Hepatit xəstəliyi necə müalicə olunmalıdır? - HƏKİM İZAH ETDİ

Hepatit - qaraciyərin iltihabıdır və bir çox səbəbdən meydana gələ bilər. Adətən bu, viral infeksiyanın və ya spirtli içkilərin səbəb olduğu qaraciyərin zədələnməsinin nəticəsidir. Hepatitin bir neçə fərqli növü var. Bəzi növlər heç bir ciddi problem olmadan keçir, digərləri isə uzun müddətli (xroniki) ola bilər və qaraciyərdə çapıqlar (sirroz), qaraciyər funksiyasının itirilməsi və bəzi hallarda qaraciyər xərçənginə səbəb ola bilər. Hepatit xəstəliyinə yoluxma hansı şəraitdə ola bilər və necə müalicə olunmalıdır? SİA mövzu ilə bağlı həkim-infeksionist Vasif Əliyevin fikirlərini öyrənib.

Həkim bildirib ki, hepatit A və B virusuna qarşı peyvənd var: "Amma hepatit C virusuna qarşı peyvənd yoxdur. Bu virusların yoluxma yolları da fərqlidir. Hepatit A daha çox fekal oral yol dediyimiz, yəni kirli meyvə-tərəvəzlərin istifadəsi, yuyulmamış, yaxşı təmizlənməmiş, eyni zamanda kirli sularla təmas sırasında insanlar yoluxa bilirlər.

Amma hepatit B və C daha çox qan vasitəsilə yoluxur. Həm də cinsi yolla da yoluxma mümkündür. Qanla, birbaşa qanın köçürülməsi, qanla təmasda olan alətin istifadəsi, ortaq iynə istifadəsi zamanı, xüsusilə dərman aludəçilərində bu daha çox rast gəlinir, yaxşı sterilizə olunmamış cərrahi alətin istifadəsi sırasında yoluxma mümkündür. Amma hepatit A və B üçün profilaktik olaraq peyvənd var. Hepatit C üçün peyvənd olmasa da, müalicəsi var. Hər bir xəstəliyin öz müalicəsi var. Yenə də, təbii ki, həkim nəzarəti altında, həkim müayinələrindən sonra hansı müalicənin, hansı formada aparılmasına qərar vermək lazımdır. Müalicə həm xəstəxana, həm də ev şəraitində aparıla bilər. O da xəstəliyin ağırlıq dərəcəsinə görə həkim tərəfindən qərar verilir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə