Gözlər nə üçün yaşarır – Nə zaman təhlükəlidir? - MÜSAHİBƏ

Həkim Oftalmoloq Arzu Eyvazovanın SİA-ya müsahibəsini təqdim edirik:

- Müasir dövrdə tez-tez rast gəlinən göz xəstəlikləri hansılardır?

- Təbii ki, ən çox rast gəlinən yaşlılıqla əlaqəli katarakt xəstəliyidir. El arasında ona mirvari suyu da deyirlər. Bu xəstəlik həm anadangəlmə, həm də sonradan qazanılmış olur. Ən çox şəkərli diabet xəstələrində rast gəlinir. Gündəlik bizə müraciət edən pasientlər arasında rast gəlinən xəstəliklərdən biri də göz quruluğudur. Yəni, göz yaşı vəzisinin zəif ifrazatıdır. Bunun da əsas səbəbi, gün ərzində kompyuter, telefon qarşısında vaxt keçirmək və bir yerə baxmaqdır. Uzun müddət bir yerə baxdıqda göz yaşı vəzisi lazımi qədər göz yaşını ifraz edə bilmir.

- Göz xəstəliklənin artmasının ilkin səbəbləri kimi nələri göstərə bilərsiniz?

- Bildiyimiz kimi, dövrümüz kompyuter əsridir. İnsanların əksəriyyət hissəsinin işi kompyuterlədir. Saatlarla kompyuter və telefon qarşısında vaxt keçirmək təbii ki, göz zəifliyinə gətirib çıxarır. Bütün bunlar göz xəstəliklərinin yaranmasına şərait yaradır. Xüsusi ilə uşaqlarda, əsasən gündəlik vaxtını telefon və kompyuter qarşısında keçirən azyaşlıların gözlərində zəifliyin olması rast gəlinən haldır.

- Sizcə göz xəstəlikləri azyaşlılarda yoxsa yaşlılarda rast gəlinir?

- Dediyim kimi, uşaqlarda və yaşlılarda fərqli xəstəliklərə rast gəlinir. Uşaqlarda artıq 5-6 yaşlarında məktəbli miyopiyası yaranır, yəni uzağı görməkdə çətinlik çəkirlər. Yaxud həm uzağı, həm də yaxını görməkdə problemlər yaranır. Yaşlılarda göz xəstəliklərinin olması digər xəstəliklərlə paralel baş verir. Ürək problemi, qan dövranında, qan təzyiqində problem olan yaşlılarda ciddi şəkildə korluq və göz dibi qanamalarına rast gəlinir. Şəkər xəstələrindən əziyyət çəkən xəstələrdə də göz problemləri müşahidə olunur. Bütün bunların artmasının səbəbi isə vaxtında müalicə olunmamasıdır.

- Göz xəstəliklərinin qarşısının alınmasının ən sadə üsulları hansılardır?

- Sadə üsul olaraq ilk növbədə hər insan hər il göz müayinəsinə mütləq şəkildə getməlidir. Çünki yaş dövrü artdıqca insanın göz quruluşu dəyişir. Müəyyən yaşdan yaşlılığa doğru getdikdə isə yenə göz quruluşunda dəyişiklik hiss olunur. Gigiyenik qaydalara riayət etmək də göz üçün vacibdir. Yuxunun normal olması vacibdir. Bol su içmək lazımdır. Əsas odur ki, orqanizmin özü sağlam olsun.

- Bir həkim kimi valideynlərə məsləhətiniz nədir?

- Valideynlərə əsas məsləhətim odur ki, uşaqları körpə yaşlarından telefona öyrəşdirməsinlər, televiziya qarşısında çox vaxt keçirməklərinə şərait yaratmasınlar. Valideynlər uşaqları telefondan mütləq şəkildə uzaq tutmalıdırlar.

Nurcan İsmayılova

Bütün xəbərlər Facebook səhifəmizdə