Universitetlər və məktəblər yenidən bağlanır? - TƏHSİL EKSPERTLƏRİ AÇIQLADI - SORĞU

"Hal-hazırda COVİD-19-un "Omicron" ştammı sürətlə yayılır. Ölkəmizdə bu ştamm aşkarlanmasa da, hal-hazırda koronavirusa yoluxma faktları var". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, hal-hazırda müvafiq olaraq həm mövsümi xəstəlik, eyni zamanda, soyuqlama məktəblərdə daha geniş vüsət alıb. Bir sinifdə təhsil alan 20-25 şagird varsa, onun təxminən 6-7 nəfəri dərslərdə iştirak edə bilmir. Koronavirusa yolxuma faktları da bunun üzərinə gəldikdə, bir qədər davamiyyətə təsir etmiş olur. Bununla bağlı lokal qapadılmalar həyata keçirilr. Hansısa bir sinifdə yoluxma faktı varsa, həmin sinif qapadılır və karantinə alınır. Əgər kütləvi yoluxma faktı varsa, tam məktəb qapadılır. Karantindən sonra isə dərslər orada əyani şəkildə, yəni ənənəvi qaydada bərpa olunur".

Elçin Əfəndi sözlərinə belə davam edib: "Düşünmürəm ki, biz ümumi təhsilin qapadılmasına gedək. Çünki artıq elə bir qorxulu fakt da yoxdur. Hal-hazırdakı yoluxma faktları əvvəllə nisbətdə azalıb. Eyni zamanda, kifayət qədər vaksinasiya olunmuş vətəndaşlarımız var. Ona görə də ümumtəhsil müəssisələrinin qapadılacağını düşünmürəm. Nəzərinizə çatdırım ki, bayram tətili olacaq ki, bu da yoluxma hallarının qarşısını almağa imkan verəcək. Ondan sonrakı dövrdə əgər yoluöma faktları yüksək həddə olarsa, əlbəttə, o zaman müəyyən addımlar atıla bilər".

Təhsil eksperti Kamran Əsədov isə məsələyə bu cür münasibət bildirib: "İlk növbədə, qeyd edim ki, hal-hazırda ölkənin 4432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır və 22-29 sentyabrdan dərslər bərpa olunduqdan sonra mütəmadi olaraq yoluxma baş verən məktəblər məsafədən təhsilə keçdi.

Hal-hazırda artıq qış mövsümü yaxınlaşır və mövsümi olaraq digər xəstəliklər də artıq müşahidə olunmağa başlayıb. Amma bu, tədris prosesinə heç bir təsir göstərməyəcək. Nəzərə alsaq ki, artıq ölkədə bizim orta ümumtəhsil məktəblərimizdə çalışan 150 min müəllimin böyük əksəriyyəti, hətta 3-cü doza vaksin vurdurubdur. Artıq bütün insanlar pandemiya dövründə yaşamaq qaydalarına, vərdişlərinə yiyələniblər və təbii ki, yoluxma sayı stabildir. Bunun əsas səbəbi təhsil müəssisələrinin açıq olmağıdır.

Ümumilikdə təhsil prosesində 250 min işçi və burda nəzərə alsaq, 300 minə yaxın tələbə və digər heyət var. Bu rəqəmlərin hər biri onu deməyə əsas verir ki, hər gün iki milyondan çox insan yoxlanılır. Əgər məktəblərdə dərslər dayansa, bu insanlar hər hansı bir yerdə yoxlamaya cəlb edilməyəcəklər. Ona görə də təhsil müəssisələri açıq olmalıdır ki, insanlar hər hansı bir məkanda yoxlanılsınlar. Hal-hazırda məktəblərin çox az bir qismində qapanma var və bu da kütləvi deyil.

Son bağlanan məktəb 36 nömrəli məktəb idi və orda yoluxma halları müşahidə edilmişdir. Qeyd edim ki, pandemiya dövründə yalnız yoluxma müşahidə edilən məktəblərdə dərslər 14 gün distanta keçəcək. Ümumilikdə, tədris prosesinin distant formaya keçməsi gözlənilmir və bu da effektiv deyil. Çünki şagirdlərin heç də hamısının kompyuteri, planşeti, telefonu, internetə çıxış imkanı yoxdur. Eyni zamanda, bütün fənlərin məsafədən tədrisi keyfiyyətli olmur, yəni, texniki və təbiət fənlərinin fizika, kimya, riyaziyyat, biologiya kimi fənnləri biz məsafədən keyfiyyətli təhsilini təşkil edə bilmirik. İnternetin sürəti aşağıdır və bütün bu amilləri nəzərə alaraq hesab edirəm ki, həm də yoluxma sayı da təhlükəli rəqəm deyil, bu dəqiqə rəqəmlər stabildir. Bütün bunlar təbii ki, yoluxmaların sayının artmayacağına və bizim də yenidən qapanmalara getməyəcəyimizi deməyə əsas verir. Yəni, bizim məktəblərin bağlanması gözlənilmir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə