"Dünyada gedən demoqrafik proseslərdə baş verən dəyişikliklər respublikamızdan da yan keçməyib. Dövlət Statistika Komitəsinin son 3 ilinin göstəricilərinə görə, 2013-2015-ci illərdə respublika və Bakı şəhəri üzrə 60 yaşdan yuxarı yaş qruplarına görə əhalinin sayının artan dinamikası müşahidə edilir". SİA-nın xəbərinə görə, bu fikirləri Ş.Həsənov adına "Sağlamlıq Zonası" Sağalma və Reabilitasiya Poliklinikasının baş həkimi Məsməxanım Məcidova jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, artım dinamikası xüsusən 60-74, 75-89 yaş qruplarında özünü daha çox büruzə verir: "2013-cü ildə orta ömür həddi 74.2 olubsa (kişilər 71.6, qadınlar 76.8), 2015-ci ildə bu göstərici 75.2-dir (kişilər 72.7, qadınlar 77.6). Bu baxımdan əhalinin qocalma problemlərinin öyrənilməsi və ahıl insanlara tibbi sanitar yardımın göstərilməsi aktuallaşıb. Demoqrafların müşahidələrinə görə sivilizasiya artdıqca, əhalinin qocalma prosesi sürətlənir. Bunun bir çox səbəbləri var: sivil ölkələrdə doğum səviyyəsi aşağı düşmüş, ümumi əhali içərisində ahılların nisbi payı artıb. Digər tərəfdən tibdə əldə olunan nailiyyətlər-uşaq ölümünün azalması, ölümə səbəb olan bir çox infeksiyaların aradan qaldırılması, xəstəliklərin profilaktikası orta ömür həddinin yüksəlişinə səbəb olub".
Ahıllar arasında əlilliyə gətirib çıxaran bir çox xəstəliklərin olduğunu deyən baş həkim söyləyib ki, bunun qarşısının alınması üçün reabilitasiya tədbirləri həyata keçirilməlidir: "Amma təkcə uzunömürlülüyü artırmalı deyilik. Biz çalışmalıyıq ki ahıllar daha aktiv həyat şəraiti sürməklə uzunömürlülüyə nail olsunlar".
Bütün xəbərlər Facebook səhifəmizdə