Heydər Əliyev və Azərbaycanın tarixi inkişafının başlanğıc nöqtəsi - 14 iyul 1969-cu il
Şəxsiyyətlər tarix yaradır. Ancaq elə şəxsiyyətlər də var ki, onlar bütöv bir xalqın gələcək taleyini həll edir. Bəzən onların həyatından, taleyindən, fəaliyyətindən danışmaq üçün bütöv bir xalqın, ölkənin tarixini vərəqləmək, onu dərindən bilmək lazım gəlir. Xalqımız da hər zaman Azərbaycanın qurucusu, dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır, yarım əsrdən artıqdır ki, onun işıqlı yolu ilə addımlayır. Ulu Öndərimiz Azərbaycan xalqının müstəqillik mübarizəsində misilsiz xidmətlər göstərib. Sağlığında canlı əfsanəyə çevrilib, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanıb. Dünyamiqyaslı siyasətçi Heydər Əliyev xalqımızın və dövlətimizin taleyüklü problemlərini həll edən dövlət xadimi olmaqla yanaşı, həm də Azərbaycanın 54 illik bir tarixi dövrünü yaradan və yaşadan şəxsiyyətdir.
Bəli, 14 iyul 1969-cu il Azərbaycanın özünə qayıdışı, dirçəlişi və inkişaf yolunun başlanğıcı kimi tarixə düşmüşdür. Məhz həmin tarixdən etibarən Heydər Əliyev Azərbaycana yalnız rəhbərlik etməyib, O, eyni zamanda, qüdrətli dövlət xadimi, görkəmli siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də, həm də bütün dünyada tanıdıb, milli varlığımızın qorunub saxlanılmasında misilsiz xidmətlər göstərib. Həmin illərdə əldə olunan uğurlar və Azərbaycanın qazandığı şöhrət tariximizə qızıl hərflərlə yazılıb. Ona görə də 14 iyul xalqımızın taleyində milli dövlətçiliyimizin bərqərar olmasının başlanğıcı, azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir.
Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz təkrarsız yerini tutmuşdur.
1960-cı illərdə ölkəmizin imkanlarının yetərincə olmasına baxmayaraq, tənəzzül, başqa respublikalardan asılılıq hökm sürürdü. Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatın son yarım əsrdən artıq bir dövrünü əhatə edən zaman kəsiyi müdrik dövlət xadimi, dərin zəkaya, fitri istedada, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin – Heydər Əliyevin adı, əməli fəaliyyəti ilə, gerçəkləşdirdiyi konkret işlərlə bağlıdır. Bu mürəkkəb proseslər isə onun həm əməli fəaliyyətində, həm də milli dirçəliş fəlsəfəsində öz əksini tapmışdır.
Reallıq bundadır ki, həmin illərdə Azərbaycanın iqtisadi vəziyyəti acınacaqlı durumda olmaqla ötən əsrin 60-cı illərində ölkəmiz keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı sahələrinin inkişafında acınacaqlı vəziyyət yaranmışdı. Respublikanın tələblərinə cavab verməyən sosial vəziyyət əhalinin güzəranının getdikcə pisləşməsinə səbəb olurdu. Ölkəmizin imkanlarının yetərincə olmasına baxmayaraq bizim təbii sərvətlərimiz digər müttəfiq respublikaların inkişafına yönəldilirdi. 1950-ci illərdən sonra SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçmişdi, respublikamızda işsizlərin sayı artır, gənc əhalinin bir qismi iş dalınca Rusiyanın müxtəlif şəhərlərinə üz tuturdu.
Respublikada qeyri-müəyyən bir əhvali-ruhiyyə hökm sürdüyündən milli kadrların hazırlanması, dilimizin inkişaf etdirilməsi və istifadə olunması, dövlət idarəetmə strukturlarında çalışan məmurların azərbaycanlı olmasına diqqət yetirilməməsi ciddi problemlər yaradırdı.
Azərbaycan KP MK-nın 1969-cu il 14 iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməklə xalqımızın tarixində və taleyində əhəmiyyətli dönüşə inkişafa nail olundu.
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü iqtisadi siyasət nəticəsində indiyədək SSRİ- nin aqrar ölkəsi kimi tanınan Azərbaycan inkişaf etmiş, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrildi.
Ümummilli lider öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və uğurlu gələcǝyǝ aparan yolları müəyyən etmişdir. Həmin səbəbdəndir ki, Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü ulu öndərin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur.
SSRİ-nin mövcud olduğu bir şəraitdə ayrı-ayrı respublikaların milli məsələdən danışması və bu istiqamətdə hansısa bir fəaliyyət aparması sadəcə, qeyri-mümkün idi. Amma Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ümummilli idealların yenidən dirçəldilməsi və inkişaf etdirilməsi prosesləri vüsət almağa başladı. Bu tarix ölkəmizin həm də müstəqil dövlətçiliyə doğru ilk böyük dönüşünün başlanğıcı olmuşdur. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Heydər Əliyev həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gǝrǝrǝk Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürdü, ictimai şüurdakı qorxunu aradan götürdü, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırdı.
Əlbəttə, müstəqilliyi əldə etmək üçün möhkəm təməlin, iqtisadi inkişafın olması əsas şərt idi. Ulu Öndər xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaratdı. O öz xidmətləri ilə hər bir azərbaycanlıya Vətən üçün, Azərbaycan üçün qurub-yaratmaq, yorulmadan xidmət etmək fəlsəfəsini aşılaya bildi. Azərbaycanı inkişaf etmiş respublikaya çevirdi, bugünkü müstəqilliyimizin təməlini hazırladı, gələcək nəsillər üçün əvəzsiz, qiymətli miras qoydu.
1969-1982-ci illərdə Heydər Əliyev mərkəzdəki nüfuzundan istifadə edərək Sov.İKP MK və SSR Nazirlər Soveti tərəfindən respublikanın xalq təsərüfatının inkişafını təmin edəcək beş mühüm qərar qəbul edilməsinə nail olunmuşdur.
Təbii ki, bu qərarların yerinə yetirilməsini təmin etmək üçün SSR-nin mərkəzi büdcəsindən Azərbaycana xeyli vəsait ayrılmışdır.
Həyata keçirilən tədbirlər nəticəsində 1969-1982-ci illərdə sənaye məhsulları istehsalının həcmi 2,7 artmış və sənaye istehsalının 13 il ərzində ümumi həcmi müharibədən sonrakı bütün dövrün (1970-ci ilə qədər) istehsalını 2 dəfə üstələmişdir. 1969-1982-ci illərdə ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyəti olan 230-dan çox yeni sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, mövcud müəssisələr yenidən qurulmuş, gücləndirilmiş və istismara verilmişdir.
1982-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 1969-cu illə müqayisədə 2,5 dəfə, inqilabdan əvvəlki dövrə nisbətən isə 9 dəfə artmışdır. Həmin dövrdə respublikada taxıl istehsalının həcmi 573,9 min tondan 1211,3 min tona, pambıq tədarükü 299,4 min tondan 1015,3 min tona, üzüm istehsalı 272,0 min tondan 1815,6 min tona yüksəlmişdir. Dənli bitkilərin məhsuldarlığı 1970-ci illərdə hər hektardan 11,6 sentnerdən 1980-ci ildə 23,2 sentnerə çatmışdır.
1969-1982-ci illərdə iqtisadiyyatın inkişafına 7,2 milyard manatlıq və ya 1920-1968-ci illər ərzində edilmiş kapital qoyuluşundan 4,5 dəfə çox vəsait sərf olunmuşdur. Təkcə 1982-ci ildə kapital qoyuluşunun həcmi 1950-ci ildəkindən 29,5 dəfə, 1956-cı ildəkindən 12,6 dəfə, 1968-ci ildəkindən isə 6,7 dəfə çox idi. Həmin illərdə respublika əhalisinin mənzil şəraiti əsaslı dərəcədə yaxşılaşaraq ümumi sahəsi 19,4 milyon m2 mənzillər tikilərək vətəndaşların istifadəsinə verilmişdir. Bu dövrdə 483,4 min şagird yerlik ümumtəhsil məktəbləri, 68,1 min yerlik məktəbəqədər uşaq müəssisələri, 13,5 min çarpayılıq xəstəxana, növbədə 13,7 min nəfər qəbul edən ambulatoriya-poliklinika müəssisələri inşa edilmişdir.
Hazırda Bakıya, Azərbaycanın şəhər və rayonlarına gözəllik, yaraşıq verən yüzlərlə yaşayış binaları, ictimai binalar, məktəblər, mədəniyyət sarayları, iqtisadiyyatımızın əsasını təşkil edən fabriklər, zavodlar, iri istehsal kompleksləri, su anbarları, dəryaçılar, yaşıllıq zonaları, neçə-neçə yollar, körpülər Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin, bu böyük şəxsiyyətin bütün varlığına hopmuş vətən sevgisinin nəticəsidir.
Heydər Əliyevin başçılığı ilə 1969-1982-ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilməsi, gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi olmuşdur. Milli hərbçi kadrların hazırlanması da xalqın müstəqil gələcəyini görən Heydər Əliyevdən ötrü xüsusilə böyük əhəmiyyətli məsələ idi.
Minlərlə azərbaycanlı gənc Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına göndərilmişdir. Bütün bunlar dahi Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin nəticələri idi. Ulu öndərimiz bu barədə danışarkən demişdir: “Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1969-1982-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”.
O dövrdə görülən işlərin bəhrəsini biz indi daha aydın dərk edirik. 1969-1982-ci illər Azərbaycanda həm də elm və təhsilin inkişaf dövrü kimi xatırlanır.
Həmin illərdə Ulu Öndərimizin rəhbərliyi altında təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləşdirilməsi, respublika hüdudlarından kənarda yüksək-ixtisaslı mütəxəssislərin yetişdirilməsi müasir müstəqil Azərbaycan üçün zəruri intellektual potensial yaratmışdır. Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması isə Ulu Öndərin uzaqgörənliyindən, dahiliyindən xəbər verirdi. Heydər Əliyev qarşıdakı böyük dəyişikliklərin qaçılmaz olduğunu bilirdi. O dövrdə yüzlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin 54 ən qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi də müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan idi.
Beləliklə, Azərbaycan qısa müddətdə öz taleyinin sahibi oldu, başqa müttəfiq respublikaların 50 ilə keçdiyi yolu cəmi 13 ilə qət etdi.
Sonradan Kremldə fəaliyyət göstərdiyi 1982-1987-ci illərdə Siyasi Büronun üzvü olmaqla SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə yüksələndə də qəlbi daim xalqımızla birgə döyünmüşdür. O dövrdə ölkənin ən mühüm sahələrinə rəhbərlik, məhz Ulu Öndərimizə etibar edilmişdir. Həmin dövrdə də Azərbaycanın inkişafını, əlaqələrinin möhkəmləndirilməsini, ərazi bütövlüyünün təmin olunmasını, milli kadrların yetişdirilməsini daim diqqət mərkəzində saxlayırdı. Heydər Əliyev gələcəyin müstəqil Azərbaycanını nəzərdə tutaraq, milli məfkurənin yüksəlişi və xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində SSRİ-nin xarici siyasəti çərçivəsində də olsa, Azərbaycanın xarici aləmlə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün maksimum səy göstərirdi. Bu məqsədlə Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunduğu kimi, SSRİ respublikaları və sosialist düşərgəsi ölkələrində, eləcə də digər xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi ki, bütün bunlar son nəticədə Azərbaycanın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaradır, azərbaycanlıların özünəməxsus tarixi, mədəni ənənələri olan xalq kimi tanınmasını, Bakının isə həmin dövrdə dünya miqyasında tanınan bir elm və mədəniyyət mərkəzinə çevrilməsini təmin edirdi.
Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından, sözün əsl mənasında, qəhrəmanlığa bərabər belə bir addım, məhz gələcəyin müstəqil yeni Azərbaycanı naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərin ittifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasda ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və nəşri – bütün bunlar Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir.
Daha bir önəmli amil budur ki, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycanın gələcək taleyində əvəzsiz rolu olan İlham Əliyev kimi şəxsiyyəti və müdrik siyasi lideri yetişdirməsidir.
Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən Ümummilli Liderimizin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı. Doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin problemlərinin həll olunması üçün bütün imkanları səfərbər etmişdi. Məhz son 20 ilin uğurlarının ümumiləşdirilmiş ifadəsi olaraq qeyd etməliyik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl daxili və xarici siyasət sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür, Azərbaycan dünya ölkələri sırasında tutduğu layiqli mövqeyini möhkəmləndirir. Azərbaycanın uğurlarının zirvəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz dayanır.
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, qüdrəti, xalqımızın dəmir yumruq kimi birliyi, həmrəyliyi sayəsində 30 ilin işğalına son qoyulmuşdur. Azad Qarabağımızda, azad Şuşada genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Bütün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir.
Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bizləri qarşıda daha möhtəşəm qələbələr, zəfərlər gözləyir.
Nazim İsmayılov,
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB