Cəza, yoxsa şagirdlərin idealının məhvi? - ARAŞDIRMA

İnsan tərbiyəsi ciddi işdir. Əbəs yerə təhsilə həm də təlim-tərbiyə demirlər. Təhsil hər cür - yaxşı və ya pis ola bilər. Tərbiyə insanı kamilliyə doğru yönəltmək, kamala doğru istiqamət verməkdir. Bu ciddi iş, şübhəsiz ki, ailədən başlayır. Yəni təməl ailədə qurulur. Əgər ailə yanlış bir iş görübsə, tərbiyəsində çaşqınlıq varsa, bu zaman şagirdi doğru yola yönəltmək mühitin, məktəbin işidir.

Əslində, məktəb indiki şəraitdə çox təhsil verə biləcək vəziyyətdə deyil. Yaxşını qorumaq, xeyirxahlıqla nümunə göstərmək fədakar müəllimin üzərinə düşür. Müdrik müəllim bilir ki, bu yolda nə qədər çox çalışsa, bir o qədər çox bəhrə alacaq.

Ən pis tələbə, bəlkə də heç bir yaxşı insanla qarşılaşmadığı üçün belədir. Bəlkə də onun yeganə çıxış yolu yaxşı bir müəllimdir. Müəllimin ona göstərəcəyi səbir, sabit duruş və şəfqət, bəlkə də onun mübarizə apardığı bataqlığa qədər uzanacağı bir budaq parçası olacaq. Hər kəsin təcrid olunduğu, aşağılandığı, üz döndərdiyi bir dünyada ona tapşırılan rolu oynamaqdan başqa çarəsi olmayan o balaca ürəyin bəlkə də yeganə sığınacağı yaxşı bir müəllimdir.

Mükəmməl müəllimlər tələbələri tərəfindən əbədi olaraq xatırlanır və hörmətlə anılır. Hər bir müəllim öz şagirdinin həyatına qalıcı təsir göstərir, lakin ən yaxşı müəllimlər şagirdlərini uğur yolunda ruhlandırmaqda davam edirlər. Uğurlu müəllimlərin malik olduğu ümumi xüsusiyyətlər bunlardır:

1. Maraqlı şəxsiyyət və tədris tərzi

İdeal müəllim şagirdlərdə maraq oyadır və mövzudan asılı olmayaraq onların diqqətini cəlb etmək qabiliyyətinə malikdir.

2. Dərsin məqsədini dəqiq müəyyən edə bilmək

İdeal müəllim hər dərs üçün aydın məqsəd qoyur və bütün dərslər boyu bu konkret məqsədlərə nail olmaq üçün çalışır.

3. Effektiv nizam-intizam bacarıqlarına sahib olun

İdeal müəllim effektiv nizam-intizam bacarıqlarına malikdir və sinifdə müsbət davranış və dəyişikliyə kömək edə bilər.

4. Sinif idarə etmə bacarıqlarına malik olmaq

İdeal müəllim güclü sinif idarəetmə bacarıqlarına malikdir. Bu, şagird davranışına müsbət təsir göstərə bilər, effektiv dərs vərdişləri qura və bütün sinifdə hörmət hissi yarada bilər.

5. Valideynlərlə yaxşı ünsiyyət

İdeal müəllim valideynlərlə açıq ünsiyyət saxlayır və kurrikuluma, nizam-intizam və s. mövzu ilə bağlı sinifdə baş verənlər barədə onlara daim məlumat verir. O, telefon zənglərinə, görüş sorğularına və elektron məktublara cavab vermək üçün vaxt yaratmağa çalışır.

6. Yüksək gözləntilər

İdeal müəllim şagirdlərindən böyük gözləntilər bəsləyir və daim onları əllərindən gələni etməyə təşviq edir.

7. Kurrikulum və standartlar haqqında biliyə malik olmaq

İdeal müəllim tədris planı və sinifdə yerinə yetirilməli olan digər standartlar haqqında hərtərəfli biliyə malikdir. Tədris üslubunun bu standartlara uyğun olmasına böyük diqqət yetirir

8. Kursun fənlərinin mənimsənilməsi

Bu açıq bir tələb olsa da, bəzən nəzərdən qaçırıla bilər. İdeal müəllim böyük həvəsə və tədris etdiyi fənn haqqında hərtərəfli biliyə malik olmalıdır. O, tələbələrdən gələn bütün sualları cavablandırmağa və müvafiq materialları maraqlı etməyə hazır olmalıdır.

9. Tədrisə ciddi yanaşma

İdeal müəllim uşaqlarla işləmək və öyrətmək həvəskarıdır. O, tələbələri ruhlandırmaqdan və onların həyatına təsir etməkdən çox həyəcanlanır.

10. Şagirdlərlə möhkəm münasibətlərin qurulması

Mükəmməl müəllim tələbələri ilə etibarlı ünsiyyət qurur.

Bəs, necə yaxşı şagird olmaq olar?

Elmə hörməti olan, gələcəkdə savadlı olmaq istəyən, yaxşı ideyaları ilə cəmiyyətdə yer tutmaq istəyən tələbələr ilk növbədə oxuduqları təhsil məkanına, müəllimlərinə hörmətlə yanaşmalıdırlar. Pis davranış və vərdişlərdən çəkinən yaxşı şagird, şübhəsiz ki, seviləcək və uğur qazanacaq. Yaxşı şagirdin başqaları tərəfindən yaxşı adlandırılması üçün o, aşağıdakı xüsusiyyətlərə malik olmalıdır.

- Yaxşı şagird xüsusiyyətləri arasında öyrənmə prioritet kimi qəbul edilməlidir.

- Səliqəli və nizamlı olmalıdır.

- Kitabına, biliyinə hörmət etməlidir.

- Çantası, otağı və istifadə etdiyi əşyalar düzgün, yerli-yerində olmalıdır.

- Yaxşı tələbə heç vaxt kitablarına cızma-qara etməməlidir.

- Yaxşı şagirdin həm də yaxşı yazı vərdişləri olmalıdır.

- Şagirdlərin yaxşı xüsusiyyətlərindən biri dəftərləri təmiz və cildli olmalıdır.

- Dərsə maraq göstərməlidir.

- Hər zaman qələm və dəftər gəzdirməkdir.

- Bu günün işini sabaha buraxmamalıdır.

- Daimi iş vərdişi olmalıdır.

- Təhsildə üsulları bilməlidir.

- İnformasiya əldə etmək üsullarından istifadə etməlidir.

-Öyrənməyə həvəsli olmalıdır.

- İçinə qapanıq olmamalıdır.

- Vaxtından çox yaxşı istifadə etməyi bacarmalıdır.

- Ətrafındakılara hörmətli olmalı, onları incitməməlidir.

- Ev tapşırığını hər gün etməlidir.

- Özünə vaxt ayırmalıdır.

- Sinif daxilində və xaricində xəbərdarlıqlara məruz qalmamalıdır.

SİA müəllim-şagird münasibətləri ilə bağlı araşdırma apararaq ekspert, sosioloq və psixoloqların fikirlərini öyrənib.

Təhsil eksperti Kamran Əsədov: “Şəxsiyyətin kamillik dərəcəsi, onun bu istiqamətdə formalaşması prosesi öz-özünə yaranmır. İnsanın mənəvi tərbiyəsi ailədə, məktəbəqədər tərbiyə müəssisələrində, məktəbdən başlayır, sonralar təhsilin yüksək pillələrində möhkəmləndirilir, daha sonralar isə özünütəkmilləşdirmə, ümummədəni səviyyəni artırmaqla davam edir, zənginləşir, mükəmməlləşir. Mənəvi kamilliyin belə yüksələn xətlə inkişafı prosesində məktəbin yeri və rolu böyükdür.

Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyev məktəbin mənəviyyatca təmiz, Vətən və xalq qədrini bilən, mədəniyyətini, milli adət-ənənələrini, tarixini, elmini dərindən öyrənən gənclər yetişdirmək vəzifəsini çox aydın və konkret şəkildə müəyyənləşdirərək deyirdi: “Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”.

Birmənalı şəkildə qeyd olunmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyinin, azadlığının mənası və məzmunu yetişən nəslin milli-mənəvi dəyərlərimizi dərindən mənimsəməsinə bağlıdır. Təsadüfi deyildir ki, dünya şöhrətli siyasi xadim, Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan gəncliyinin, hər bir ölkə vətəndaşının milli ruhda tərbiyə olunmasını, milli-mənəvi dəyərlərimiz əsasında formalaşmasını bütün mənalı həyatı boyu diqqət mərkəzində saxlamış, bu istiqamətdə dövlət strukturları, tərbiyəçilik təsisatları və institutları, təhsil işçiləri qarşısında böyük və məsuliyyətli vəzifələr qoymuşdur. Ümummilli Liderimiz Azərbaycan Respublikası Gənclərinin Birinci forumundakı “Müstəqil Azərbaycanın gələcəyi gənclərdir” proqram sənədli nitqində göstərirdi ki, “Gənclərimizin qarşısında duran əsas vəzifələrdən biri mənəvi tərbiyə məsələsidir. Bilirsiniz, indi maddi çətinlik, maddi ehtiyaclar, şübhəsiz ki, cəmiyyətdə cürbəcür mənfi halların meydana gəlməsinə gətirib çıxarır. Ancaq gənclərimiz də bilməlidirlər ki, vətəndaşlarımız da bilməlidirlər ki, bu dövrün müvəqqəti çətinliklərinə dözmək lazımdır, mənəvi tərbiyəni daim aparmaq lazımdır və gənclərimizi yüksək mənəviyyat ruhunda tərbiyələndirmək lazımdır. Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir. Nə qədər var-dövlət olsa da, nə qədər pul olsa da, nə qədər zənginlik olsa da, mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz...”.

Məlum olduğu kimi, insanın yüksək mənəvi keyfiyyətləri onun fəaliyyəti prosesində daha müvəffəqiyyətlə formalaşır. Məktəbli üçün fəaliyyətin əsas növü isə təlimdir.

Görkəmli pedaqoq V.A.Suxomlinski də mənəvi, ideya-əxlaqi və intizam tərbiyəsində fənlərin tədrisinin böyük imkanlara malik olduğunu göstərərək yazırdı ki, təlim, konkret olaraq dərs, hər şeyi bilmək və əxlaqi əqidə məşəlini yandıran qığılcımdır. Təlim prosesində əqli əmək tərbiyəsi böyük əhəmiyyətə malikdir. Bu zaman uşaqlar dünyanı dərk etməklə, həm də özlərini dərk etmiş olurlar. Bilik əldə etməklə “Təbiətin və cəmiyyətin qanunauyğunluqlarını dərk edərək yeniyetmə möhkəm qənaətə gəlməlidir ki, o təkcə nə isə yeni bir şey öyrəndiyi üçün deyil, ümumiyyətlə daha ağıllı olduğu üçün irəliyə addım atır. Biliklərə yiyələnmək həvəsi olmadan tam qiymətli mənəvi həyat, deməli həm də əmək həyatı, yaradıcı həyat yoxdur”.

Bütün bunlar hər bir pedaqoq-müəllimdən təlimin tərbiyəedici və inkişafetdirici funksiyasını rəhbər tutmaqla yanaşı, gənc nəslin daxili mənəvi inkişafının qayğısına qalmağı da tələb edir. Müəllim keçdiyi fənnin və mövzunun xüsusiyyətlərindən asılı olaraq ümumbəşər və milli əxlaqın hansı ideya və keyfiyyətlərini aşılayacağını əvvəlcədən bilməlidir.

Bu gün “Həyatın astanasında” dayanan yuxarı sinif şagirdlərinə aşılanması zəruri olan mənəvi anlayışlar içərisində onların mənəvi dünyagörüşünün formalaşdırılması xüsusi yer tutur. Bu isə tələb edir ki, ümumtəhsil məktəbi bu yaşda usaqları XXI əsrin ən qabaqcıl ideyaları ilə silahlandırsın, yeni elmi-texniki biliklərə yiyələnmiş, gələcək həyat nailiyyətlərində, istehsalatda həmişə yeni, daha səmərəli yollar axtarsın, milli mənlik şüurunu daim inkişaf etdirərək özünü xalqın layiqli övladı olmağa yüksək səy və əzmlə hazırlaya bilsin. Bu mühüm işdə şagirdlərdə elmi dünyagörüşünün, mənəvi əqidənin formalaşmasında təbiət və riyaziyyat fənlərinin tədrisi mühüm rol oynayır”.

"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova: “İnsanı yetişdirən, formalaşdıran ilk ocaq ailədən sonra məktəb mühitidir. Bu gün təhsilin ən mühüm tələblərindən biri də cəmiyyət üçün vətəndaş yetişdirməkdir. Bu baxımdan da şagirdin təkcə təhsili deyil, həm də düzgün tərbiyəsi müəllimin ən mühüm vəzifələrindən biridir. Müəllim şagirdi bir şəxsiyyət kimi görməlidir. Çünki hər bir uşağın fərdi xarakterik xüsusiyyəti var və müəllim də ona uyğun davranmalı, öz pedaqoji metodlarından istifadə edərək şagirdləri ilə xoş, isti münasibət yaratmalı, onları düzgün şəkildə maarifləndirməlidir. Bu prosesə valideynləri də cəlb etməlidir. Valideynlə məktəb arasında vahid tərbiyəvi mühit yaratmağı bacaran müəllim, əslində, şagirdlərin düzgün tərbiyə olunmasında böyük irəliləyiş əldə etmiş olur”.

Psixoloq Fidan Nizamova: “Öncə anlamaq lazımdır ki, istər böyüklərin, istərsə də uşaqların özlərini qəribə aparmağı nədənsə xəbər verir. Qeyri-adekvat davranışlar, aqressiya və şiddət şagirdin emosional və ya psixoloji durumunun gərginliyindən irəli gələbilər.

Burada vaacib olar detallar var. Məsələn: şagirdin davranışı bir emosional prosesdir, yoxsa tərbiyə problemidir? Bəzən uşaqlar cəmiyyətdə davranış və özünü aparma etikasını ailədən yiyələnmirlər, loru dil ilə desək, "evdə görmürlər" mədəniyyət və etika barədə məlumatsız olurlar. Bu halda valideynlər ilə maksimum səmimi və ciddi bu barədə danışmaq lazımdır amma nəzərə almaq lazımdır ki, əgər valideyn bu şikayətləri önəmsəmir və öz davranışında da eyni nöqsanlara yol verirsə, uşağın davranışlarında dəyişməyəcək.

İkinci hal: hal- hazırda uşağın ailədə ya təhsildə öz güvən ilə bağlı problemləri, ciddi stress, diqqətsizlik,sevgisilik və ya depressiya yaşamasın nəticəsi olur. Belə ki, həmin uşaqlar özlərini qeyri-adekvat apararaq "məni gör", "varlığımın fərqinə var" kimi şüarlar ötürürlər. Yəni özlərinə diqqət cəlb etməyə çalışırlar ki, bunu bilərəkdən yox şüuraltı olaraq edirlər. Belə olan halda həm uşaq, həm valideyn psixoloq və ya təcrübəli pedaqoq ilə görüşməlidir. Çünki uşağın ciddiyə almadığı pis hərəkətlər ciddi fiziki zərər, nüfuza xələl gətirən və ya maddi zərər verən sonuncular ilə bitə bilər. Heç bir müəllim və valideyn uşağın qeyri-adekvat hərəkətini boş verməməlidir. Nadinclik, ya hiperaktivlik, ya tərbiyəsizlik ya da stresin nəticəsi ola bilər. Nadinclik xasiyyət kimi qiymətləndirilməlidir. Unutmayın, uşaq bilərəkdən zərər verirsə, bizə nə isə demək istəyir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...