Salyan rayonunda şəhid ailəsinin evi yanaraq kül olub

Salyan rayonunda şəhid ailəsinin evi yanaraq kül olub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, hadisə Salyan rayonunun Sarvan kəndində baş verib. Həmin kəndin sakini, 48 yaşlı şəhid ailəsi Gülşən Davud qızı Abışovaya məxsus 2 otaqdan və 1 zaldan ibarət birmərtəbəli ev qəfil odlanıb. Yanğın baş verən zaman ailə üzvləri həyətdə olub. Alovun əhatə dairəsi daha da genişlənib.


Yanğını görən Gülşən Abışovanın qohumlarından biri dərhal Fövqəladə Hallar Hazirliyinin Salyan yanğından mühafizə hissəsinə məlumat verib. Hadisə yerinə 2 yanğınsöndürən maşın gəlib. Bir saata yaxın mübarizədən sonra yanğınsöndürənlərin səyi nəticəsində alovu ram etmək mümkün olub. Lakin buna baxmayaraq 2 otaqlı ev içindəki bütün əşyaları ilə yanaraq kül olub.


Qeyd edək ki, Gülşən şəhid Həsrəddin Abışovun həyat yoldaşıdır. 18 il bundan öncə ərini itirən Gülşən Abışova 2 azyaşlı ovadını əzab-əziyyətlə böyüdüb, ev-eşik sahibi etmişdi. İndi evləri yandığından şəhid ailəsi qonum-qonşularda gecələmək məcburiyyətində qalıb. Bütün var-dövlətini itirmiş şəhid ailəsi indi səlahiyyətli qrumladan onlara köməklik göstərilməsin gözləyir.


İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə