Qəbələdə 115 yaşlı seçici səs verəcək

116 saylı Qəbələ seçki dairəsində yaşı 100-dən yuxarı olan iki seçici iştirak edəcək. Onlardan ən böyüyü 115 yaşındadır. Bu barədə sechki-2018.az saytına dairə seçki komissiyasının sədri Ramiz Əsədov məlumat verib. O qeyd edib ki, seçki dairəsində 54 məntəqə fəaliyyət göstərir. Məntəqələr üzrə seçicilərin sayı 43 min 743 nəfərdir. Onlardan 1230 nəfəri ilk dəfə səs verəcək. 18 yaşında olan seçicilərin sayı 824 nəfər təşkil edir. Yaşı 80-100 arasında olan seçicilərin sayı isə 579 nəfərdir.

Prezident seçkilərinə hazırlıq prosesinin yüksək səviyyədə davam etdiyini deyən R. Əsədovun sözlərinə görə, seçki məntəqələrində 10 veb-kamera quraşdırılıb: “Məntəqələr seçkiyə tam hazır vəziyyətdədir. Məntəqələrin böyük əksəriyyəti orta məktəblərdə yerləşir. Məktəblərin də çoxu yeni tikili və yaxud əsaslı təmir olunmuş tədris binalarıdır. Bütün məntəqələr MSK tərəfindən lazımi texniki avadanlıqlarla təchiz edilib, rabitə və elektrik sistemi qaydaya salınıb. Səsvermə kabinələri, generatorlar, seyflər, təşviqat və məlumat lövhələri quraşdırılıb”.

Qeyd edək ki, 116 saylı Qəbələ seçki dairəsində seçkiləri izləmək üçün 546 müşahidəçi qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə