Uşaqlarda qəbzliyin səbəbləri nələrdir? - PEDİATR AÇIQLADI

"Qəbzlik, digər adı ilə konstipasiya, bağırsaq hərəkətlərinin yavaş olması səbəbi ilə həftədə 3 və ya daha az sayıda böyük bayıra çıxma vəziyyətidir. Ən sıx 2 yaş civarında görülür. 95% halda funksionaldır, altında bir səbəb yatmır və ailə anamnezi müsbətdir. Qəbzlik bağırsaqların tam boşalmaması vəziyyəti olub, ağrı və köp kimi əlavə təsirlər ilə birgə görülür. Bəzən obstruktiv tipdə, yəni şiş, polip və sair patoloji vəziyyətlərdə bağırsaq tıxanması, yaxud bağırsaq hərəkətlərində yavaşlanmaya bağlı ortaya çıxır". Bu sözləri SİA-ya açıqlamasında mütəxəssis pediatr Yüksel Hüseynli deyib.

Onun sözlərinə görə, həyat tərzi və qidalanma şəkli də səbəb olan faktorlardandır: "Uzun müddətli qəbzliyin altında ciddi sağlamlıq problemləri yatır. Qəbzliklə birgə qarın ağrısı, çəki itkisi, bağırsaqdan qan gəlməsi kimi əlamətlər varsa, kolonoskopiya və laborator testlər ilə araşdırılmalıdır.

Qəbzlik əlamətləri:

✓Nəcis kütləsinin sərt olması

✓Çox az olması

✓Sıxlığının az olması

Səbəblər:

✓Uşaqlara ana südü verilməməsi və ya az verilməsi (normalda uşaq ilk 6 ay, sadəcə, ana südü olmaqla, 2 il ana südü ilə qidalanmalıdır)

✓Ana südü əvəzi süni qidalar, inək südü verilməsi, inək südünün çox verilməsi

✓Qatı qidalarla qidalanmaq

✓Anadangəlmə bağırsaq anomaliyaları kimi, bağırsağı innervasiya edən sinirlərdə anomaliyalar

✓Bağırsaq peristaltikasını təmin edən əzələlərdə çatışmazlıq

✓Az su içmək

✓Hormonal xəstəliklər

✓Oyun yaşlı uşaqlarda tualet ehtiyacını ertələmək

✓Körpə uşaqlarda süni qidaya və ya əlavə qidaya keçmə

✓Ana südü ilə qidalanan uşaqlarda, süni qida ilə qidalanan uşaqlara nəzərən daha az qəbzlik olur. Süni qidalanmada olan uşaqlar 3-4 aya qədər bağırsaq yerkinsizliyi səbəbi ilə də köp və qəbzliyə daha çox meyilli olurlar.

✓Pampersdən ayrılma dövründə uşaqlara edilən psixoloji təsir, məcburetmə, düzgün tualet vərdişinin aşılanmaması kimi hallar səbəb olur.

Hər uşağın bağırsaqlarının funkiyası və nəcis ifrazı tezliyi fərqlidir. Qidalanma və fiziki aktivlik vərdişləri təmin edildikdən sonra da qəbzlik keçmirsə mütləq əlavə müayinələr edilməlidir.

Qəbzliyə bəzi qidaların səbəb olduğu düşünülür:

✓Banan

✓Makaron

✓Düyü

✓Həddən artıq inək südü içmək

✓ "Fast-food" qidalar

Qəbzlik necə keçər?

✓Şəkərli qidalardan uzaq durulmalıdır. Ümimiyyətlə 1 yaşa qədər uşaqlara duz, şəkər və bal olmaz. Təəssüf ki, bizim ölkəmizə xas olan uşağa "şirin çay" vermək vərdişi uşaqlarda iştahanın azalmasına, sağlam qidalar əvəzinə artıq şəkər yükünə məruz qalaraq erkən yaşlarda şəkərli diabetin əmələ gəlməsinə, eyni zamanda sağlam qidalardan imtina etməsinə səbəb olur. Şəkərli mühit ağız boşluğunda və həzm traktında zərərli mikroorqanizmaların sayınln artmağına, iştahsızlıq yaradır. Sağlam vitaminli qidalar əvəzinə, "fast-food", şokolad kimi qidalar uşaqlarda, qastrit, mədə-bağırsaq xorası, dispepsiya, qəbzlik kimi ciddi problemlərə səbəb olur. Şəkər gördüyümüz kimi təkcə birçox xəstəliyin təməlində dayanır

✓Digər məsləhət görülən qidalanma şəkli uşağa çoxlu lifli qidaların, meyvə, tərəvəzin verilməsidir ki, bu da bağırsaq hərəkətlərinin artmasına kömək edir.

✓Uşaqlar mütləq su içməlidir(çay ,meyvə şirəsi,şirin çay yox).

✓Kofelər, qazlı içkilər, qablaşdırılmış məhsullar və meyvə şirələrindən istifadə edilməməlidir.

✓Bağırsaq mikroflorası düzəltmək üçün ev üsulu qatıq, kefir, ayran verilməlidir.

✓Quru meyvələr və onlardan hazırlanmış qidalar tükətilməlidir.

✓Hərəkətsiz uşaqların evdə, bağçada, məktəbdə yaşıdları ilə aktiv oyunlar oynamasına, evdə müntəzəm idman məşğələləri ilə məşğul olmağına şərait yaradılmalıdır.

Ümimiləşdirsək, qəbzlik çox etiologiyalı bir problemdir və vaxtında həkimə müraciət edilməlidir. Çalışın sağlam olun, sağlam qidalanın və gələcəyimiz olan uşaqlara qarşı da bu mövzuda daha həssas olun".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə