Biz insanlar həmişə istəməyə bir şey tapırıq. Daha yaxşı ev, daha yaxşı maşın, yeni paltar, zənginlik, güc və sair və ilaxır. Amma min illər əvvəlki antik dövrdə cücərmiş fəlsəfi düşüncə sistemi bütün bunları rədd edir. “Kiniklər” adlanan bu hərəkat təbii və sadə həyata üstünlük verilməsi və insanın özünün özünə yetməsi ilə bağlıdır.
Çəlləkdə yaşayan adamın yanına Makedoniyalı İskəndər gəlib deyir: "Məndən dilədiyin bir şey varmı?". O isə belə cavab verir: "Sən mənim isindiyim günəşin önünü kəsdin. Ona görə istəyim odur ki, qarşımdan çəkiləsən". Bax, bu sözü deyən adam qədim yunan filosofu, Antisfenin tələbəsi, Kinik məktəbinin nümayəndəsi, yaşayışı ilə insanları həqiqətə səsləyən, təbiətə uyğun həyat çağırışına tabe olan, hər şeyi üzə deyən kobud insan, Platonun təbirincə desək, "Dəli Sokrat", açıq şəkildə ictimai əxlaqa qarşı olan adam - epataj üslubunun ilk fəlsəfi nümayəndəsi, ömrünü son dərəcə kasıb olaraq keçirən, əlində fənəri ilə gəzən və çəlləkdə yaşayan Sinoplu Diogendir (e.ə.400 - e.ə.323). Bu gün onun məmləkətinə gedirik.
Sinopun tarixi təxminən 5 min il əvvələ gedib-çıxır. Şəhər qədim zamanlardan dəniz ticarətinin mərkəzində olub və buna görə də əsrlər boyu bir çox mədəniyyətlərə ev sahibliyi edib. Qara dənizə hakim olmaq istəyən Frigiya, Fars, Roma, Bizans, Səlcuqlu və Osmanlı dövlətlərinin tərkibində olub.
Sinop yarımada şəklində, dənizə doğru uzanan, yəni üç tərəfdən su ilə əhatə olunmuş bir şəhərdir. Şərq ucundan başlayaraq Sinopu dolaşaq. Gözəl körfəzlər və çimərliklər. Limana lövbər atıb Sinop qalasına üz tutaq. Nə vaxt, necə, kim tərəfindən ucaldıldığı tam təsbit olunmayan qala Pontus kralının saray, teatr, gimnaziya və şəhər divarları ilə çevrələnib, Roma, Bizans, Səlcuqlu və Osmanlı dövrlərində də qorunub. Qalanın sıldırım pilləkənləri ilə birlikdə yavaş-yavaş qalxınca möhtəşəm Sinopun mənzərəsi insanı heyran edir, yorğunluğunu unutdurur.
Sinopda Əlaəddin məscidi (Alaaddin Cami) var. Anadolu Səlcuqlu sultanı Əlaəddin Keykubat tərəfindən tikilib. Yaşı 800 ili keçən məscid Sinopun ən qədim tikililərindən sayılır.
Pərvanə mədrəsəsi Əlaəddin məscidinin arxasında yerləşir. Bu mədrəsə mərmər girişi, bəzəkləri, fəvvarəsi və otaqları ilə cəlbedicidir. Vaxtilə təhsil ocağı olan mədrəsə bu gün yerli sənətkarlıq bazarı kimi fəaliyyət göstərir.
Sinop şəhərinin mərkəzində gələnlərin diqqətini bir bina çəkir. İç qala deyilən hissədə yerləşən bu bina Tarixi Sinop Həbsxana Muzeyidir (Tarihi Sinop Cezaevi Müzesi). Sinop deyildikdə fikrə gələnlərdən biri Diogendirsə, digəri də bu həbsxanadır. Bir vaxtlar "Anadolu Alkatrazı" adlanan bu yer qoşa sütunları və dənizi ilə qaçmağın qeyri-mümkün olduğu yer idi. Bu səbəbdən o məşhur Alkatraz həbsxanasına bənzədilib. Əvvəllər gəmiqayırma zavodu kimi tikilib, bir əsr sonra həbsxanaya çevrilib. Ədəbiyyat və incəsənət dünyasının tanınmış adamlarından da bu həbsxanaya düşənlər olmuşdu.
Bu gün həbsxana açıq hava muzey kimi fəaliyyət göstərir. Tarixin izlərini daşıyan həbsxanada Türkiyənin film və serialları çəkilib. Orjinal halında qorunan otaqları, hündür divarları, zindanları və məşhur adları ilə Tarixi Sinop Həbsxana Muzeyi qapılarını onunla maraqlanan hər kəsə açır.
Muzeyin yaxınlığında məşhur mütəfəkkir Diaogenin heykəli var. Kinizm fəlsəfəsinin öndə gedən adlarından biri olan Diogen xoşbəxtliyin ən sadə şəkildə yaşamaqla əldə oluna biləcəyi fikrini müdafiə edirdi. O, çəlləkdə yaşayırdı. Deyirlər ki, Diogen gündüzlər fənərlə gəzib düzgün adam axtarırmış. Ona görə də Diogenin heykəli əlində fənərlə təsvir edilib.
Sinopun mərkəzindən çıxınca isə şəhərin təbii gözəlliklərinə heyran qalırsan. Bu yerlərin də özünəməxsus hekayələri var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB