Mikayıl Cabbarov 2014-2015-ci dərs ilinin yeniliklərini açıqlayıb

"15 sentyabr - Bilik Günü ən geniş qeyd olunan, hamının bayram kimi keçirdiyi günlərdən biridir. Bu münasibətlə bir daha bütün xalqımızı, xüsusilə də məktəbə ilk dəfə qədəm qoyan uşaqları təbrik edirəm. Ötən il olduğu kimi, bu il də ümumtəhsil məktəblərində ilk dərs vətənpərvərlik mövzusuna, Vətənimizə həsr olunacaq. Ölkəmizin yeni cəmiyyət quruculuğunda vacib məsələlərdən biri gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və dünyagörüşünün daim genişləndirilməsidir". SİA-nın xəbərinə görə, bu fikirləri yap.org.az saytına müsahibəsində təhsil naziri Mikayıl Cabbarov 2014-2015-ci dərs ilinin yeniliklərlərindən danışarkən deyib.

Nazirin sözlərinə görə, 2014-2015-ci tədris ilini həm valideynlər, həm müəllimlər, həm də təhsilalanlar üçün əhəmiyyətli dərəcədə zəngin və maraqlı yeniliklərlə zəngin olacaq: "Təhsil sahəsində keyfiyyət dəyişiklikləri yaratmaq üçün ilk növbədə hazırlıq işlərini yüksək səviyyədə apardıq və bundan sonra bütün sahələrdə tədricən dəyişikliklərə başladıq. Yeniliklər nədən ibarətdir. Şübhəsiz, ilk növbədə orta təhsil diqqət mərkəzindədir. Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, biz təhsilalanlar üçün maksimum münbit şərait yaratmağa başlamışıq. Bu, yaxşı müəllim, qüsursuz dərslik və düzgün tədris prosesi deməkdir. Müəllim nüfuzunun qaldırılması üçün "Müəllimlərin etik davranış qaydaları" qəbul olundu. Yeni qaydalara uyğun olaraq, müəllimlər fəaliyyətə başlamazdan əvvəl "müəllim andı" içirlər. Bununla müəllimlər təhsil müəssisələrində sağlam münasibətlərin formalaşmasına, vətəndaşların onlara etimadının artmasına məsuliyyət daşıdıqlarını öhdələrinə götürürlər. Andın imzalanmış mətni müəllimin şəxsi işində saxlanır. Nəzərə alsaq ki, müəllim gənc nəslin formalaşmasında, onların mədəni inkişaf prosesində birbaşa iştirak edir, onda nüfuzlu, ziyalı təbiətli müəllimin ölkəmizin gələcəyində nə qədər böyük rol oynadığı aydın olar".

"Digər tərəfdən müəllimlərin işə qəbulunda, yerdəyişməsində də neqativ hallar aradan qaldırılıb. Artıq müəllimlər yeni qaydalara uyğun olaraq, müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq olunmaqla işə qəbul olunur. Vakansiyalar elan edilir, əvvəlcə yerlərini dəyişmək istəyən müəllimlərin müraciətlərinə baxılır, müsahibə əsasında onların istəyi yerinə yetirilir, daha sonra yeni müəllim fəaliyyətinə başlamaq istəyənlər üçün imtahanlar keçirilir. Bütün bunlar tam elektron qaydada, subyektiv müdaxilələr olmadan baş verir. Müəllim imtahan verib qurtaran kimi öz nəticəsini bilir və buna əsasən vakant yeri tutub-tutmadığını dərhal müəyyənləşdirir"- deyə, Mikayıl Cabbarov fikirlərinə əlavə edib.

Nazir onu da qeyd edib ki, bu il direktor olmaq istəyən gənc, enerjili kadrlar üçün xüsusi təlimlər təşkil edilib, müasir menecment prinsipləri tədris edilib: "Artıq 14 məktəbə yeni direktorlar təyin olunub. Bu proses davam edəcək. Biz işləyən müəllimlərin savad və tədris bacarıqlarını artırmağı da qarşımıza məqsəd qoymuşuq. Bunun üçün ilk növbədə onların mövcud imkanlarını öyrənməliydik. Beləliklə, biz Bakı şəhəri üzrə müəllimlərin sınaq qiymətləndirilməsini keçirdik, paytaxtdakı müəllim heyətimizin real imkanlarını müəyyənləşdirdik. Sınaq qiymətləndirmənin nəticələri təhlil edilir və müəllimlərin əmək fəaliyyətinin optimallaşdırılması üzrə müvafiq təkliflər hazırlanır. Nəticələr müəllim hazırlığı proqramlarına da təsir edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə