İbtidai siniflərdə (3-4-cü siniflərdə) Riyaziyyatı ixtisaslaşmış müəllim tədris etməlidir! - MƏQALƏ

İbtidai siniflərdə (3-4-cü siniflərdə) Riyaziyyatı ixtisaslaşmış müəllim tədris etməlidir! - MƏQALƏ

Son günlər ibtidai siniflərlə bağlı paylaşdığım video ətrafında geniş müzakirələr başlayıb. Hətta əziz dostumuz, təhsil mütəxəssisi Məzahir Məmmədli də bu mövzuda açıqlama verib. Görünür, fikrim ya düzgün anlaşılmayıb, ya da mən onu kifayət qədər aydın ifadə edə bilməmişəm. Buna görə mövqeyimi bir daha izah etmək istəyirəm.

Mən həmin videoda ibtidai sinif müəllimlərinin savadsız olduğunu deməmişəm və belə bir fikir söyləmək niyyətim də olmayıb. Əksinə, ibtidai sinif müəlliminin uşağın gələcəyinin formalaşmasında son dərəcə mühüm rol oynadığını düşünürəm. İbtidai sinif müəllimi yalnız Azərbaycan dili və riyaziyyat öyrətmir; o, uşağın düşüncə tərzini, öyrənməyə münasibətini, maraqlarını və ilkin dünyagörüşünü də formalaşdırır.

Mənim əsas fikrim başqadır: üçüncü və ya ən geci dördüncü sinifdən etibarən bəzi əsas fənlərin ixtisaslaşmış müəllimlər tərəfindən tədris olunması daha səmərəli ola bilər.

Uzun illər məktəbdə dərs demişəm. İbtidai sinfi başa vuraraq mənim sinfimə gələn şagirdləri müşahidə etmişəm. Riyaziyyata xüsusi marağı və bacarığı olan müəllimin sinfindən gələn uşaqların böyük hissəsində riyazi düşüncənin daha güclü olduğunu görmüşəm. Humanitar istiqamətə meyilli müəllimin yetişdirdiyi şagirdlərdə isə dilə, mətnə, oxuya və digər humanitar sahələrə maraq daha çox olurdu.

Bu, müəllimin savadlı və ya savadsız olması məsələsi deyil. Söhbət müəllimin fərdi meylindən, güclü olduğu sahədən və həmin meylin şagirdlərə təsirindən gedir. Bir müəllimin bütün fənlərə eyni dərəcədə maraq göstərməsi və onları eyni səviyyədə tədris etməsi həmişə mümkün olmur. İstər-istəməz onun daha güclü olduğu sahə önə çıxır, digər fənlər isə müəyyən qədər arxa planda qala bilir.

Ona görə təklif edirəm ki, üçüncü və ya dördüncü sinifdən başlayaraq riyaziyyat, Azərbaycan dili və digər əsas fənlər üzrə müəyyən ixtisaslaşma tətbiq olunsun. Məsələn, bir müəllim bir sinifdə Azərbaycan dilini, başqa bir sinifdə isə riyaziyyatı tədris edə bilər. Yaxud riyaziyyata xüsusi hazırlığı olan ibtidai sinif müəllimləri bir neçə sinifdə məhz həmin fənni keçə bilərlər.

Belə olduqda hər müəllim daha güclü olduğu sahədə fəaliyyət göstərər, şagird də həmin fənni daha peşəkar və məqsədyönlü şəkildə öyrənər. Burada məqsəd uşağı müxtəlif müəllimlər arasında parçalamaq deyil, onun hər fənn üzrə daha keyfiyyətli təhsil almasını təmin etməkdir.

Biz Hədəf Liseyində artıq bir neçə ildir ki, üçüncü və dördüncü siniflərdə bu modelin müəyyən elementlərini tətbiq edirik. İbtidai yaş dövrünün psixologiyasını və təlim metodikasını bilən riyaziyyat müəllimi dərs dedikdə nəticələrin daha uğurlu olduğunu müşahidə edirik. Burada vacib məsələ odur ki, dərs deyən müəllim yalnız fənni bilməsin, eyni zamanda ibtidai yaşlı uşaqlarla işləməyin metodikasına da yiyələnmiş olsun.

Sertifikasiya nəticələri, müəllimlərin peşəkar hazırlığı və özünü təkmilləşdirməsi isə başqa bir mövzudur. Əlbəttə, bütün sahələrdə olduğu kimi, müəllimlər arasında da peşəsini yüksək səviyyədə bilənlər və öz üzərində kifayət qədər işləməyənlər var. Sertifikasiya prosesi bir çox müəllimi yenidən oxumağa, biliklərini artırmağa və özünü təkmilləşdirməyə sövq etdi. Tələblərə cavab verməyənlərin sistemdən uzaqlaşdırılması da ayrıca müzakirə edilə bilər.

Amma mənim söylədiyim fikir bununla bağlı deyil. Mən demirəm ki, ibtidai sinif müəllimləri riyaziyyatı bilmir və ya Azərbaycan dilini zəif bilir. Mən deyirəm ki, müəllimin hər iki istiqaməti eyni gücdə və eyni həvəslə aparması həmişə mümkün olmur.

Bu yanaşmanı yalnız ibtidai siniflərə aid etmirəm. Azərbaycan dili ilə ədəbiyyatın, cəbrlə həndəsənin eyni müəllim tərəfindən tədris olunması məsələsi də müzakirəyə açıqdır. Fənlərarası inteqrasiya vacibdir, lakin inteqrasiya bütün fənlərin mütləq bir müəllim tərəfindən tədris edilməsi demək deyil. Əksinə, fərqli müəllimlərin əməkdaşlığı və düzgün qurulmuş əlaqəsi fənlərarası inteqrasiyanı daha sağlam şəkildə təmin edə bilər.

Bir daha vurğulayıram: məqsəd ibtidai sinif müəllimlərini ittiham etmək deyil. Məqsəd uşağın qabiliyyətini, marağını və gələcək inkişafını daha düzgün istiqamətləndirən tədris modelini müzakirəyə çıxarmaqdır. Mənim fikrimcə, üçüncü və ya dördüncü sinifdən başlayaraq əsas fənlər üzrə mərhələli ixtisaslaşma həm müəllim, həm də şagird üçün daha faydalı nəticələr verə bilər.

Şəmil Sadiq, Hədəf Şirkətlər Qrupunun qurucusu

Bütün xəbərlər Facebook səhifəmizdə