Təhsillə bağlı hazırlanan yeni Dövlət Proqramı hökumətə təqdim ediləcək

Hazırda "Məktəb şəbəkəsinin rasionallaşdırılması" layihəsindən irəli gələn mühüm işlər həyata keçirilir. Bu barədə SİA-ya açıqlamasında Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov məlumat verib. O bildirib ki, bu il eksperiment şəklində Ucar rayonunun 4 kənd məktəbində rasionallaşdırma planı həyata keçiriləcək. İlin sonunda nəticələri müzakirə edəcəklərini deyən şöbə müdiri vurğulayıb ki, uğurları və ya uğursuzluqları öyrəndikdən sonra bu planlar ölkənin digər regionlarında da həyata keçiriləcək.

"Bütün bölgələrdə şagird kontingenti az olduğu üçün birləşdirməyə ehtiyacı olan məktəblər var. Biz bütün bölgələr üzrə belə məktəbləri müəyyən etmişik. Burada ilk növbədə eyni bir yaşayış məntəqəsində fəaliyyət göstərən və şagirdlərin sayı az olan məktəblərin daha çox sayda və şəraitli məktəblərə göndərilməsindən söhbət gedir. Digər tərəfdən isə azsaylı məktəblərin açılması prosesi dayandırılır ki, artıq bundan sonra belə məktəblər açılmayacaq. Biz də öz növbəmizdə gələcəkdə mərhələ-mərhələ az kontingentli, müəllim problemi olan məktəblərin olmamasına çalışacağıq. Bakı şəhəridə belə məktəblər yoxdur, bunlara ancaq regionlarda təsadüf edilir", - deyə o əlavə edib.

F.Qədirov qeyd edib ki, nazirlik "Məktəb şəbəkəsinin rasionallaşdırılması" ilə əlaqədar Dövlət Proqramı hazırlamağı düşünür. Onun sözlərinə görə, hazırda bununla bağlı işlər görülür. O vurğulayıb ki, nazirlik bu dövlət proqramını bir neçə aya hökumətə təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə