə əlbəyaxa döyüşən uşaqlarla ilk vaxtlardan Mingəçevirdə və Ağdaş rayonunun Ləki qəsəbəsində məşğul oldum. Yeri gəlmişkən, Qarabağın azadlığı uğrunda gedən döyüşlərində mənim də payım var. Çünki tələbələrimin demək olar ki, yetmiş faizi döyüşüb. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə xüsusitəyinatlılar arasında mənim yetişdirmələrim də var idi. Şəhidlərimizə Allah min rəhmət, sağ qalanlara can sağlığı arzulayıram. Rusiyada tanış olduğum jurnalist Dalinkiyev Valeri İvanoviç də Qarabağ müharibəsində şəhid oldu. O həmişə yazılarında Azərbaycanın haqlı tərəf olduğunu yazırdı.
- Mehman müəllim, Vətənə dönməyinizin əsas səbəbini rus şovnizmi və 20 Yanvar hadisələri ilə izah etmək olar. Özünüzün dediyiniz kimi orada yaxşı etibarlı dost-tanışlarınız belə açıq desək, oxumaqdan, işləməkdən əlavə cavanlıq keçirmək üçün münbit şərait, diskotekalar, bütün bunlar hamısı artıq yoxdur.
- Bəli. Birmənalı bu belıədir. Vətənin bir zərrəsini dünyanın heç bir zənginliyinə dəyişmərəm. Gəldiyim ildə ailə qurdum. Dörd övladım, dörd nəvəm var. Övladlarımın dördü də ali təhsillidirlər. Biri həkim, Türkiyədə işləyir. Bir oğlum ekoloq, iki qızım isə müəllimədirlər. Qızlarım analarının peşəsini seçib. Nəvələrim hələ orta məktəbdə oxuyurlar. Ailəmə bağlı insanam. Onları hədsiz dərəcədə sevirəm. Sizcə, bundan böyük xoşbəxtlik, bundan əzəmətli zənginlik olarmı? Bir də ki şovnizim deyəndə mən rus xalqının hamısını nəzərdə tutmuram. Bütövlükdə xalqın bizə münasibəti lap yaxşıdır. Bu iyrənc siyasət ancaq yuxarılardan bir qrup millətçilərdən irəli gəlir. Ümidvaram ki, bunun da kökü elə sıravi xalq tərəfindən nirdəfəlik kəsiləcək.
- Yarışlarda heç maraqlı hadisələr ilə rastlaşmısınız?
- O qədər. Maraqlı hadisə deyəndə ki, əksər hadisələr idmanda mübahisələr olur. Hər iki tərəfin məşqçiləri ilə və yaxud hakimlərlə yaxşı yadımdadır ki, bir neçə il bundan əvvəl Tiblisidə keçirilən Ka-1 əlbəyaxa döyüşündə mənim uşaqlarımdan ikisi erməni döyüşçüləri ilə döyüşürdülər. Vəli Əliyev və qız döyüşçümüz Tərgül (soyadı yadımda deyil) onların hər ikisi ermənilərə qalib gəldilər. Biri 30 saniyəyə, o birisi isə 43 saniyəyə erməniləri nakaunda saldı. Yarışın təşkilatçısı Demesenko soyadlı bir qadın idi. Onda böyük bir mübahisəmiz düşdü. Ermənilər iddia edirdilər ki, çəki düzgün deyil. Heç idmançılar çəkilən vaxt mən çəkiyə yaxın getməmişdim. Demesenko komissiya təşkil edib idmançıları çəkirdilər. Ermənilərdən biri 10, digəri isə 8 kq bizimkilərdən artıq oldular. Onda lap böyük bir mübahisə düşdü. Məşqçilər arasında az qaldı ki, əlbəyaxa döyüş olsun. Bax, onların həyasızlığıidmanda da özünü göstərir. Amma nə olsun ki, biz qalib gəldik.
- Eşitmişəm ki, bir neçə illərdir ki, siz Alpaqut Turan döyüş sənəti ilə də məşğulsunuz. Xahiş edirəm ki, bu döyüş növü ilə bizləri tanış edəsiniz.
- Alpaqut qədim Türk döyüş mədəniyyətindən götürülmüş və müasir döyüş sənəti ilə sintezləşdirilmiş döyüş sənətidir. Alpaqut adının anlamı alp-döyüşçü, qut da kutsal, yəni müqəddəs döyüşçü deməkdir. Elə bu döyüş sənəti Türk xalqlarının ortaq mədəniyyətindən və döyüş sənətlərində qaynaqlandığı üçün Turan sözü (türksoylu xalqların coğrafiyası) marka kimi əlavə olunmuşdur. Alpaqut idman növü uşaqlarda milli iftixar hissini, vətənə və dövlətə hörmət və məhəbbət hissini formalaşdırır. Alpaqut turan döyüş sənətinin qurucusu beynəlxalq dərəcəli idman ustası türk və köçəri döyüş sənətləri ilə etno idman mədəniyyəti üzrə tədqiqatçı, dünya Alpaqut Federasiyasının idarə heyətinin sədri Azərbaycan döyüş federasiyasının assosiyasının baş katibi və beynəlxalq turan oyunları komitəsinin birinci vitse prezidenti Vasif Namazovdur.
- Mehman müəllim, artıq Alpaqut döyüş sənəti dünyada məşhurlaşmış bir idman növüdür. Elə deyilmi?
- Elədir. Bu idman növü artıq çoxdan rəsmiləşdirilmiş, yüksək lisenziya almış bir idman növüdür. Həvəskarlarımız da çoxdur. Çox həvəslə də məşqlərə gəlirlər. Bir də mən sizə ən vacib bir şeyi deyim ki, idmanın bütün xüsusiyyətləri yaxşıdır. Bunu hamı bilir. Ən yaxşısı da odur ki, yeniyetmələr zərərli vərdişlərdən kənar dururlar. Siqaret çəkmək, boş-boşuna gəzmək və s. Nizam-intizamlı olurlar. Mən özüm hər məşqə başlamazdan əvvəl beş-üç dəqiqə uşaqlarla vətənpərvərlik haqqında söhbət edirəm. Onlara vətənpərvərlik hisslərini aşılayıram. Özüm də görürəm ki, bu çox yaxşı nəticə verir.
- Mən bilirəm ki, sizin mədəniyyətə, incəsənətə böyük marağınız var.
- Belədir. Mən sizin teatr aktyorları haqqındakı müsahibələrinizi də çox oxuyuram. Gənc vaxtlarımda dram dərnəyinə getmişəm. Rusiyada olarkən Yeni il şənliklərində Şaxta baba olurdum. Azyaşlı uşaqlar məni küçədə görəndə “Dedmaroz” deyib dalımca düşürdülər. Təlıəbə olarkən poeziya müsabiqələrində də iştirak etmişəm. Səməd Vurğunun “Azərbaycan” şeirini rus və azərbaycan dillərində demişəm. Puşkinin şeirlərini demişəm. Dram dərnəyində Qoqolun, Çexovun əsərlərindən parçalar oynamışam. Bir sözlə, bu sənətə və sənətkarlara böyük hörmətim var.
- Qayıdaq yenə Rusiyaya. Oradan qayıdandan sonra heç ora gedib dost-tanışlarınızı ziyarət etmisinizmi?
- Əlbəttə. Pandemiya düşməmiş hər il gedirdim. Pandemiyadan sonra getməmişəm. Gedəndə də idmançı həmkarlarla görüşürdüm. Biz “qocalar” yığışıb gedib özümüz həmişə olduğu kimi məşqlər edirik. Günümüzün əsas hissəsini elə yenə idmanla keçiririk.
- Bu yaxınlarda sizin klubun məşq şəraiti ilə maraqlanmaq üçün ora getmişdim. Köhnə mədəniyyət evinin binasında yerləşitr. Nədənsə yerinizi tez-tez dəyişirsiniz. Bu sizi narahat etmir?
- Narahat edir. Neyləyək. Bəli, indi Səməd Vurğun adına Mədəniyyət Evində yerləşirik. Klubumuz şəhid Atiq İbrahimov adınadır. Atiq İbrahimov 44 günlük Qarabağ müharibəsində şəhid olub. Əsl döyüşçü olub. Biz də onun adını klubumuza qoymaqla əbədiləşdirmişik. Mədəniyyət Evini arendaya götürmüşük. Amma ümidvarıq ki, nə vaxtsa bizim fəaliyyətimizi nəzərə alıb bizə də nə vaxtsa yer verəcəklər. Biz arendanı, yer pulunu da öz hesabımıza ödəyirik. Şəhərimizin bütün tədbirlərində fəal iştirak edirik. Ümumiyyətlə, yarışlar, tədbirlər öz hesabımıza ödənilir. Bəli, biz Azərbaycanımızın idman şərəfini qoruyuruq. Yarışlarda öz bayrağımız qalxanda qürur duyuruq.
- Maraqlı müsahibə üçün çox sağ olun.
- Sağ olun.
Qabil İBRAHİMLİ
“Azad Azərbaycan” qəzetinin əməkdaşı
P.S. Mən Mehman Məlikovu tanıdığım gündən çox mehriban və səmimi bir yoldaş kimi tanımışam. Diqqətimi çəkən həmişə o olub ki, Mehman müəllim heç vaxt boğazdan yuxarı pafosla danışmayıb. Qazandığı uğurları sakitcə özünəməxsus səmimiyyətlə qarşılayıb, çox vətənpərvər və söhbətcildir. Əksər vaxtlarda söhbətinin mövzusu vətəndir. Vətənin keçmişi və gələcəyidir. Hər bir şeyin həmişə yaxşı olub və olacağına inanıb, elə onu tanıyanlara sevdirən bu kimi yaxşı xüsusiyyətləridir. Mehman müəllim, siza can sağlığı, ailə xoşbəxtliyi, işlərinizdə isə nailiyyətlər arzulayıram. Bayrağımızı həmişə ucalara qaldırın!
Bütün xəbərlər Facebook səhifəmizdə