Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılma zərurəti MÜSAHİBƏ

Bir müddət əvvəl Prezident İlham Əliyev Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Bəs bu qurum hansı zəruri səbələrdən yaradıldı? Yaradılan yeni qurumun uzun illərdir ki, diqqətdən kənarda qalan peşə təhsilinə gənclərin marağını artıra biləcəkmi? Hansı yeniliklər gözlənilir?

Bütün bunlar barədə təhsil üzrə ekspert Kamran Əsədovla söhbətləşdik. SİA həmin müsahibəni təqdim edir:

- Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Bu agentliyin yaradılmasını zəruri edən nə idi?

Azərbaycan iqtisadiyyatı ildən-ilə güclənir. Yeni-yeni müəssisələr, zavod və fabriklər yaranır, turizm sahəsi genişlənir, kənd təssərrüfatı, tikinti sektoru sürətlə inkişaf edir. Bütün bunlar ixtisaslı fəhlə kadrların yetişdirilməsinə də diqqəti artırmağı tələb edir. Beləliklə, ölkədə ali və orta ixtisas təhsili ilə yanaşı, peşə təhsilinin də inkişafı zərurəti yaranır. İlk peşə-ixtisas təhsilinin əsas məqsədi geniş dünyagörüşünə malik, təşəbbüsləri, yenilikləri qiymətləndirməyi bacaran, nəzəri biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaqdır. Azərbaycan təhsilinin bu sahədə böyük uğurları var. Xüsusilə müstəqillik illərində ölkədə ilk peşə təhsili sahəsində mühüm uğurlar qazanılmışdır. Bu sahədə cənab Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramı peşə təhsilinin inkişafına güclü stimul vermişdir.

Bununla yanaşı, Azərbaycan Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" və həmin Strategiya ilə bağlı cənab Prezidentin bu yaxınlarda imzaladığı yeni sərəncamı ilə təsdiq olunmuş Fəaliyyət Planında ilk peşə-ixtisas təhsili sahəsində cəmiyyətin tələblərinə uyğun standartların və kurikulumlarının hazırlanması, müasir təminatlı peşə tədris mərkəzlərinin və komplekslərinin yaradılması nəzərdə tutulmuş və konkret inkişaf istiqamətləri müəyyənləşdirilmişdir.

- Bəs dünya ölkələrində bu sahənin vəziyyəti necədir?

Dünya ölkələrinin bir çoxunda peşə təhsilinə xüsusi önəm verilir. Belə ki, əmək bazarının ixtisaslı işçi qüvvəsi ilə təmin edilməsi, ölkənin rəqabət qabiliyyətliliyinin artırılmasına və əhalinin gəlir səviyyəsinin yüksəldilməsinə xidmət edir. Avropanın bir çox ölkəsində, o cümlədən Almaniya, Avstriya, Norveç, İsveç, İsveçrə, Finlandiya, Fransa və İngiltərədə peşə təhsili sistemi çox inkişaf edib. Bundan əlavə, Cənubi Koreya, Yaponiya, Avstraliya, Türkiyə və Sinqapur kimi ölkələrin peşə təhsili sistemi də öz səviyyəsinə görə fərqlənir. Azərbaycanda isə peşə təhsilinə olan maraq istənilən səviyyədə deyil. Qeyd edək ki, hazırda ölkəmizdə 114 texniki-peşə təhsili müəssisəsi var. Onlardan 7-si ölkəmizin işğal olunmuş rayonlarının payına düşdüyü üçün hazırda 107 texniki-peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Fəaliyyətdə olan texniki-peşə təhsili müəssisələrinin 47-si peşə liseyi və 60-ı isə peşə məktəbidir. Bunların da 4-ü Naxçıvan Muxtar Respublikasının, 35-i Bakı şəhərinin, 68-i isə respublikanın digər şəhər və rayonlarının payına düşür. Texniki-peşə təhsili müəssisələrinin hazırkı fəaliyyətinə, şəraitinə nəzər saldıqda görürük ki, Azərbaycan təhsilinin, bəlkə də ən yaralı yeri məhz peşə təhsili sahəsidir. Belə ki, bazar iqtisadiyyatının tələblərinə müvafiq, rəqabətə davamlı ixtisaslı fəhlə kadrlarının hazırlanması üçün texniki-peşə təhsili müəssisələrinin əksəriyyətinin maddi-texniki bazası günün tələblərinə cavab vermir. Peşə məktəbi və peşə liseylərinə tədrisin əyani və təlimin texniki vasitələri, yeni nəsil kompüterlər, müasir konstruksiyalı dəzgahlar, maşın-mexanizm və cihazlar ayrılmır. Aparılan araşdırmalar göstərir ki, sözügedən təhsil müəssisələrinə şagirdlərin də marağı azdır.

- İndiyə qədər bu sahə ilə bağlı olaraq Təhsil Nazirliyinin beynəlxalq təcrübə əsasında hansısa addımları olubmu?

Beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi mühüm nailiyyət kimi qeyd olunmalıdır. Koreya hökuməti ilə birgə müasir tipli peşə tədris mərkəzinin yaradılması ilə bağlı Kredit Sazişinin imzalanmasını, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Roqaland Təlim və Təhsil Mərkəzi Fondu arasında "Azərbaycanda peşə təhsili və təliminin inkişafı və gücləndirilməsi istiqamətində Əməkdaşlıq Memorandumu"nun imzalanmasını bu sahədə əhəmiyyətli uğur hesab etmək olar. Layihənin prioritet sahələri peşə təlimi üzrə işləyən müəllim və rəhbər heyətin bacarıqlarının artırılması, PTT təlimində məzmunun yenilənməsi, kurikulumların hazırlanması və təkmilləşdirilməsidir.

- Bəs peşə məktəbləri məzunlarının işlə təmin olunması ilə bağlı vəziyyət necədir? Hansı addımlar atılıb?

Məzunların işlə təmin ediməsi ilə bağlı Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirləri xüsusilə vurğulamaq lazımdır. Bu sahədə müxtəlif qurumlarla əlaqələr yaradılmışdır. Nazirliklə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında 2014-cü ilin oktyabrın 30-da Anlaşma Memorandumunun imzalanması bu sahədə atılmış mühüm addım kimi qiymətləndirilməlidir.. Memorandum təhsil müəssisələri ilə biznes strukturları arasında əlaqələrin genişləndirilməsini, təhsil müəssisələrinin idarə edilməsi və tədris prosesinin təşkilində biznes strukturlarının rolunun artmasını, məzunların işlə təminatına dəstək verilməsini və s. məsələləri əhatə edir. Təhsil Nazirliyinin iri işəgötürən təşkilatlarla əməkdaşlığı genişləndirmək istiqamətində atdığı addımlardan biri də 2014-cü ilin noyabrın 4-də "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyəti ilə Əməkdaşlıq Memorandumunun imzalanması olmuşdur. Söz yox ki, bu əməkdaşlıq respublikamızda son zamanlar sürətlə inkişaf edən metallurgiya sahəsi üzrə ixtisaslı kadrlara olan tələbatın ödənilməsinə, həmçinin, bu sahə üzrə kadr hazırlığı səviyyəsinin yüksəlməsinə köməklik göstərəcəkdir.

"Müasir Azərbaycan Peşəkarları" layihəsi artıq həyata keçirilməkdədir. Həmin layihə çərçivəsində görülən işlər ötən il də davam etdirilmiş, ilk peşə ixtisas müəssisələrində bəzi yeni ixtisaslar üzrə siniflər yaradılmışdır. Məsələn, 14 nömrəli Bakı Peşə Liseyinin bazasında "mühafizəçi" ixtisası üzrə kadr hazırlığına başlanılmışdır.

İşəgötürən təşkilatlarla əlaqələrin genişlənməsi məzunların işlə təmin edilməsi səviyyəsinə də müsbət təsir göstərir. Belə ki, hazırda bir sıra yerli və beynəlxalq şirkətlərdə işləyən peşə təhsili müəssisələrinin məzunlarının sayı artmaqdadır. Bu isə öz növbəsində peşə təhsilinə münasibətin dəyişməsinə, marağın artmasına səbəb ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə