Magistraturaya qəbul olmaq istəyən bakalavrların ixtisas seçimi başlayır
Sabahdan etibarən magistraturaya qəbul imtahanlarının birinci mərhələsindən uğurla keçən bakalavrlar elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını və ixtisaslaşmaları seçib təsdiq etməlidirlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, elektron ərizələrin təsdiqlənməsi prosesi iyulun 15-dək davam edəcək.
Onun sözlərinə görə, proqram və ixtisaslaşmaları seçib təsdiq edən bakalavrlar iyunun 23-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. Qəbul imtahanının ikinci mərhələsinin iyunun 26-da Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcəyini deyən mətbuat katibi vurğulayıb ki, burada bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanılır.
"Qəbul elanına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına 20 fevral tarixində keçirilən qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılır və proqram seçimində iştirak edirlər. Magistraturaya qəbul zamanı seçiləcək proqramların siyahısı "Magistr" jurnalının 3-cü sayında dərc olunub. Artıq komissiyası tərəfindən "Magistr" jurnalının 4-cü sayı nəşr olunaraq bakalavrların istifadəsinə verilib. Jurnalda 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi, proqram və ixtisaslaşma seçimi haqqında elan, "Bakalavrın elektron ərizəsi"ndə qəbul proqramının seçilməsi və təsdiqi üçün təlimat, qəbul proqramının seçimi üçün "Bakalavrın elektron ərizəsi" formasının nümunəsi, qəbul aparılan ixtisaslaşmalar, magistratura səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozuna dair materiallar öz əksini tapıb", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə