Qadınlarda xərçəng hansı mərhələdə əməliyyat olunur, ya da olunmur?

TRT “Türkiyənin səsi” radiosunun oxucuları və TRT/Azerbaycan saytının qonağı onko-genekoloq Könül Mərdanovadır. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Sevda Mirzə (aparıcı): Salam, TRT “Türkiyənin səsi” radiosunun oxucuları və TRT/Azerbaycan saytının oxucuları. Bu gün insanları ən çox narahat edən və vaxtında qarşısını alaraq sağlam həyat tərzi sürmək istəyən qadınlara üz tuturuq. Qonağımız onko-genekoloq Könül Mərdanovadır.

Könül Mərdanova (onko-genekoloq): Çox sağ olun dəvətinizə görə. Maarifləndirmək, nədən qorunmaq lazımdır, onlar haqqında xanımlarımıza məlumatlarımızı çatdıraq.

Sevda Mirzə: Çox çətin bir sahədir onkologiya. Yanınıza xəstələr gəlir, bunlardan hansısı sağala bilər, hansısı yox, sual altındadır. Buna baxmayaraq, siz həkimlər sona qədər bütün mücadiləni verirsiniz. Qadınlarda daha çox hansı orqanlarda onkoloji problemlər yaranır? Gizli proseslər necə gedir? Əlamətlərlə insan özündə bu xəstəliyin olduğunu anlaya bilərmi?

\Könül Mərdanova: Onkologiya təəssüflər ki, müasir zamanda bütün dünyada geniş yayılmış patologiyadır, həm yayılmasına görə, həm ölüm statistikasına görə. Onkoloqların əsas missiyası odur ki, bu xəstəlikdən necə qorunmaq olar? Ağrıları hiss edərkən, hətta hiss etmədən də necə həkimə getmək lazımdır, onları çatdırmaq.

Qadın orqanizmində xərçəng hansı orqanlarda daha çox rast gəlinir? Birinci sırada süd vəzisi xərçəngidir. Dünya statistika rəqəmlərinə baxsaq, görürük ki, bu xəstələr 2 milyondan artıqdır. Qadın reproduktiv orqanlarından birinci yerdə uşaqlıq boynu xərçəngi gəlir. 600 mindən çox belə xəstə, 330 mindən çox ölüm sayı var. Bu, 2021-ci ilin statistikasıdır. Azərbaycanda da statikstik rəqəmlərə baxsaq, yenə birinci yerdə uşaqlıq boynu xərçəngidir. Məsələn, 2021-ci ildə Bakıda bizim Milli Onkologiya Mərkəzində olan statistikaya əsasən, 466-470 xəstədə uşaqlıq boynu xərçəngi qeydə alınıb, bunun 270-i il boyu rəhmətə gedib.

Mən həmişə deyirəm: süd vəzisi, uşaqlıq boynu asanlıqla müayinə oluna bilən orqanlardır. Hətta süd vəzisini qadınlar evdə özləri də asanlıqla müayinə edə bilərlər. Aybaşıdan və ya duş aldıqdan sonra süd vəzilərini vizual olaraq gözdən keçirmək lazımdır. Assimetriya – yəni bir-birindən fərqli süd vəziləri, gilədə dartılma, dəridə portağal qabığına bənzər bir əlamət görürlərsə, o zaman dərhal həkimə müraciət etmək lazımdır. Təbii ki, ən yaxşısı, bu vəziyyətə çatdırmadan həkimə gedilsin. Amma belə bir vəziyyəti görürlərsə də, bu, artıq bir siqnaldır. Mütləq həkimə müraciət etmək lazımdır. Əllərini boyunlarının arxasına qoymaq şərtilə 2 barmağı ilə saat əqrəbi istiqamətində süd vəziləri parpatol olaraq əllə yoxlanılmalıdır. Hətta hər hansı bərklik, törəmə, nahamarlıq görüldüyü halda yenə də müayinəyə getmək lazımdır.

\ Müayinə nədən ibarətdir? 35 yaşa qədər olan cavan qızlarımızda süd vəzisi ultrason müayinəsi, əllə baxış, 35 yaşdan yuxarı xanımlarda isə əlavə olaraq mamoqragiya müayinəsi aparılır. Bu, qızıl standartdır, hər iki müayinənin aparılması məcburidir.

Rutin müayinələr 6 aydan bir ultrason, ildə 1 dəfə isə mamoqrafiya, bunlar da standartdır. Amma hər ay, hər iki ayda bir özləri süd vəzilərinə baxa, əlləyə bilərlər. Çox vaxt regionlarımızda təsadüf olunur ki, açıq yara ilə müraciət edirlər. Axı, bu, görünən bir orqandır. Niyə yara səviyyəsinə çatdırmalıyıq? Azərbaycanda Milli Onkologiya Mərkəzində bu gün bu qədər avadanlığın, savadlı kadrların, ixtisaslaşmış həkimlərin, tibbi personalın olduğu bir yerdə çox təəssüflər olsun ki, gecikmiş vəziyyətdə gələnlər var.

Uşaqlıq boynu xərçəngi ilə bağlı deyim. 2022-ci ildə birinci, ikinci mərhələdə gələnlər 2021-ci ilin statistikasına görə 41-45 faiz artıb. Onkologiya Mərkəzinin səyləri nəticəsində regionlarda müayinələr aparır, uşaqlıq boynundan simir, HPV testlərini götürürük. Xanımların inamları artdıqca müayinəyə gəlirlər. Artıq maariflənir, oxuyur, düzgün həkim seçməyə başlayır və müraciət edirlər.

\ Uşaqlıq boynu xərçəngi ilkin dövrlərdə heç bir əlamət göstərmir. Vaxt keçdikcə özünü göstərməyə başlayır, kontakt qanamalar, uşaqlıq yolunda aybaşıdan kənar qanamalar, patoloji axıntıların olması, qarında, bel nahiyəsində ağrılar və s. ilə. Daha gecikmiş mərhələlərdə aşağı ətraflarda şişmə, böyrək nahiyəsində ağrılar, ümumiyyətlə qadının xarici görünüşündə dəri və selikli qişaların avazlaması, bax, belə əlamətlər ola bilir. Bunlar gecikmiş mərhələlərdir, amma ilkin mərhələlərdə heç bir simptom görünmür. Xanımdan tələb olunan yalnız genekoloji müayinəyə gedib, adi güzgülərlə baxdırıb 3 ildən bir tarama deyilən klinik, pap, 30 yaşdan yuxarı isə HPV testlərini etdirmələridir.

Artıq 80-ci illərdən bəri uşaqlıq boynu xərçəngini yaradan, təsdiqlənmiş bir faktor var: Human Papıllomavirus (HPV). Bu, artıq təsdiqlənib ki, uşaqlıq boynunda xərçəng yaradan bir virusdur. 99,7 faiz xəstələrdə bu virus pozitivdir. Ona görə bunu skrininq, tarama etməklə, aydınlaşdırmaqla o xəstəliyin qarşıını almaq olar. Ümumiyyətlə, uşaqlıq boynu xərçəngi qarşısı alına biləcək bir xərçəngdir. Yetər ki, Ümümdünya Səhiyyə Təşkilatının təqdim etdiyi skrininq proqramına görə, xanımlarımız kütləvi şəkildə istər süd vəzisi, istər uşaqlıq boynu üçün vaxtında xərçəng müayinəsinə getsinlər. Əsas düzgün yerlərə - yaxşı laboratoriyası olan yerlərə getmək lazımdır. Əks təqdirdə, testlər bəzən yanlış çıxa bilir.

Sevda Mirzə: İlkin diaqnoz çox vacibdir.

Könül Mərdanova: Uşaqlıq boynu xərçəngi minimum 15 il ərzində formalaşır. Bu gün hüceyrədə bir atipeya yarandısa, sabah xərçəng yaranmır, 10-15 il ərzində əmələ gəlir. Bu dövrdə - preinvaziv – xərçəng yönü dediyimiz dövrdə bu skrininq proqramına getsək, daha tez qarşısını almış olarıq.

45-50 yaş arası xanımlarımızda uşaqlıq boynu xərçəngi daha çox olur. Pik yaş aralığı odur. Dedik ki, HPV virusları uşaqlıq boynu xərçəngi və xərçəngyönü patologiyaları yaradan əsas virusdur. Bu virusların 2 pik yoluxma yaşı var: 20-25 yaş aralığı, 35-40 yaş arası. Bu 2 dövrdə daha çox gəlir qadın oqranizmi pik nöqtəsinə.

\ Dünyada heç bir qadın sığortalanmayıb ki, heç bir zaman virusa yaxalanmayacaq. Bəs hər bir qadında bu virus qalırmı? Qalıb xəstəlik törədirmi? Yoluxdumu, 80 faiz hallarda bu virus 1-2 il ərzində vücudun öz immun sistemi nəticəsində bədəndən xaric olur. Amma bədəndən çıxmadığı hallar da var ki, bu, xərçəng yaradır.

Human Papıllomavirusun 200-ə yaxın tipi vardır. Bunlardan yüksək onkoloji xəstəlik törədə bilən, ən çox qorxduğumuz 16 və 18-ci tiplərdir. Bu 2 tip qadınlarda olduğu zaman yapışıb qalır uşaqlıq boynunda və gələcəkdə xərçəng törədə bilir.

Sual yarana bilir ki, niyə bir qadında bu virus olur, birində yox? Risk faktorları mühüm rol oynayır. Tütün məhsullarından, siqaretdən istifadə qadınlar arasında da artıb. Passiv və aktiv tütün çəkməyi qeyd edəcəyəm. Siqaretin tüstüsündən belə uşaqlıq boynunda bu Human Papıllomavirusun bazal qatında zədələnmə riski artır. Alkoldan istifadə etmək, zərərli vərdişlərin olması, çox partnyorluq, uşaqlıq boynunda travmalar, erkən doğuşlar, erkən cinsi həyat, tez-tez aborta getmək - bunlar bədəndə qalmış virusların xəstəlik törətməsinə səbəb olur. Amma bu virus yoluxdumu, dərhal xəstəlik törətmir, prekanser vəziyyət yaradır, yəni yerləşir, yuva qurur, illərlə xərçəng yönü vəziyyət yaradır.

Xərçənyönü vəziyyətin yüngül, orta və ağır formaları var. Bu pillələrdən keçərək invaziv dediyimiz xərçəng gəlir. Biz onko-genekoloqların əsas missiyası budur ki, o zaman içərisində bu xəstəlikləri aşkarlayıb “xərçəng” sözünə yoluxmayaq, onunla rastlaşmayaq. Rastaşdıqsa da, yenə də düzgün araşdıraq, yəni qeyri-onkoloji profilli xəstəxanalar və yaxud qonum-qonşudan eşitdiyiniz metodlarla müalicə etmək düzgün deyil.

Sevda Mirzə: Bəzən deyirlər ki, qadınlarda xərçəng aşkar edildikdə uşaqlıq boynunun götürülməsi ilə bu problem aradan qalxa bilir. Doğrudurmu?

Könül Mərdanova: İstər süd vəzisi, istər uşaqlıq boynu, istər yumurtalıq, istər endometriya, istər mulva (xarici cinsiyyət) xərçəngi zamanı erkən müraciət etmiş xanımlarda sizin dediyiniz tam doğrudur.

Xarici cinsiyyət orqanında xərçəng də bir başqa mövzudur. Hətta əllə belə şişi (tümör) hiss etdiklərində həkimə getmək istəmirlər. Bu xəstəliklər əsasən 60 yaşdan yuxarı xanımlarda olur deyə evdəkilərə deməyə çəkinirlər, hansısa maz və kremlərdən istifadə edərək böyük problemlərə yol açırlar.

Ümumiyyətlə, xərçəngin üstünə erkən düşüləndə birinci mərhələdə cərrahi müdaxilə ilə bu problem həll olur və yaşamaq göstəricisi 95 faizdən yuxarı olur insanda.

Dördüncü mərhələyə gələndə uşaqlıq boynu xərçəngi ətraf orqanlara yayılır. Limfa düyünlərinin böyüməsi, uzaq metastazların olması, süd vəzisində şiş, sümüklərdə, ağciyərdə metastaz, bu vəziyyətdə əməliyyat etmək nə dərəcədə düzgündür? Biz birini götürsək də, digərlərini götürə bilmirik. O zaman kimyəvi terapiya olur. Saç tökülməsi, halsızlıq, ürək bulanma və s. kimi qorxduğumuz bu vəziyyətlə niyə gələk ki? Adi rutin müayinəsini edək ki, o vəziyyətə gətirib çatdırmayaq.

Uşaqlığın götürülməsi xəstə erkən gəldiyində ən doğru yoldur. Xəstə 3-cü mərhələdə müraciət edibsə, onu əməliyyat etmək olmaz. Üçüncü mərhələdə müraciət edibsə, artıq uşaqlıq boynundan kənara çıxmış şiş, limfa düyünlərində metastaz varsa, orda cərrahi əməliyyatın effekti olmayacaq. Yəni gecikərsə, əməliyyat etmirik, şüa-terapiya, radio-terapiya edirik ki, şişin ölçülərini yığırıq.

Çox zaman belə bir sualla rastlaşırıq: radioterapiyadan sonra əməliyyat etmək olarmı? Radioterapiya edilən xəstələr çox ümidsizliyə qapılmasınlar ki, mən gecikmişəm. Əməliyyata bərabər bir müalicə üsuludur radioterapiya. Yəni cərrahiyə əməliyyatı ilə şüa alma eyni proqnoza bərabərdir. Şüa almaqla 10-15 il artıq yaşayan xəstələrimiz var. Mən bunu işlədiyim Onkologiya Mərkəzindəki 16 illik təcrübəmə əsasən görüb deyirəm. Bu xəstəlikdən qorunmaq var, tam müalicə var, yetər ki, doğru yerə gedib düzgün müalicə alasan. Müayinə taktikası düzgün aparılmalıdır.

Sevda Mirzə: Bəzən xəstələrin özləri xəstələri dinləmirlər. Məsələn, bir yaxın rəfiqəm var idi, Allah rəhmət eləsin. İlkin müayinədə həkim ona yumurtalıqlarının əməliyyat yolu ilə götürülməsini təklif etdi, amma o razılaşmadı. Cavandı, ailə qurmaq, uşaq dünyaya gətirmək istəyi var idi.

Könül Mərdanova: Bu, bizim yaralı yerimizdir. Bəzən pasient müraciət edir. Əməliyyatlıq vəziyyətdə olur. Xəstəyə cərrahi əməliyyat məsləhət görürsən, “istəmirəm” deyir. Müəyyən müddətdən sonra gəlir, artıq özü cərrahi müdaxilə istəyir. Çünki xəstəlik onu çox incidir, cərrahi əməliyyata razılıq verəndə artıq əməliyyatlıq olmur. Və yaxud xəstəyə “səndə xərçəngdir, tez uşaqlığını çıxartdır, canın qurtarsın, şiş də çıxsın uşaqlıqla” demişlər. O da bu sözü beynində birinci yerdə yerləşdirərək gəlir, “mən illah əməliyyat olunmalıyam”, “qonşumda oldu, yaxşı oldu”, “filankəsdə oldu, yaxşı oldu” deyir, amma onda hələ əməliyyatlıq vəziyyət yoxdur.

Təbii ki, biz də istəyərik erkən mərhələdə gələsiniz, əməliyyatınızı da edək. Yenə təkrar edirəm: xərçəngə qədər gələsiz əslinə qalanda. Amma gələndən sonra əməliyyatlıq deyilsə, xahiş olunur, onkoloqlarınız nə deyirsə, onları edin. Çünki bu insanlar bu işin ustalarıdır. Biz keyfimiz istəyir deyə xəstəyə 2-ci, 3-cü mərhələ adını qoya bilmərik. Bunun xüsusi müayinə metodları var. Hər bir metoddan sonra mərhələndirilmə aparılır.

Xərçəng diaqnozu biopsiya ilə qoyulur. Bu analiz götürüldümü, xəstəlik təsdiqləndimi, daha sonra ağciyər, qan analizi, qaraciyər, böyrək, süd vəziləri kimi əlavə müayinələr istənilir.

Bir nüansı da qeyd etmək istəyirəm. Bəzən bizə xəstə müraciət edir süd vəzisi patologiyası ilə, deyirik ki, “genekologiyada yoxlanılmalıdır”. Deyir: “Niyə orada?” Deyirik: “Bu iki orqan bir-birilə əlaqəlidir. Əgər yumurtalıqlarda ifraz olunan qadının cinsiyyət hormonlarının təsirilə süd vəziləri inkişaf edirsə və qızlarda 13-14 yaşında ikincili süd vəziləri formalaşırsa, bu, o deməkdir ki, bu 2 oqranın bir-birilə əlaqəsi var.

Sevda Mirzə: Əslində burada təəccüblü bir şey yoxdur. Qadın dünyaya uşaq gətirir. Bu zaman süd vəzilərinin şəkli dəyişir, necə deyərlər, uşağın dünyaya gəlişi ilə yeməyi də gəlir. Ona görə bir qadının bunların bir-birilə əlaqəsi olub-olmadığını deməsi təəccüb doğurur.

Könül Mərdanova: Qadının həyatı boyu yaşamalı olduğu dövrlər var: aybaşı, hormonların formalaşması, süd vəzilərinin inkişafı. Ana olma zamanı yenə bunlar dəyişir. Bu zaman süd vəziləri övladına süd – yem vermək üçün formalaşır. Menapoz dövründə isə hormonlar sönür və ona uyğun olaraq süd vəsiləri dəyişir. Əgər bunların bir-birilə əlaqəsi olmasa, qadın ana da ola bilməz.

Qadının zahiri gözəlliklərindən olan süd vəzilərinin əsas funksiyası qadın ana olarkən uşağı əmizdirməsidir. Yumurtalıqlarda olan dəyişikliklər süd vəzilərində özünü büruzə verir.

Qadın disfunksiyası varsa, süd vəzilərini yoxlamaq lazımdır. O disfunksiyanı müalicə etmək üçün mütləq süd vəzisinin vəziyyətini bilmək lazımdır. Süd vəsizində hər hansı prekanser, yəni xərçəngə yol aça biləcək vəziyyət varsa, sənin düzgün istifadə etmədiyin hormonal dərmanlar onu böyüdəcək və sürətli inkişaf etməsinə gətirib çıxaracaq. Qadın orqanizmi xüsusi sistem halında çalışır. Hətta qalxanvarı vəzi, şəkər də yoxlanılmalıdır.

Niyə deyirik kök – piylənməsi olan xanımlarda onkoloji xəstəliklər çox olur? Niyə onları risk faktoruna daxil edirik? Niyə doğmamış qadınları risk qrupunda sayırıq? Niyə erkən aybaşı başlayıb gec menapoza girən xanımları risk qrupuna daxil edirik? Yenə genetik amilləri unutmayaq. Qadınıqsa, qız uşağı olaraq dünyaya gəlmişiksə, “məndə süd vəzisi xəstəliyi ola bilməz”, “yumurtalıq xərçəngi ola bilməz” cümlələrini işlətmək haqqımız yoxdur. Ana nəslində, genetikasında süd vəzisi, endometriya, yumurtalıq, kolon, atasında prostat xərçəngi olan xanımlarımız daha diqqətli olmalıdır. Çünki gen mutasiyaları var irsən keçən.

Sevda Mirzə: Onkoloji xəstələrin bir çoxu Türkiyəyə üz tutur.

Könül Mərdanova: Burada neqativ vəziyyətlə qarşılaşanda xarici ölkələrə getmək düşüncəsi yaranır xəstədə. Digər həkimə də getsə, bu, diaqnozu dəyişməyəcək. Türkiyəyə gedincə “səndə onkoloji yoxdur”mu deyirlər? Eyni diaqnozu deyirlər. Bakıda fəaliyyət göstərən Onkologiya Mərkəzinin imkanları sonsuzdur. Böyük miqyaslı konfranslarda iştirak edirik. 2022-ci ilin mart ayında Türkiyənin çox önəmli bir xəstəxanasına 2 həftəlik müşahidəçi kimi gəldim. Sağ olsunlar, məni yaxşı qarşıladılar.

Bizi izləyənlərə səslənirəm ki, onkologiya xəstəliklərinin müalicə taksitasında heç bir fərq yoxdur. Avadanlıqlarımız bir çox ölkədən yüksək səviyyədədir. Mütəxəssislərimiz də həmçinin. Onlar da Amerika protokolları üzərindən gedirlər, biz də. Dünya üzərində eyni xərçəng dərmanlarından istifadə olunur. Türkiyədə də belədir, Azərbaycanda da, yetər ki, doğru mərkəzə, doğru həkimə müraciət olunsun.

Sevda Mirzə: Məncə, hər hansı xəstəliyin tez yaxşı olmasının əsas səbəblərindən başlıcası onun ruhu ilə bağlıdır. Biz insan olaraq, xəstə olaraq birinci növbədə ruhumuzu qorumalıyıq ki, o xəstəliklə mübarizə apara bilək. Ruhumuzu təslim etsək, xəstəlik bizə qalib gələcək. Xəstəlikdən xali deyilik, əsas məsələ zamanında xəstəliyin üzərinə düşməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə