Keyfiyyətli yuxu insan sağlamlığına necə təsir edir?

Mərkəzi Gömrük Hospitalının nevroloqu Dr.Mənsumə Talıbova “Keyfiyyətli yuxu insan sağlamlığına necə təsir edir?” mövzusunda ətraflı məlumat verib. SİA xəbər verir ki, 15 mart Beynəlxalq Yuxu Günüdür. Yuxu insanı yorğunluqdan azad edir, ona enerji, təfəkkür aydınlığı, yaradıcı fəaliyyət imkanı verir, yuxu insanı ürək-damar xəstəliklərinin inkişafından qoruyur və piylənmə riskini azaldır.Yuxusuzluğa adi hal kimi baxmaq olmaz. Bu, ağır fəsadlara səbəb ola biləcək bir problemdir. Araşdırmalar göstərir ki, mütəmadi şəkildə 7-8 saatdan az yatmaq orqanizmdə ciddi xəstəliklərin yaranmasına səbəb olur.

Hər hansı səbəbdən yuxu məhdudiyyəti insanın psixi və fiziki sağlamlığına ciddi təsir göstərir. Hər bir insanın həyatında baş verən bir yuxusuz gecədən sonra yorğunluq yaranır, diqqətin cəmlənməsi azalır və fiziki fəaliyyətdə çətinliklər yaranır. Əgər 2-3 gecə yatmazsanız, hərəkətlərin koordinasiyası və görmənin fokuslanması pozulur. Sonradan əsəbilik, hərəkətlərin ləngliyi, anlaşılmaz nitq, hallüsinasiyalar və qəribə davranışlar meydana çıxır. İnsan nitqini davam etdirə bilmir, ətraf aləmə laqeyd olur, ən sadə məişət bacarıqlarını yerinə yetirməkdə çətinliklər çəkir. Bütün bunlar yalnız keyfiyyətli yuxunun orqanizm üçün son dərəcə zəruri olduğunu təsdiqləyir.

Müasir dövrümüzdə texnologiyaların inkişafı da yuxu pozğunluğuna səbəb olur, nəticədə ciddi xəstəliklərə yol açılır. Hazırda insanların həyat tərzi, iş rejimləri onların yuxu rejiminə çox təsir edir. Səslərin, işığın (küçələrin işıqlandırılması, müxtəlif elektron qurğuların: telefonların, noutbukların, planşetlərin, kompüterlərin ekranları) təsiri yuxunun müddətinin azalmasına kömək edir. İnsan daha çox narahatlqı hiss edir və keyfiyyətli yuxu ala bilmir. Daha çox bu özünü yuxuya getmə və gecə tez-tez oyanmalarda özünü göstərir. Bu zaman yuxu keyfiyyətini itirir və insan yorğunluqdan azad olmur, onda 2-3 sutka yuxu almamış insanın əlamətləri müşahidə olunur.

Yuxu ilk növbədə, orqanizm üçün istirahətdir. Yuxunun keyfiyyətcə və kəmiyyətcə çatışmazlığı insanın fiziki yorğunluğuna, baş ağrılarına və əsəbi olmasına gətirib çıxarır. Bəzən insanlar özlərini yorğun hiss etdikdə bunun yuxusuzluqla əlaqədar olduğunu düşünmürlər. Yuxu zamanı melatonin hormonu çox güclü bir antioksidant və sərbəst radikal təmizləyici rolunu oynayaraq beyni qoruyur, orqanizmdə zərərli xolesterolu azaldır, hüceyrə sistemini yeniləyərək immun sistemini gücləndirir.

Yuxunu lazımi qədər almayan insanlar şəkərli diabet, hipertoniya xəstəliyi, xərçəng xəstəliyi, astma və piylənmə riskinə məruz qalır. Eyni zamanda xroniki xəstəliklərə, viruslara qarşı orqanizmin müqaviməti azalır. Çünki yuxu zamanı neyromidiatorlar – xüsusi kimyəvi maddələr yaranır ki, bunlar orqanizmi düzgün, saat kimi işləməyə məcbur edir. Yaxşı yatan insanlar daha az xəstələnir.

Bir həkim kimi tövsiyə edərdim ki, sağlamlığımız üçün təhlükəli olan yuxusuzluğa yol açmamaqdan ötrü hər gün eyni vaxtda yatın, yatmazdan əvvəl kitab oxuyun, yoqa ilə məşğul olun, meditasiya edin, təmiz havada gəzin. Bunlardan hər biri sizin orqanizmi yuxuya hazırlayan siqnallardır. Daha az xəstələnmək və güclü immun sisteminə malik olmaq üçün düzgün yuxu rejiminə riayət olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə